Bəzi ölkələr Şuşanı Azərbaycan hesab etmirlər-Nəsimi Məmmədli


ATƏT-in Minsk Qrupu həmsədrlərinin Şuşaya getməkdən imtina etmələri siyasi mövqedir. Ölkə ictimaiyyətinin nümayəndəsi kimi onların bu addımını qınayır, Cənubi Qafqazda sülhün bərqərar olmasına əngəl törədən bir davranış olduğunu ifadə edirəm.
Aydın görünür ki onlar Azərbaycanın “Dağlıq Qarabağ” məsələsini biryolluq qapatmaq istəyinə birgə diplomatik müqavimət göstərirlər. Danışıqlar prosesini öncəki format və prinsiplərlə davam etdirməyə çalışırlar. Dağlıq Qarabağda yaşayan ermənilərə ümid vermək, Ermənistanı Azərbaycana qarşı öz iddialarında həvəsləndirmək niyyətindədirlər.
Bu il aprelin 13-də ATƏT-in MQ həmsədrləri birgə bəyanat imzalamışdı. Bəyanatda açıq şəkildə münaqişənin davam etdiyinə işarə vurulurdu. Hətta “tərəflərə yaxşı məlum olan elementlər və prinsiplər əsasında yekun hərtərəfli və sabit nizamlanmaya nail olunmasına xüsusi diqqət yetirilməlidir” çağırışı var idi.
Eyni zamanda həmsədrlər “tərəfləri həmsədrlərin himayəsi altında yüksək səviyyəli siyasi dialoqu mümkün qədər tez bərpa etməyə, qeyd-şərtsiz tərəflərin prioritetlərini əks etdirən gündəliyə birgə baxmağa və razılaşdırmağa çağırırdı.
Diplomatik korpusun nümayəndələri dəfələrlə Azərbaycanın işğaldan azad edilən rayonlarına- Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama tərəddüdsüz səfər ediblər. Amma görünür onlar Şuşanı Azərbaycanın ərazisi saymadıqlarının mesajını verirlər. Bu addım Azərbaycana qarşı həmsədr dövlətlərin ABŞ, Fransa və Rusiyanın birgə təzyiqidir. Beynəlxalq hüquqa zidd və regionda sülhün bərpasına qarşı yönəlmiş siyasi gedişdir.
Azərbaycan yubanmadan Gəncəyə, Bərdəyə atılmış ballistik raketklərlə dinc insanların öldürülməsini beynəlxalq məhkəməyə çıxarmalıdır. Azərbaycanın rayonlarının tamamilə dağıdılması və yüz milyardlarla ziyana görə Ermənistana təzminat davası açmalıdır. Xocalı qətliamının təşkilatçılarının və təqsirkarlarının beynəlxalq hərbi tribunala verilməsinə maksimum diplomatik səy göstərməlidir. Dini-mədəni, tarixi abidələrimizin dağıdılması ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etməlidir. Ermənistana qarşı bütün mümkün diplomatik-siyasi vasitələrlə təzyiq göstərməlidir.
ATƏT-in Minsk qrupu danışıqlar prosesinə qayıtmaq istəyirsə, Azərbaycan iqtidarı məhz bu məsələlərin həllini onlardan tələb etməlidir. İqtidar bu məsələlərdə cəmiyyətlə açıq davranmalı və dəstəyini əldə edərək inamlı diplomatik siyasət yürütməlidir.
Siam.az
Tarix: 11-07-2021, 22:50
Xəbəri paylaş





Xəbər lenti