Deputat “Bahalı nömrə satışından əldə olunan pullar dövlətə getsə belə, korrupsiya olacaq”



“Bizim vətəndaşlarımız şöhrətpərəstdir. Hər kəsin bir pulsuz avtomobil qeydiyyat nişanı almaq imkanı var. Nömrə şöhrətpərəstliyi nə deməkdir? Bir avtomobil nömrəsinə külli miqdarda pul ödəyənlər var. Bu, xəstəlikdir, bunu edənlər də xəstədirlər. Şöhrətpərəstlik niyə biznesə çevrilməsin? Hər sahədə belədir, müştəri özünü yekəxana aparanda, düşünürlər ki, elə onu soymaq lazımdır”.
 
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa avtomobil nömrələrinin qanunsuz satışı ilə bağlı danışarkən deyib.

O, vətəndaşların bu prosesə şərait yaratdığını bildirib:

“Xüsusi nömrələr üçün ödənilən məbləğ dövlət büdcəsinə deyil, başqa-başqa adamların cibinə gedirsə, bunu araşdırmaq lazımdır. Amma biz həm də nömrə üçün külli miqdarda pul ödəyən vətəndaşlarımızı islah etməliyik. Bu, artıq şeydir, görməmişlikdir. Bu, cəmiyyətin problemidir. Mədəni səviyyə aşağı olanda, insanlar belə şeylərlə özlərini göstərməyə çalışanda, prosesi tənzimləmək olmur. Bahalı nömrə satışından əldə olunan pullar dövlətə getsə belə, korrupsiya olacaq. Bakı Nəqliyyat Agentliyinin əldə etdiyi məbləğ dövlətə keçir, guya bu, vətəndaşın xeyrinədir? Bu qurum hər gün minlərlə mənasız cərimə yazır, bu, oğurluq deyil ki?! Məbləğin hara getməsindən asılı olmayaraq, o pul vətəndaşdan çıxırsa, vətəndaş yoxsullaşmır? 



Məsələ pulun hara getməsində deyil, vətəndaşı kasıblaşdıracaq mexanizmin qabağını almaq lazımdır. Dövlətin hesabına keçən pulda da korrupsiyanın izləri olur. BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? 
Yaxud ucuz parkinq yaratmamısansa, niyə cərimə yazmalısan? Yəni bu kimi məsələlərdə vətəndaşın dirənişi olmalıdır. Düşünməlidir ki, qonşu onun nömrəsi haqda danışacaq deyə niyə nömrə üçün əlavə pul vermək nəyə lazımdır? İnsana ağlına görə qiymət verirlər. Narkoman da bahalı maşın sürə, nömrə ala bilər, nə olsun? Onda deyəcəklər ki, bu insan şəxsiyyətli adamdır? 

Yəni əslində cəmiyyəti xəstə düşüncəsindən istifadə edib soyurlar. Dinsizin öhdəsindən imansız gələr məsəli kimi. Həmin məbləğ dövlət büdcəsinə getsə, yenə soyulan vətəndaş olacaq. Biz vətəndaşı soyan, kasıblaşdıran mexanizmin qarşısını almalıyıq. Şöhrətpərəst insanın soyulması labüddür və buna heç kim mane ola bilməz. Kim yekəxanadır, qoy elə soyulsun. Düşünsün ki, bir nömrəyə görə o qədər pul verməyə nə ehtiyac var?”.
Tarix: 7-08-2021, 22:24
Xəbəri paylaş





Xəbər lenti