Ərəbfobiya


Natiq Güləhmədoğlu
…Ərəblər xanımlarımıza, xalqımıza, eləcə də fauna və floramıza qarşı amansız davranırlar.
…ərəblər özlərini çox ləyaqətsiz aparırlar.
…Ərəblər özlərini əxlaqlı aparmır.
Bu fikirləri hörmətli Tahir Kərimli son müsahibəsində işlədib. Bir vacib məsələ də var. Ola bilir ki, müsahibədə insan ehtiyatsız ifadələr yol verir, müxbirin provakasiyasına uyur, istəmədiyi fikirləri səsləndirir. Lakin, bu müsahibəni Tahir müəllim sonradan facebookunda özü seçmələr edərək paylaşdığından demək, bu onun bərkimiş, üzərində israr etdiyi mövqeyidir. Xub, problem nədir, bu sözləri birinci dəfə eşitmirik ki, deyəcəksiniz.
Söz və ifadə azadlığına hədiz məhəbbətim var, insanların öz fikirlərini azad ifadə etməsinin qatı tərəfdarıyam. Elə bir niyyətim də yoxdur, cənab Kərimlinin yuxarıdakı fikirləri ifadə azadlığı kimi qiymətləndirilə bilər, ya yox. Hüquqşünasların həvəsi olsa, buna toxunarlar. Mənim hiddətim, ömrünün yetkin yaşına çatmır, deputat mandatı daşıyan bir azərbaycanlının banal, təhlükəli və populizmə bunca yuvarlanmasıdır. Dünyada 300 milyondan çox ərəb yaşayır, 21 ərəb dövləti var. Bu millət bəşər sivilzasiyasında qədim və əzəmətli bir yer tutur. Sənin kobud ümumiləşdirməylə aşağıladığın bu millət unudursan ki, işlətdiyin, əxlaq, mədəniyyət, ləyaqət, məktəb, kitab sözünün (anlayışının demirəm, səhv salma) yaradıcıdır. Hətta bunlar olmasa belə mədəni, təhsilli, düşüncəsi olan insan bütün xalqı, milləti aşağılayan ifadələrə yol verməməlidir. Müasir dünyada bunu edənlərin özü mədəniyyətsiz sayılır.
Tahir Kərimlinin dediyi məsələlərin fakt kimi olmasını danmıram. Turistlərin xoşagəlməz əməlləri var. Lakin, bunlara görə bütün xalq niyə təhqir edilməlidir. Bəlkə də, çox idealist bir nümunə gətirəcəyəm, Nizaminin ˝İsgəndərnaməsi˝ndə belə bir səhnə var. İsgəndər Qıpçaq çölünə gələndə, örtünmədiyinə görə ˝baldırı ağ˝, ˝yanağı su kimi oynaq˝, ˝üzü od˝ kimi insanın qəlbini alovlandıran qadınlar onun ordusunun intizamını pozur. İsgəndər qıpçaqların ağsaqqalarını yığır, mədəni şəkildə onlara iradını bildirir ki, belə olmaz, bu qız-qadınlarınızın geyiminə əl gəzdirin.
Qıpçaqların ağsaqqaların böyük hökmdara etiraz edirlər, deyirlər, biz qadını örtməkdənsə, gözümüzü naməhrəmdən, pis işlərdən ötrməyi əfzəl bilirik. Bu məsələnin mənəvi tərəfi, praktiki tərəfə baxsaq, hansısa ərəbin, digər turistin Azərbaycanda çıxardığı hoqqalara hiddətimiz varsa, bunu səbəbini düz analiz etmək lazımdır. Ərəb qanunları, qaydaları pozur? Kim buna şərait yaradıb, niyə belə şeyləri etmək bizdə rahatdır. Siz hansı normal ölkəni tanıyırsınız ki, onun üçün dəmir qayda-qanun, ictimai norma kimi qəbul edilən şeyləri turistlər rahatlıqla poza bilir? Səfər etdiyiniz ölkələrdəki tərcübəniz nə deyir bu barədə? Xülasə, şairin sözü ilə desək, arada bir dönüb özümüzə də baxsaq pis olmaz.
Hələ də mənim Azərbaycan cəmiyyətində ərəblərə qarşı aqressiyanı, nifrəti dərk edə bilməmə problemim var. Birinin məzhəbi təəssübkeşliyi tutur, o biri ˝ərəblər Osmanlını dağıtdı˝deyir, qalırsan belə. Tarixdən, reallıqdan qopub yaşamağın, özünü xəyalların girovuna çevirəndə insan, cəmiyyət belə çaşqın, aciz hala avtomatik düşür.
Tarix: 1-02-2022, 17:00
Xəbəri paylaş





Xəbər lenti