Nizami Rayon İcra Hakimiyyətində nələr baş verir? - BƏLƏDİYYƏLƏRİN XƏRİTƏLƏRİNİN TƏSDİQ OLUNMAMASININ GİZLİNLƏRİ



Nizami Rayon İcra Hakimiyyətində nələr baş verir? - BƏLƏDİYYƏLƏRİN XƏRİTƏLƏRİNİN TƏSDİQ OLUNMAMASININ GİZLİNLƏRİ
Artıq bir müddətdir ki, həm "Hürriyyət" qəzetinə, həm Hurriyyet.az saytına, həm də "Hurriyyet TV"yə Bakı şəhəri, Nizami rayon sakinləri tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır. Sakinlər qeyd edirlər ki, uzun müddətdir icarə hüququ əsasında istifadələrindəki Nizami Rayon Bələdiyyəsində olan torpaq sahələrini adlarına sənədləşdirməkdə çətinlik çəkirlər.

Belə ki, sözügedən məsələnin həlli məqsədiylə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə, 1 saylı Bakı Ərazi İdarəsinə, Daşınmaz Əmlakın "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-yə müraciət edən Nizami rayon sakinləri süründürməçiliyə məruz qalırlar: "Torpaq sahəsinin kadastr planını tələb edən zaman həmin qurumlar bildiriblər ki, bələdiyyələrin xəritələri bütün dövlət qurumları tərəfindən təsdiq edilib və razılaşdırılması üçün Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinə təqdim edilib. Lakin nədənsə Nizami Rayon İcra Hakimiyyəti xəritəni təsdiq edib geri qaytarmayıb. Məhz bu səbəbdən də vətəndaşlar istifadələrində olan torpaq sahələrini dövlət qeydiyyatından keçirə bilmirlər".

Heç şübhəsiz ki, bu, vətəndaşların qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasından başqa bir şey deyil. Qeyd edək ki, Nizami rayon sakinləri üzləşdikləri problemin həllində onlara yardımçı olmağımızı xahiş etdikləri üçün "Hürriyyət" olaraq sözügedən məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi qaydada sorğu ünvanlamışıq. Lakin indiyədək sorğumuza hər hansı cavab gəlməyib. Eyni zamanda, Nizami Rayon İcra Hakimiyyəti də qeyd olunan problemin həllində maraqlı görünmür. Elə buna görə də bələdiyyələrin xəritələrinin Nizami Rayon İcra Hakimiyyəti tərəfindən hansı səbəbdən təsdiq olunmamasına dair geniş araşdırma aparmaq qərarına gəldik. Odur ki, hələlik araşdırmamızda yer alacaq və rəsmi qurumlar tərəfindən mütləq şəkildə cavablandırılmalı olan mühüm sualları diqqətinizə çatdırırıq:

1. Əmlak Məsələləri Dövlət Xidməti nədən "Hürriyyət"in rəsmi sorğusunu cavablandırmır?

2. Nizami Rayon İcra Hakimiyyəti nə üçün indiyədək bələdiyyələrin xəritələrini təsdiqləmir?

3. Sakinlərin çıxılmaz vəziyyətə düşməsinin günahı kimdədir: Əmlak Məsələləri Dövlət Xidmətində, yoxsa Nizami Rayon İcra Hakimiyyətində?

4. Bələdiyyələrin xəritələrinin təsdiq olunmaması kim(lər)in maraqlarına cavab verir? Və bu işdə hansı qurumlar nə kimi qazanc əldə edir?

5. Nizami Rayon İcra Hakimiyyətində işlər yenə sabiq icra başçısı Arif Qasımovun dövründəki kimi icra edilir?

6. Bu gün faktiki olaraq rayona rəhbərlik edən Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov sələfinə rəhmət oxutdurur?

7. Nizami rayonunun ləğv edilərək, ərazisinin Xətai və Nərimanov rayonları arasında bölüşdürülməsi ilə bağlı yayılan məlumatlar nə dərəcədə doğrudur? Və bu prosesdən sonra Nizami rayon ərazisindəki bələdiyyələrin və onların balansındakı torpaqların taleyi necə olacaq?

Qeyd edək ki, bu və digər bu kimi sualların cavabını araşdırmalarımız nəticəsində tapmağa, bələdiyyələrin xəritələrinin təsdiq olunmamasının altında yatan gizlinləri oxucularımızla paylaşmağa çalışacağıq.
Tarix: 2-02-2022, 17:17
Xəbəri paylaş





Xəbər lenti