Normal dövlətlərdə belə şeylər olmur




İctimai fəal Bəxtiyar Hacıyev
Prezidentin 2019-cu il sərəncamı ilə Azərbaycanda ilk dəfə “Yüksəliş” adlı müsabiqə keçirildi. Məqsəd intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi idi. 2 il sonra bu günlərdə müsabiqənin finalı oldu, 12000-ə yaxın istedadlı, bacarıqlı gəncdən 27 qalib müəyyənləşdi. Hər gəncə öz planlarını reallaşdırmaq üçün 20 000 manat mükafat veriləcək.
Qaliblərdən 1-ci, 2-4 və 27-ci şəxslər SOCAR-da çalışırlarmış. Biri Almaniyada bakalavr və magistr pilləsini oxuyub, digəri Böyük Britaniyada təhsilini fərqlənmə ilə bitirib. Bütün iştirakçıları, qalibləri, o cümlədən SOCAR ailəsi üzvlərini təbrik edirəm. Bura qədər hər şey normaldır.
Anormal olan isə bu qədər istedadlı gənclərin (tək Yüksəlişdə olanlar yox, onlardan başqa da təkcə SOCARda çalışan minlərlə bacarıqlı, təhsilli, istedadlı gənclər var) çalışdıqları quruma Rövnəq Abdullayevin rəhbərlik etməsidir.
Bu istedadlı gənclər təkcə 2020-ci ildə 1.7 milyard manat zərər edən SOCAR prezidenti Rövnəq Abdullayevin oğlunun İbizada əlindən alınan bircə saatının qiyməti qədər maaş ala bilməkləri üçün təxminən 25-35 il dayanmadan işləməlidirlər.
İstedadlı insanlar illərlə belə müsabiqələrlə, “perspektiv var, səbrli ol, bir az burada işlə, irəli çəkəcəyik səni” yolavermələri ilə gəncliklərini xərcləyirlər, amma məsələn, kiminsə kürəkəni toydan bir ay sonra Agentlik rəhbəri olur, digərinin tələbə yoldaşı nazir təyin olunur, bu dərhal hansısa Fonda rəhbər olur, biri kiminsə qızı ilə rəfiqə olur, dərhal kritik posta təyin olunur və belə müsabiqələrdə mentorluq edirlər.
İstedadlı gənclər illərlə minimal maaşla dövlət aparatının bütün məsuliyyətli, ağır işlərini öz çiyinlərinə götürürlər, gecə-gündüz çalışırlar, amma hansısa dövlət məmurunun övladı onların 35 ildə alacağı maaşı bir saata verib, İbizada itirir.
Normal dövlətlərdə belə şeylər olmur. Dəyişməliyik. Qohumluğa, dost-tanışa əsaslanan yox, istedada, bacarığa qiymət verilən bir sistem qurulmalıdır.
Tarix: 17-07-2021, 08:57
Xəbəri paylaş





Xəbər lenti