Vilayət Eyvazovdan blogerlərə çağırış – Təhlükə xəbərdarlığı


Vilayət Eyvazovdan blogerlərə çağırış –       Təhlükə xəbərdarlığı
Ölkədə təhlükəli bir tendensiya yaşanır, problemə qarşı mübarizədə hər kəs “əlini daşın altına” qoymalıdır
 
Azərbaycanda qanunsuz narkotik dövriyyəsinin həcmi ildən-ilə artır. Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən bildirildiyi kimi, bunu daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazov 9 iyul tarixində cinayətkarlıqla mübarizə və təhlükəsizliyin təmin edilməsi sahəsində altı aylıq fəaliyyətin nəticələrinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiyada deyib.
 
Əslində, ilk dəfə olaraq Azərbaycan rəsmiləri bu faktı etiraf edirlər. Ekspertlər isə ölkədə narkomaniyanın artdığını və ona qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini davamlı olaraq bildirirlər. Görünür, Azərbaycanda narkotiklərlə bağlı vəziyyət milli fəlakətin miqyası alır ki, naziri bu məqam barədə həyacan təbili çalır.
 
Alınan məlumatlara görə, bu ilin 6 ayı ərzində təkcə DİN xətti ilə 1 ton 843 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb (keçən ilin eyni dövrü ilə müqayisədə 776 kiloqram çox). Yayılma miqyasını anlamaq üçün Nazirliyin 2020-ci il üçün statistikasını təqdim edirik.
 
Göstərilən müddətdə daxili işlər orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 5041 cinayət aşkarlanıb – bu, əvvəlki ilə nisbətən 965 fakt çoxdur. Aşkar edilmiş ümumi qanun pozuntularının 1.738-i narkoticarətlə əlaqədardır (2019-cu ilə nisbətən 459 fakt çox).
 
Ümumiyyətlə, keçən il polis tərəfindən qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb. Güclü təsirli dərmanların (tiryək və heroin) həcmi 839 kiloqramdır. 131 cinayətkar qrup zərərsizləşdirilib. Saxlanılanların yüzdə 40-ı əvvəllər məhkum olunmuş şəxslərdir.
 
Yəni, bu ilin altı ayında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ötən ilin bütün dövrü ərzində aşkarlandığı qədər narkotik dövriyyədən çıxarılıb. Bu, çox narahatedici bir siqnaldır.
 
V.Eyvazov son illərdə narkotiklərlə mübarizə sahəsində görülən müsbət tədbirləri qeyd edib və eyni zamanda, vətəndaşlara müraciət edərək, ölkədə narkotik aludəçiliyinin artmasının açıq bir fakt olduğunu, respublikaya narkotik idxal cəhdlərinin getdikcə artdığını bildirib. O, belə bir vəziyyətdə gənclərin əksəriyyətinin haqlı olaraq Azərbaycan ictimaiyyətini narahat edən bu mənfi prosesə cəlb olunma riskinin artdığını söyləyib.
 
Nazir bu problemlə bağlı mediada yer alan tənqidi şərhləri və sosial şəbəkələrdəki müzakirələri təbii bir hal kimi qəbul etdiyini və hər bir vətəndaşın mövqeyinə hörmət etdiyini, təhlükəni aradan qaldırmaq üçün hər cür səy göstərməyimizin vacibliyini vurğulayıb. Üstəlik, vətəndaşlardan alınan və sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, polis narkotik ticarəti ilə məşğul olan şəxsləri müəyyənləşdirmək üçün bir sıra işləri uğurla həyata keçirib.
 
Nazir blogerlərə müraciət edərək, onları daha aktiv olmağa və “Narkotiklərə yox” devizi altında fəaliyyə göstərməyə çağırıb.
 
Bu arada, bugünlərdə “Facebook”un Azərbaycan seqmentində, sözün əsl mənasında müxtəlif növ narkotik vasitələrin açıq satışı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, narkotik alverçiləri 30 dəqiqə ərzində Azərbaycanın istənilən nöqtəsinə malların çatdırılacağına söz verirlər ki, bu da qurulmuş bir kuryer çatdırılması idarəetmə sistemindən xəbər verir.
 
Ənənəvi narkotiklərlə yanaşı, cinayətkar şəbəkə müxtəlif çeşidli vasitələr da təklif edir: “Pati-pills”, “kokos” (kokain) və hətta “buz” (Azərbaycan dilində “şüşə” deyilən kristal metamfetamin) var.
 
“Instagram” bu cür səhifələrlə doludur və Azərbaycan gəncləri bu səhifələrin daimi izləyiciləridir. Qeyd edək ki, sintetik dərmanlar gənclər arasında çox populyardır. 

“Pati-pills” (əyləncə həbləri) ekstazi kimi təsir göstərir. Onu ümumiyyətlə, rəqs meydançalarında satırdılar ki, “pati-pills” adı da oradan gəlib. Həblər coşğun bir sevincə səbəb olur. Tabletlərin tərkibində baytarlıqda qurdlardan qurtulmaq üçün istifadə olunan güclü bir vasitə olan “piperazin” var. 2016-cı ildə Azərbaycanda təsdiqlənmiş güclü dərmanlar siyahısında “piperazin” olan yalnız bir dərman tapdıq – yuxusuzluğa qarşı “Zopiclone” dərmanı.
 
Son illərdə Azərbaycanda daha bir təhlükəli tendensiya müşahidə olunmağa başladı - psixotrop maddələrin köməyi ilə arıqlamaq. Bundan əlavə, mütəxəssislər qeyd edirlər ki, ölkədəki apteklərdə təklif olunan kilo itkisi üçün populyar pəhriz əlavələrinin laboratoriya tədqiqatını aparırsınızsa, bir çoxunda amfetamin törəməsi olan və narkotik asılılığına səbəb olan “sibutramin” tapa bilərsiniz.
 
Narkotik satıcıları üçün heç bir prinsip və dəyər yoxdur. Bu gün azyaşlı oğlan və qızlara məhsullar təklif edirlər. Bu şər “Domokl qılıncı” kimi gənclərin başının üstünə asılıb. Buna görə valideynlər övladlarına qarşı son dərəcə diqqətli olmalıdırlar.
 
Uşağın internetdə kimlərlə ünsiyyət qurduğunu və hansı saytlara daxil olduğunu izləmək çox çətindir. Bununla birlikdə, yalnız nəzarət, mənəvi tərbiyə və uşaqla davamlı ünsiyyət bu problemdən uzaq qalmağa kömək edəcək.
 
Narkotik ticarəti latent bir cinayətdir. Narkomaniyanın və respublikada “ağ ölüm”ün yayılmasının həqiqi miqyasını təsəvvür etmək çətindir. Ancaq Daxili İşlər Nazirliyinin son altı ayda verdiyi rəsmi məlumatlar da bizə bu bəlanın nə qədər yaxınlaşdığını anlamaq üçün kifayət edir.
Tarix: 14-07-2021, 23:38
Xəbəri paylaş





Xəbər lenti