YAP-ın SEÇKİ TOY-ŞOUSU - Seçkilər hakim partiya üzvlərinə həmişə toy-bayramdır


Seçki komissiyalarının sədrləri borclarını seçki vaxtı ödətdirirlərmiş
Eşitdiyimə görə, deputat korpusunda boş qalan beş deputat papağının dolması, yəni seçkilərin keçirilməsi gözlənilir. YAP üzvlərinin toy-bayramıdır ki! Bir ilyarım – iki il olar, keçmiş deputat, YAP-ın tanınmış simalarından biri Musa Musayevin 2005-ci il seçkilərində 8 saylı Binəqədi seçki dairəsində haqsızlığa uğraması FB səhifəsindən basına yol açmışdı. Sözügedən komissiyanın sədri Rafiq Ağamalıyev (hazırda YAP Binəqədi təşkilatının sədr müavinidir -red.) hakim partiyanın namizədini görən kimi, heç demə, toy-bayram ovqatı pozulubmuş. Bəs deməzsən, sədrin öz namizədi o çağlar ABU-nun rektoru olan Elşad Abdullayev imiş və hətta ondan 100 minlik borcunu ödəməyə “deputat mandatı sözü” və beh də alıbmış. Di gəl, nə hər ikisinin Qərbi Azərbaycandan olmaları, nə dilətutmalar, nə də imza vərəqlərinin etibarsızlığı YAP-ın namizədini etibarını, əqidəsini seçki komissiyasının sədrinin Elşad Abdullayevdən aldığı behə dəyişdirə bilməyib.
Banka depozit ödəməklə namizəd vəsiqəsini alan “ana partiya” üzvünün deputat mandatına yiyələnə bilməməsində kimin barmağının başda olması hələ də müzakirə qonusudur. Bizə də maraqlıdır, görəsən, Elşad Abdullayevin YAP-ın seçki toy-şousuna verdiyi behi komissiya sədri geri qaytarıb?
Nə qədər qazi puluna göz dikmək olar? Bu yol mən də deputatlıq şansımdan yararlanmağı düşünürəm. Niyə də olmasın? Oğlumu özümə köməkçi götürərəm, düyməni basmağı da parlamentin xadiməsinə tapşırıraram.
Yeri gəlməsə də, Heydər Əliyev mərkəzinin xadiməsinin 876 manat aylıq donluğunun 7 qazinin müavinətindən də çox olduğunu vurğulamasam olmaz. Uzaqbaşı elmlər doktoru həyat yoldaşımı da xadimə ştatına saldıraram. Bəlkə indi aldığı donluqdan üç dəfə çoxunu qazanmaq 40 ilin elmi işçisinə nəsib ola.
Deputat mandatının dəyərdən düşdüyü – devalvasiyaya uğradığı nədəni ilə girov qoymaq daha lombardlara sərf eləmir, görək mandat hərracına kəf gələ bilərik? Büdcə müzakirələrində qazi və şəhid ailələrinin pensiyalarının yarısını kəsib, müqəddəs təqaüdlərinin toxunulmaz qalmasına  öz deputat gəlirlərimizin hər il, aclıq illərində hər altı aydan bir artırılmasına elə səs verərəm, elə toxunaram ki, nə qazilərin tükü tərpənər, nə şəhidlərin ruhu inciyər. Axı, onların pensiyalarının kəsilməsi, azaldılması onların dolanışığını yetkisi olmayacaq, kombi işlətmirlər, gəzməyə, toya getmirlər.  Bir də şəhid, qazi təqaüdü toxunulmazdır axı! Hansı rayondan deputat olsam, yalnız öz rayonlumun müraciətinə baxacam, zəng edən də, qeydiyyat ünvanını deməsə, köməkçimin qulağı heç nə eşitməyəcək. 3 il qabaq Asim Mollazadənin hüquqşünas köməkçisi kimi. 15 il qabaq hazırda səfir olan  Elmira Axundovanın məktubla öz deputatına müraciət etməyi məsləhət gördüyü kimi. Örnək deputatların siyahısını uzatmaq da olar.
Seçkiöncəsi platformamın başlıca tezisi Konstitusiyanın 6-cı maddəsinə “YAP-ın kəsdiyi başa sorğu-sual yoxdur” cümləsini əlavə etməkdir. Məmurun vicdanı, eşqi, ürəyi – YAP-dır. Görüm, Prezidentə daha vicdanla, eşqlə, ürəklə yaltaqlanıb YAP-a keçə bilsəm, bəlkə deputatlıq quşu başıma qondu. Daha nə istəyirsən, qaragünlü Qarabağ qazisi? İstədiyin deputat mandatı deyil? Bəlkə seçkidə dava düşdü, fərli birini tapmadılar, səni deputat elədilər. Onda prezidenti mədh etməyə növbədənkənar çıxış etmək şansından yararlanmağına yol açıq olar, yəqin. Şansımı qaçırmayım, Məzahir müəllim marafona start verəndə, mənə xəbər verin .
Məğrur BƏDƏLSOY
https://muxalifet.az/yap-secki-toy-sousu-seckilr-hakim-partiya-uzvlrin-hmis-toy-bayramdir.html
Tarix: 1-02-2022, 22:52
Xəbəri paylaş





Xəbər lenti