“Əlin qurusun, barmaqların çürüsün, ay donuz oğlu donuz, heç donuz da öküzə ox atar?!.”


“Əlin qurusun, barmaqların çürüsün, ay donuz oğlu donuz, heç donuz da öküzə ox atar?!.”
"Nəfsinə qul olub xalqın talanmasına, müstəqil(!) dövlətçiliyin çökdürülməsinə xidmət edən hər kəs – “5-ci kalon”dur..."
 
"Amma bəzilərinin Ramiz Mehdiyev, Nəcməddin Sadıkov kimilərə hücumları qınayıb “yıxılana balta çalmazlar” deməsi də qəbul olunmazdır... Çünki belələri xalqın, ölkənin, dövlətin, ordunun evini yıxıblar..."
 
-FİKİR SAVAŞI...-
 
Məmləkətdə Ramiz Mehdiyevə, Cavanşir Feyziyevə qarşı başlanan kampaniya uğurla davam etdirilir... Son günlər bunlara daha bir yeni hədəf qoşdurulub: general Nəcməddin Sadıkov...
 
Atıcılar  hərəsi yay-kamanını, oxunu əlinə alıb bu üç hədəfi daha uğurla vurmaq üçün sıraya düzülüb. Kim bunların başından vuracaq, kim ürəyindən, kimi də kürəyindən... Əməlli-başlı yarış gedir. Bəlkə də mükafatlar da təyin olunub, xəbərimiz yoxdur...  Fəqət, bu oxçuların bəzilərinin  xəbəri varmı ki, elə onların özü də Allahın və xalqın hədəfindədir?..
 
Doğrudan da, bu gün əksəriyyətimiz  xalqı, ölkənin yeraltı-yerüstü sərvətlərini talayan korrupsioner nazirləri, başçıları, deputatları, ordumuzu gücdən və gözdən salmağa çalışan generalları, korpus komandirlərini, o cümlədən adlarını çəkdiyimiz Ramiz Mehdiyevi, Nəcməddin Sadıkovu, Cavanşir Feyziyevi atəşə tutmuşuq... Amma bir çönüb özümüzə baxmışıq, öz vicdanımızla müsahibə aparmışıq ki, bəs biz özümüz kimik? Və bu günədək niyə susurduq... O Ramiz Mehdiyevləri, Nəcməddin Sadıkovları, Cavanşir Feyziyevləri  kim, kimlər yetişdirib başımıza çıxarıb? Bilmirsiz, guya?.. Son 30-40 ildə  belələrinin yetişib ortalığa çıxmağında hər birimizin də böyük rolu olub... Birimiz laqeydliyimizlə, susqunluğumuzla, birimiz qorxaqlığımızla, digərimiz  nəfsinə qul olaraq vəzifədən, kürsüdən, var-dövlətdən ötrü hər şeyini satmağa hazır olmaqla, o birimiz yaltaqlığımız, məddahlığımızla, başqa birimiz saxtakarlığımızla mehdiyevlərin, sadıkovların pillə-pillə vəzifələrə, hakimiyyətə, ordunun başına dırmanıb şəbəkələşməsinə şərait yaratmışıq...
 
Bu gün Ramiz Mehdiyevi, Nəcməddin Sadıkovu ölkəni, xalqı talamaqda, xəyanətdə, ağır cinayətlərdə suçlayanlar arasında elə onların korrupsiya şəbəkəsinə ödənən rüşvət hesabına özünü, övladını babat vəzifəyə, direktor, rəis, icra başçısı təyin etdirən, deputat “seçdir”ən, oğlunu əsgərlikdən saxlatdıran, yaxud zabit kimi rütbəsini, vəzifəsini artırdan və s. olmayıbmı? Və bu rüşvət konveyerinin sayəsində Mehdiyevlər, Sadıkovlar və onlardan daha böyükləri şişdikcə, şişib və ölkə üçün, xalq üçün dəhşətli bəlaya çevrilərək istədiklərini işdən çıxartdırıb, tutdurub, asdırıb, kəsdirib, güllələdiblər. Və s. və i.a. 
 
İndi bu gün Mehdiyevləri, Sadıkovları, Feyziyevləri  yetisdirənlərin haqq-ədalətdən danışmağa haqqı varmı? İllah da əgər onların bəziləri özləri də  bu xalqı, bu ölkəni talayanların, bu dövlətə, bu dövlətçiliyə zərbə vuran rüşvətxorların, dələduzların sırasındadırlarsa...
 
Bu gün Ramiz Mehdiyevi, Nəcməddin Sadıkovu “5-ci kalon” adlandıran belələri bəs özləri nədirlər? Onların elə özləri də “5-ci kalon” deyilmi?... Bəli, məntiqlə nəfsinə qul olub xalqın talanmasına,  müqstəqil(!) dövlətçiliyin çökdürülməsinə xidmət edən hər kəs – “5-ci kalon”dur... Çünki birbaşa, ya dolayısıyla Azərbaycan xalqının, dövlətinin düşmənlərinə imperiyalara, erməni daşnaklarına, terrorçularına xidmət edir...

Belə olan halda özləri dələduzların, korrupsioenrlərin cərgəsində olanların, “5-ci kalon”a xidmət edənlərin Mehdiyevlərə, Sadıkovlara atdıqları oxlar hədəflərinə dəyərmi?.. Əsla... Belə yerdə “Dədə Qorqud” filmində böyük, ziyalı sənətkarımız Rasim Balayevin ifa etdiyi igid Beyrəyin öküz kəlləsinə ox atıb hədəfi vura bilməyən satqın, namərd, ikiüzlü Yalıncığa dediyi sözlər yada düşür: “Əlin qurusun, barmaqların çürüsün, ay donuz oğlu donuz, heç donuz da öküzə ox atar?!.”

Bəli, cilddən-cildə girib sonda igid Beyrəkləri arxadan vuran Yalıncıqların da  qırıq kaman, çürük yayla atdığı oxlar heç vaxt ölkəni talayıb-dağıdan  “KQB”-“QRU”-korrupsiya şəbəkəsinin başında duranları vura bilməz.  Bunun üçün Beyrək kimi, buna haqqı, cəsarəti çatan mərd, igid, cəsur, pak niyyətli oğullar gərəkdir...
 
Amma bu gün bəzilərinin Ramiz Mehdiyev, Nəcməddin Sadıkov kimilərə hücumları qınayıb “yıxılana balta çalmazlar” deməsi də qəbul olunmazdır... Əvvəla, onlar hələ yıxılmayıb. İkincisi də, belələri 30-40, 50-60 ildir ki, öz xəyanətləri, əməlləri ilə xalqın, ölkənin, dövlətin, ordunun evini yıxıblar... Odur ki, bunları nəinki baltalamaq, qıyma-qıyma doğramaq da halaldır bu xalqa...
 
Sultan Laçın   

Tarix: 12-02-2022, 13:48
Xəbəri paylaş





Xəbər lenti