Mədəni irsin keşiyindəki oğru




 

“Düş Şamaxı yoluna, beş yüz sövdəgər gəlib-gedir, birin, ikisin soy, malın gətir, görək ki, doğrudan qoçaqsan, ya lovğalıq edirsən?”

(Axundov, “Hekayəti Xırsi-Quldurbasan”)
Əslində Azərbaycan idmançılarının Tokio olimpiadasında nisbətən uğursuz çıxışı, qızıl medalsız qayıtmaqları o qədər böyük faciə deyil. Hazırda bütün dünyada olimpiya hərəkatı böhran yaşayır. Saysız-hesabsız dopinq qalmaqalları, siyasi, gender problemləri və sairə üzündən olimpiadalar əvvəlki kimi maraq cəlb eləmir. Bəşəriyyət sanki bunun da şitini artıq çıxarmışdır. Hətta skeytbordinq, karate, beysbol kimi əndrəbadi oyunları son olimpiadaya daxil elədilər, ancaq yenə xeyri yoxdur. Doğrudan da cavan uşaqların diyircəkli taxta lövhəni küçədə sürməsini hansı ağılla idman siyahısına salıblar, məlum deyil. Hələ karate... Şəxsən mən karatenin bu cür gülməli idman olduğunu bilmirdim. Ağlımızda Brüs Linin kinoları qalıb... Olimpiadadakı karate iki nəfərin qabaq-qabağa durub rəqs eləməsi tipində bir hərəkətlər toplusu idi. Çaşıb zərbə endirəndə isə hakim oyunu dərhal dayandırırdı.
Problem bəs nədədir? Mədəniyyətdə. Səhv oxumadınız. Bizdə idmanın fəlsəfəsi, mədəniyyəti çatışmır. O üzdən Tokioda uduzan idmançılarımızın hamısı sanki bir-birinin ağzına tüpürmüşdülər, eyni cümləni təkrar edirdilər: “Bilmədim orada nə baş verdi, günah məndə olmadı”. Az qalırdılar desinlər cin vurdu, yıxıldım. Biri isə deyilənə görə, uduzandan sonra sosial şəbəkədə orta barmaq göstərən aslan şəkli paylaşıbmış. Yəni məni tənqid eləyənlər, bu da sizə gəlsin...
Messi “Barselona”dan ağlayaraq ayrıldı, bizim idmançılar isə Tokiodan dombalaq aşaraq gəldilər. Bir boksçu almışıq xaricdən, onun internetdə məşq və yarış şəkillərindən çox barda qızlar və pul bağlamaları ilə fotoları yer alır. Mən demirəm bizim idmançılar ağlaşsınlar, çünki onu da səmimi edəcəklərinə inanmıram. Dəli şeytan deyir onların uğursuz çıxışı bəlkə idman nazirimizin bu il ölməsi ilə bağlıdır. Yas saxlayıblar, qəmgin olublar. Bir pritçada deyilən kimi, dərddən başlarını itiriblər. 
Orta məktəblərdə idman dərsləri başdansovdu, universitetlərdə lap pis vəziyyətdədirsə, stadionlara, hovuzlar, başqa idman qurğularına çıxış imkanları sıfıra yaxındırsa, bu sahədə hansı uğur gözləyirdiniz?
Qayıdaq mədəniyyət məsələsinə. Keçən həftə Mədəniyyət Nazirliyinə tabe Mədəni irsin qorunması, bərpası və inkişafı Dövlət Xidmətinin rəisi Zakir Sultanovun məhkəməsi başlandı. Bu adamı keçən ilin mayında DTX tutub və 5 milyon manat dövlət vəsaitini talamaqda suçlanır. Məhkəmə başlayanda Sultanovun vəkili onu ev dustaqlığına buraxmağı xahiş elədi, bunu isə belə əsaslandırdı ki, keçmiş rəis artıq dövlətə dəymiş zərərin 4 milyon manatını nağd ödəyib, 600 min dollarlıq, 130 min, 20 min və 10 min manatlıq əmlaklarına isə həbs qoyulub.
Prinsipcə, doğrudan da bu qədər zərəri ödəyən və de-fakto 1 milyon manata yaxın girov qoyan adamı məhkəmə müddətində, hətta bəlkə məhkəmədən sonra azadlığa buraxmaq lazımdır. Guya onun türmədə yatmağı cəmiyyətimizə nə xeyir verəcək? “İçəridə” insanları islah yox, məhv eləyir, sındırırlar çox zaman.
Ancaq burada bir sual yaranır: o qədər oğurluq eləmiş adamın mədəniyyəti var idimi? Bunu artıq qətiləşmiş hal kimi yaza bilərik, çünki Sultanov oğurluq eləməsəydi, 5 milyonu haradan tapıb qaytarardı? Bizdə heç kim maaşla o boyda sərvət yığa bilməz, büdcə işçisi də bizneslə məşğul ola bilməz. Əgər mədəniyyət sektoruna belə mədəniyyətsizi başçı qoyublarsa, lap hesab edək orada pozulub, pulları, imkanları görüb başı xarab olub. Bəs bunun yaxın ətrafında, qohum-əqrəbasında bir düzgün adam olmayıbmı ki, vaxtında desin, a kişi, bəsdir, dayan, oğurlama? Təbii ki, olmayıb. Əksinə, onlar hamısı Zakir müəllimə azarkeşlik ediblər, toyda-yasda başda oturdublar, cavan yaşında bir elin, nəslin ağsaqqalı sayılıbdır.
Oğurluq mədəni irs sayılırsa, orada mədəni irsin qorunması idarəsinə oğrunu başçı qoymaq ən məntiqli hərəkətdir. Sən də deyirsən Tokio... Qoy o yaponların canı çıxsın, Beyləqan məktəblərinə tualet düzəltsinlər. 

Zamin HACI
Tarix: 10-08-2021, 09:41
Xəbəri paylaş





Xəbər lenti