Aclıq virusdan daha çox insan öldürür: Bəs niyə bundan heç kəs danışmır? - ETİRAZ


Aclıq virusdan daha çox insan öldürür: Bəs niyə bundan heç kəs danışmır? - ETİRAZ

Şimali Amerikanın və dünyanın şəxsiyyətinin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarmanın sözlərinə görə, hələ də dünyada aclıqdan ölənlər varsa, əslində ölən insanlar deyil, insanlıqdır. Pandemiyaya görə sərhədlərin bağlanması, küçəyə çıxmaq qadağaları və səyahət məhdudiyyətləri onsuz da çətin vəziyyətdə olan ölkələrdə tədarük zəncirlərini pozub və gəlirlərin azalmasına səbəb olub. Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Oxfam” beynəlxalq yardım təşkilatının "Aclıq Virusu Yüksəlir" adlı hesabatını açıqlayıb. Hesabatda deyilir ki, münaqişə aclığın əsas səbəbidir. Pandemiya isə 2020-ci ildən bəri altı dəfəyədək artıma səbəb olub, yarım milyondan çox insanı aclığa sürükləyib.
Dünyada aclıq və az qidalanmadan dəqiqədə 11 nəfər ölür. Bu isə COVID-19-dan ölüm səviyyəsindən yüksəkdir. Koronavirusdan dəqiqədə 7 nəfər dünyasını dəyişir. Hazırda dünyada 155 milyon nəfərin ərzaq təhlükəsizliyi ilə bağlı böhran həddində yaşadığı bildirilir.
Bu, ötən ildəkindən 20 milyon çoxdur. Bu adamların hər üçündən ikisi ölkəsində müharibə, yaxud münaqişə getdiyi üçün ac gəzir. Hesabatda koronavirus pandemiyasının, eləcə də iqlim böhranının səbəb olduğu iqtisadi sarsıntıların təsirindən də söz açılır. On milyonlarla insan aclığa sürüklənib. Kütləvi işsizlik, ərzaq istehsalının pozulması isə dünyada ərzağın qiymətini 40 faiz artırıb ki, bu isə on ildə ən böyük artım deməkdir.
Oxfam Amerikanın Prezidenti Ebbi Maksman deyir ki, müharibə tərəfləri pandemiya ilə mübarizə aparmaqdansa, bir-birləri ilə savaşıb, çox vaxt hava fəlakətləri və iqtisadi sarsıntılar altında əzilənlərə son zərbəni vurub. Amma pandemiyaya baxmayaraq, qlobal hərbi xərclər 51 milyard dollar artıb.
Bu, aclığı dayandırmaq üçün BMT-yə gərəkən məbləğdən azı altı dəfə çoxdur. Hesabatda “ən pis aclıq ocaqları” sadalanır. Bu sıraya Əfqanıstan, Efiopiya, Cənubi Sudan, Suriya və Yəmən daxildir. Təşkilat dövlətləri münaqişələri dayandırmağa, yardım agentliklərinin münaqişə zonalarında işləməsinə şərait yaratmağa səsləyib. BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktoru Devid Beasley dünya miqyasında humanitar yardım almaq imkanı olmayan 41 milyon insanın aclıq riski altında olduğunu bildirib. Beasley Ümumdünya Ərzaq Proqramının iclasında 4 ölkədə qıtlığa bənzər şərtlərin olduğunu və dünyada 41 milyon insanın aclıqdan əziyyət çəkə biləcəyini bildirib: "Bu arada, 41 milyon insan sözün əsl mənasında aclıq təhlükəsilə qarşı-qarşıyadır. Rəqəmlərə baxsanız, bu, sadəcə faciədir, bunlar həqiqi adları olan gerçək insanlardır. Son dərəcə narahatam".
Ümumdünya Ərzaq Proqramının 2020-ci il məlumatları 43 ölkədə təxminən 41 milyon insanın qıtlıq təhlükəsi ilə qarşı-qarşıya olduğunu ortaya qoyub. Bu məlumatlar münaqişə, iqlim dəyişikliyi və iqtisadi çətinliklərin aclığı artırarkən, əsas ərzaq qiymətləri üzərində təzyiq yaratdığını göstərmişdir. Məlumatlar artan qida qiymətlərinin Livan, Nigeriya, Sudan, Venesuela və Zimbabve kimi ölkələrdə qida təhlükəsizliyini də artırdığını ortaya qoyub. Ümumdünya Ərzaq Proqramı bu il qıtlıq riski altında olan 139 milyon insana çatmağı hədəfləyir. Efiopiya, Madagaskar, Cənubi Sudan və Yəməndə 584.000 insan onsuz da qıtlıq şəraitində yaşayır. Ümumdünya Ərzaq Proqramı məlumatları da Nigeriya və Burkina Fasodakı vəziyyətin narahatlıw doğurduğunu göstərir.
Varlı ölkələrin sakinlərinin zibilə atdığı bütün yeyilə bilən ərzaq məhsullarını toplasaq Afrikanın aclıqdan əziyyət çəkən bütün insanlarını doyurmaq olar. İnsanların aclıqdan əziyyət çəkməsinin digər bir səbəbi isə məhsulların qiymətinin daim artmasıdır. 2010-2011-ci illərdə ərzaq məhsullarının qiymətinin qalxması 70 milyona yaxın insanı aclığa sürükləmişdi. Ciddi fiziki yük daşımayan sağlam insan heç bir zərəri olmadan 40 gün qidasız qala bilər. Ancaq görünən odur ki, bu ölkələrdə insanların ac qaldığı müddət bundan dəfələrlə artıqdır.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünya aclıqdan, susuzluqdan, pis qidalanmadan ölənlərə görə hay-küy salmır, kampaniya aparmır, dünya KİV-ləri bunu gündən etmir:

“Ədalət bumu?! Aclıqdan ən çox əziyyət çəkən ölkələr Əfqanıstan, Efiopiya, Cənubi Sudan, Suriya, Yəmən, Banqladeş, Myanmar və Şimali Koreyadır. Orda yaşayanlar insan deyil?! Haqları yoxdur?! Hə, aydındır, toplum zəifdir deyə normal idarəetmə sistemləri qurulmayan ölkələrdir, amma bu məsələdə onlara yardım etməkdənsə acından öldürməkmi lazımdır?!”
Cebhe.info-ya danışan iqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, insanın firavan həyatının qurulması beynəlxalq məsələ olmalıdır:

“Dünyanı idarə edən böyük güclər də artıq bunu bilir ki, indiki dünyanı idarə etmə modeli dəyişməlidir. Belə bir prinsip var ki, hər bir dövlət öz vətəndaşına cavabdehdir. İnkişaf etmiş dövlətlər vətəndaşları üçün firavan həyat qurur, geridə qalmış ölkələr isə bunu bacarmır. Onların bunu bacarmamasının səbəbi dünyanın lider ölkələridir. Bilirsiniz ki, 3-cü dövlət ölkələri adlanan dövlətlərin daxilində gedən prosesləri “Böyük 8-lik”, “Böyük 20-lik” müxtəlif vasitələrlə idarə edə bilir. Həmin o ölkələrdə vətəndaşların firavan həyatının təmin edə bilməməsində dünyanın lider dövlətlərin günahı var. Hesab edirəm ki, dünyanın idarə edilməsində vətəndaşın rifahına, dolanmasına cavabdehlik prinsipi aradan qalxmalıdır. İnsanın firavan həyatının qurulması beynəlxalq məsələ olmalıdır. Necə ki, insanların öz müqəddaratını təyin eləməsi və toxunulmazlığı beynəlxalq hüquqdursa, beynəlxalq qaydada da tanınmalıdır. Dünyanın idarə etmə modeli bu prinsipə uyğun qurulmalıdır”.
Tarix: 12-07-2021, 22:51
Xəbəri paylaş





Xəbər lenti