İdman dövləti adı sabun köpüyü kimi partladı



Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Olimpiya Oyunlarında qızıl medal qazanmamaq faciə deyil. Israil kimi dünyaya elm, texnologiya, intellekt ixrac edən ölkə Tokio 2020-də tarixinin II və III qızıl medalını qazandı. Niyə? Çünki, daha önəmli işlərlə məşğul olublar, digər sahələrdə fenomenal uğurlar qazanıblar.
Azərbaycanın heç bir sahədə uğuru yoxdur. Azərbaycanlılar təhsil üçün kütləvi şəkildə Türkiyəyə, müalicə üçün Irana gedirlər. Hakim ailə nəzarətində olan kənd təsərrüfatı obyektlərinə-aqroparklara aqronomları belə Israildən dəvət edir.
Heç bir sahədə uğurumuz olmadığı üçün uzun illər hakimiyyət idman sahəsindəki nailiyyətlərlə öyünüb. İlham Əliyev hətta BMT tribunasından Azərbaycanın idman dövləti olduğunu və böyük idman qələbələri qazanması ilə qürurlanıb.
Tokio2020 Olimpiadası bu nağılı da sabun köpüyü kimi partlatdı.
Vaxtilə Azərbaycan iqtidarı ÜDM-in dəfələrlə artmasını dünyada analoqu olmayan iqtisadi inkişaf kimi cəmiyyətə sırıyırdı. Başa sala bilmirdik ki, ingilislər- BP gəlib milyardlarla sərmayə qoyub Allahın Azərbaycan xalqına min illər öncə bəxş etdiyi təbii sərvəti çıxarıb satır, pulunu da sizə verir. Bunun uğurlu iqtisadi siyasətə nə aidiyyatı var?! Axı ingilislərdən fərqli olaraq sizin Dövlət Neft Şirkətiniz (SOCAR) neft-qaz sahəsinə sərmayə yatırmayıb, sovetlərdən qalma hazır istehsalata yiyələnib, lakin əvəzində nəinki Neft Fonduna beş qəpik pul verməyib, əvəzində hər il dövlət büdcəsindən dotasiya alıb, bu da yetməyirmiş kimi on milyardlarla borcu var və bu borcu biz və övladlarımız ödəyəcəyik. Bəli, Rövnəq Abdullayevin oğlunun taxdığı dörd milyon manatlıq saatların pulunu da canımız çıxa-çıxa biz ödəyəcəyik.
Neftin qiymətinin və hasilatının aşağı səviyyəyə düşməsi ilə ölkənin ÜDM-i dəfələrlə azaldı, iqtisadiyyatı kiçildi, ancaq YAP-çılar təbii ki, bunu analoqu olmayan iqtisadi geriləmə, böhran adlandırmadılar, neft qiymətlərinin üstünə yıxdılar…
İndi idmanda eyni proses təkrar olunur. Legionerlər hesabına, idman korrupsiyası yolu ilə idman dövləti illüziyası yaratmışdılar, o yalan da rüsvayçı sonluqla bitdi. Uşaq və gənclər idmanı olmayan, hətta bu sahədə sovetlərdən qalma sistemi də dağıdılar (İdman meydançalarının əksəriyyəti satılıb, yerində çoxmərtəbəli binalar, ticarət obyektləri tikilib) bir ölkə legionerlər hesabına idman dövləti ola bilərdimi?!
Bəli, Olimpiya Oyunlarında qızıl medal qazanmamaq əsla faciə deyil, ancaq idman dövləti qurmaq adı ilə xalqın milyardlarını bölgələrdə yalnız icra başçılarının istifadəsində olan Olimpiya Komplekslərinə sovurmaq, Avropa Oyunları adı ilə yoxsulluq və işsizlikdən əziyyət çəkən vətəndaşların 8 milyard dollar- 14 milyard manat vəsaitininin böyük əksəriyyətini ofşorlara daşımaq nəinki faciə, həm də ağır cinayətdir və bu cinayətə görə məsuliyyət daşımaq lazım gələcək.
Tarix: 9-08-2021, 10:07
Xəbəri paylaş





Xəbər lenti