Deputat Feyziyevin “kəsdiyi başa” sorğu olacaqmı: "Mən hakimiyyəti günahkar bilirəm"


Deputat Feyziyevin “kəsdiyi başa” sorğu olacaqmı: "Mən hakimiyyəti günahkar bilirəm"Cavanşir Feyziyev

Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus vəsaitlərin İngiltərə məhkəməsinin qərarında “qanuni biznes fəaliyyəti” kimi qəbul olunması Azərbaycan cəmiyyətində, eynilə də bir çox mətbuat qurumlarında birmənalı qarşılanmadı. Məhkəmə qəbul etdiyi qərarın şəffaflıqdan, reallıqdan uzaq olduğunu, deputatın ailəsinə məxsus milyonlarla vəsaitin mənbəyinin araşdırılması gərəkdiyini bildirən bir çox tanınmış jurnalistə qarşı deputat öz şəxsi “feysbuk” səhifəsindən ağır ittihamlar səsləndirib. Belə ki, Cavanşir Feyziyev həmin şəxsləri rahat qazanc və ya Avropada sığınacaq və maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün “jurnalist” və ya “siyasi fəal” adları altında müxtəlif beynəlxalq QHT-lərin donuna geyinmiş və onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlər adlandırıb.

  • Deputatın emosionallıqla, aqressiv bir şəkildə və heç bir əsasa dayanmayan bu ifadələri ona necə başa gələcək?
  • İkinci Qarabağ Müharibəsi dövründə ölkənin ciddi maliyə dəstəyinə ehtiyacının olduğu bir dövrdə özünü “Azərbaycan deputatı” hesab edən bu şəxsin və ya ailəsinin milyonlarla vəsaiti Qərb ölkəsinə daşıması və ardınca yerli jurnalistləri agentlikdə ittiham etməsi öz həqiqi simasını gizlətmək hesab olunmurmu?
  • Deputatın adını hallandırdığı jurnalistlərdən hansı birinin və ya ailəsinin Qərb ölkələrinin banklarında bir o qədər pulu var?
  • Hansı biri xarici kəşfiyyat orqanlarına casusluq edərkən yaxalanıb?
Deputatın səsləndirdiyi bu ittihamlar qarşı tərəfdən heç də səssizliklə qarşılanmayıb. Jurnalist Ləman Ələşrəfqızı Bizimyol.info saytına açıqlamasında bildirib ki, Cavanşir Feyziyevi bu əsassız ittihamlarına görə məhkəməyə verəcək:
Ləman Ələşrəfqızı Ləman Ələşrəfqızı
“Mən o adamı məhkəməyə verəcəm. Əgər bu, kollektiv bir şəkildə olsa, nə gözəl. Amma kollektiv şəkildə olmasa da, mən şəxsən fərdi qaydada onu məhkəməyə verəcəm. Çox ümid edirəm ki, həmin yazısında kimlərin adını hallandırıbsa, o adamlar da fərdi və ya kollektiv şəkildə məhkəməyə müraciət edər. Həmin kollektivin içində mən də olacam.
Bu adam sübut etsin görüm, xarici kəşfiyyata işləmək necə olur? Qoy, sübuta yetirsin ki, mən xarici kəşfiyyata işləyirəm. Deyəsən, O, ingilislərə uduzduğu pulun müəyyən bir hissəsini də mənə uduzmalı olacaq. Görünür, Cavanşir Feyziyev uduzmağa öyrəşib. Özümə söz vermişəm ki, lazım gəlsə, Avropa Məhkəməsinə qədər gedəcəm. Məsələni belə buraxmaram. Bu addımı bütün jurnalistlər də atmalıdır. Bununla bağlı öz səhifəmdə lazımı statusu da yazmışam.
Bu adam, ən azından, ağzının danışığını bilməlidir. Bir ifadə var, “həm suçlu, həm də güclü”. Sən özün bir öz ayıbına kor ol, otur, ta bizim üzərimizə niyə gəlirsən ki? Sən Vestminister Məhkəməsində rüsvay, biabr olmusan, indi biz o xəbəri burda deməyək, paylaşmayaq? Biz jurnalistik. Bəyəm bizim başqa adımız, missiyamız var? Hər halda, xəbər çıxıb, öz təsdiqini tapıb, paylaşılıb. Əlavə şərh verməyə gəldikdə isə yaxşı edirəm, şərh verirəm. Mən deməliyəm ki, ölkəm bu vəziyyətdə - təqaüdçüsü öz təqaüdünü ala bilmir, qazisi gedib canını qurban verib, gözünü itirib, yarımcan, şikəst qayıdıb gəlib. Adam bütün gün küçələrdədir, bərbad gündədir, baxan, eşidən yoxdur. Birinci Qarabağ Müharibəsində iştirak edənlərin çoxunun pensiyaları kəsilib. Bu vətəni müdafiə etmək hamısına baha başa gəlib, sözün bütün mənalarında. Bəs biz bunları deməməliyik? Sənsə milyonları aparıb xarici banklara yatırırsan. İndi deyir: “mən bunları biznes fəaliyyətimlə etmişəm”. Etmisən, lap yaxşı, amma sən ölkədə də problem yaratmısan axı. Sən 30 qəpiklik dərmanı bu millətə 30 manata satmısan. Bəyəm bu, şəffaf biznesdir? Yaxşı, biznesmen idinsə, niyə gəlib Parlamentdə oturmusan? Get, biznesinlə məşğul ol da. Bütün sahələrdə bu adam bizim haqqımıza girib, bu gün deyir ki, bütün bunları şərəflə, vicdanla qazanıb. Ayıbdır, həqiqətən ayıbdır. Əgər normal bir ölkəyiksə, o, lazımi cavabını, cəzasını almalıdır. Normal ölkə, məhkəmə sistemi varsa, bu adam dediklərinin, etdiklərinin bədəlini ödəməlidir.
İndi baxırıq ki, Mətbuat Şurasının üzvüdür. Bunun Mətbuat Şurasında axı nə işi var? Statusumun rəy bölümündə yazıblar ki, Mətbuat Şurasına sponsorluğu bu edirmiş”,- deyə jurnalist Ləman Ələşrəfqızı bildirib.
Osman Gündüz Osman Gündüz
Deputat Cavanşir Feyziyev səhifəsində yazdığı təhqir və böhtan dolu yazısında ölkə jurnalistləri ilə birlikdə həm də bir çox QHT rəhbərini də hədəf alıb. Onlardan biri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzdür. Osman Gündüz də deputatın bu yazısına öz sosial şəbəkə hesabında reaksiya verib. O, bildirib ki, deputatın yazdıqlarında dərhal 147-ci maddə ilə ona qarşı iş açmaq üçün ciddi əsaslar var: “Fikrimcə, bu statusda olan birisinin bu tip hərəkəti, qanunlara tüpürməkdir. Düşünürəm ki, onun bu formada harınlıq nümayiş etdirməsi, ictimai nəzarətə meydan oxuması, deputat olaraq və çoxsaylı media qurumlarının, parlamentlərarası qurumların üzvü olaraq qanunlara bu formada sayğısızlıq göstərməsi yolverilməzdir. Bu tip hərəkətlər hökumət üçün ciddi siqnal olmalıdır.
Əgər London məhkəməsindən sonra Milli Məclis, Baş Prokurorluq, DTX, Antikorrupsiya qurumlarımız ondan "haqq-hesab" tələb etsəydi, güman ki, biz bu formada cəmiyyətə meydan oxuyan harınlamış birisi ilə qarşılaşmazdıq. Və əgər Mərkəzi Seçki Komissiyası, Dövlət Vergi Xidməti London məhkəməsindən dərhal sonra ondan seçkilər zamanı 20 milyonun deklarasiya olunmaması səbəbini sorğulasaydı, cəmiyyət bu formada şantaj ilə qarşılaşmazdı”,- deyə Osman Gündüz qeyd edib.
Məsələ ilə əlaqədar “Ümid” Partiyasının sədri, sabiq deputat və hüquqşünas İqbal Ağazadə də Bizimyol.info saytına danışıb. İqbal Ağazadə bildirib ki, deputat Cavanşir Feyziyev özünümüdafiənin ən uğursuz variantını seçib: “Mən hesab edirəm ki, bu, əvvəla yanlışdır. Özünümüdafiənin bu variantı ən uğursuz variantdır. O, özünümüdafiənin ən uğursuz variantını seçib. "Başqalarının üzərinə getmək ən yaxşı müdafiə taktikasıdır" anlayışı burda keçərli deyil. Mən təəssüf edirəm ki, Cavanşir Feyziyev bu istiqaməti tutub.
İqbal Ağazadə Ümid Partiyasının sədri İqbal Ağazadə
Təbii ki, Azərbaycan cəmiyyəti də şəffaf cəmiyyət deyil. Cəmiyyətimiz şəffaf, məsuliyyətli və hesabatlı cəmiyyət olmadığından, hər kəs də bildiyini edir. Hər kəs bildiyi informasiyadan tutmuş, qeyri-qanuniliklərə qədər hər şeyə baş vurur və bir məsuliyyət hissi, sorumluluq yoxdur. Mən hesab edirəm ki, Azərbaycanda sistem nəhayət, dəyişilməlidir. Azərbaycanın idarəetmə sistemi dəyişilməlidir, hesabatlılıq olmalıdır. Hesabatlılğın olmadığı cəmiyyətlərdə bu cür problemlər daha da inkişaf edəcək. Fərdlərin isə önəmi yoxdur. Bu gün Cavanşir Feyziyevdir, sabah Məmməd Məmmədovdur, o biri gün Həsən Həsənov və beləcə davam edəcək. Təəssüf ki, bu, yaxşı bir hal, yaxşı yanaşma deyil. Güman edirəm ki, bu məsələlərdə Azərbayan cəmiyyəti, ilk növbədə hakimiyyət hesabatlılığı təmin etməlidir. Bələdiyyənin, Parlamentin, Nazirliyin, eyni zamanda, məmurun hesabatlılığı olmalıdır. Cəmiyyətdə hamı hesab edir ki, bu gün o, cəmiyyət qarşısında borclu deyil, topluma borclu deyil, borcu yalnız onu vəzifəyə təyin edən iqtidaradır. Deputat elə bilir ki, hakimiyyətə, iqtidara borcludur, xalqa borclu deyil, xalq heç kimdir. Balans burdan pozulub. Yerdə qalanlar hamısı boş şeylərdir. Birinci dəfə deyil ki, məmur, ya da deputat cəmiyyətin, toplumun, mətbuatın və sairin üzərinə yeriyir. Fərdi mənada bunlar təbii ki, yaxşı hal deyil. Amma ümumidə isə bütün bunlar onsuz da baş vermiş hadisələrdir. Nazir də bu cür danışıb. Konkret olaraq, nazirlər olub, komitə rəhbərləri olub, cəmiyyət rəhbərləri olub, bunlar mətbuata hansı ifadəni işlətməyiblər? Hansı ki, həm də vəzifələrində qalıblar. Çünki hakimiyyətin yanaşması bu cürdür və bu, hakimiyyətin günahıdır. Mən bu məsələdə hakimiyyəti həmin adamlardan daha günahkar bilirəm. Çünki adamların cəmiyyət qarşısında məsuliyyətinin nə olduğunu və cəmiyyətin o adamlara nə edə biləcəyini yerində öyrətməyib”,- deyə “Ümid” Partiyasının sədri, sabiq deputat və hüquqşünas İqbal Ağazadə qeyd edib.
Tarix: 7-02-2022, 10:14
Xəbəri paylaş





Xəbər lenti