Bu soyğunçuluğu nə zaman durduracaqsınız?



Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Niyə azərbaycanlılar uçaq biletlərinə gürcülərdən və ermənilərdən 3-4-5 dəfə artıq pul ödəməlidirlər?!
Niyə bu ölkəyə şəxsi istifadə üçün avtomobil, telefon, kompüter gətirən hər kəs hökumətə aldığı malın qiyməti qədər xərac ödəməlir?! Maşın istehsal edən almanlar və yaponların, telefon yaradan amerikalıların və koreyalıların qazanmadığı qədər bizim gömrüyün önünü kəsib xərac almasa malı ölkəyə buraxmayan tüfeyli Təpəgözlər qazanmalıdır?!
Gürcüstanda 50 Avroya satılan tək tərəfli İstanbul biletinə Azərbaycan vətəndaşı niyə 350-400 manat (hətta daha çox) pul ödəməlidir?!
Bakı-İstanbul marşrutu ilə gediş-dönüş təbribən 800 manat təşkil edir. Ölkədə minimum əmək haqqı 250, minimum pensiya 200, orta müəllim maaşı 350-400 manatdır. Bizim yalnız biletə ödədiyimiz pulla gürcülər 4-5 gün İstanbulu gəzib geri qayıdırlar.
Fərqə baxın: 200 manat Gürcüstanda, 800 manat bizdə! Bəlkə kiminsə atasına borcumuz var, atdığımız addıma, udduğumuz havaya görə vergi, cərimə, xərac ödəyib o borcu qaytarırıq?!
AZAL bu ölkədə SOCAR-dan sonra ən tüfeyli şirkətdir. Dövlət büdcəsindən milyardlar udur, qazancını SİLK WAY-ə ötürür, borcunu mənim, sənin belimizə yükləyir. Niyə?!
Vaxtilə Türk Hava Yollarının rəhbərliyi mənə səmimi bir etirafda bulunmuşdu. Demişdi ki, Azərbaycan bizim Vətənimizdir, biz burada biletləri o qədər ucuz satmaq istəyirik ki, bütün azərbaycanlılar istədikləri vaxt Türkiyəyə gəlib-gedə bilsinlər. Ancaq qoymurlar. Deyirlər ki, siz ucuz satsanız, biz də biletləri ucuzlaşdırmaq zorunda qalacağıq(((.
Mən bütün əlaqədar qurumlardan cavab gözləyirəm. Bu soyğunçuluğu nə zaman durduracaqsınız?! Nə vaxtadək onsuz da maddi durumu ağır, əksəriyyəti işsiz olan Azərbaycan vətəndaşlarının qanını içəcəksiniz?! Ölkədə təhsili məhv etmisiniz, təhsil haqlarını kəllə-çarxa qaldırmısınız, imkan verin heç olmasa balalarımız Türkiyədə, Avropada pulsuz və keyfiyyətli təhsil ala bilsin.
Bunu da bu millətə çox görürsünüz?!
Tarix: 11-08-2021, 09:23
Xəbəri paylaş





Xəbər lenti