Tərtər hadisələri ilə bağlı yeni həbslər var

Baş Prokurorluq Tərtər hadisələri barədə məlumat yayıb. Məlumatda xatırladılır ki, həmin hadisələrlə bağlı ötən ilin dekabrında cinayət işləri üzrə icraat təzələnib və bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır: “İşgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib”.
Bildirilir ki, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib.

16 şəxs barəsində məhkəmə qərarı ləğv edilib

Qeyd edilir ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə üzləşən, lakin sonradan bu öz təsdiqini tapmamaqla hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı işlər öyrənilərkən prosessual pozuntulara yol verilməsi halları aşkar edilib: “16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya… qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib”.

Dörd şəxs həbs edilib

Vurğulanır ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən dörd şəxs də həbs edilib. Onların Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev və Fuad Axundov olduqları bildirilir.
Hələlik, bu açıqlamaya yeni həbs edilən şəxslərin vəkillərindən və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
Azadlıq radiosu
Tarix: 9-02-2022, 16:42
Xəbəri paylaş





Xəbər lenti