Qərbin təzyiqləri, peşəkarların mövqeyi... “Media haqqında” qanunla bağlı ziddiyyətlər səngimir


 
 
Ötən həftə Prezident İlham Əliyev “Media haqqında” yeni qanunu təsdiq etdi.
Bu prosesdən sonra həm daxildə, həm də xaricdə sözügedən qanunla bağlı təndiqlər səsləndi. Xüsusilə də Qərbin media, insan haqları üzrə ixtisaslaşan təşkilatları qanunu sərt formada tənqid etdilər. Məsələn, Norveç Helsinki Komitəsinin bəyanatında deyildi ki,  qanun onsuz da ciddi nəzarət olunan ölkə KİV-lərinə bir çox yeni genişmiqyaslı məhdudiyyətlər gətirəcək.  Avropa Şurasının insan hüquqları üzrə komissarı prezident İ. Əliyevi qanunun üzərində işlənməsi, söz və media azadlığı sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması üçün parlamentə qaytarmağa çağırmışdı.
Norveç Helsinki Komitəsi qeyd etdi ki, Azərbaycanda müstəqil və tənqidçi KİV-lər tez-tez senzuraya, jurnalistlər və sosial şəbəkə istifadəçiləri sistemli təqiblərə, hətta həbslərə məruz qalırlar.
Bildirildi ki, qanunun bir çox müddəaları hökumətin hadisələrin işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdırmasına imkan verəcək və hökumətin tənqid edilməsinin qarşısını almaq üçün istifadə olunacaq.
"Azərbaycanın beynəlxalq tərəfdaşları media və tənqidi səsləri susdurmaqla avtokratiyanın qurulduğu bir ölkədə bu yeni məhdudiyyətlərin nə qədər zərərli olacağını dilə gətirməlidir", -deyə bəyanatda qeyd edilir.
Ekspertlər bildirirlər ki, Avropa söyüş mediasının təsir imkanlarının məhdudlaşdırılmasından narahatdır. Buna görə də ortaya açıq mövqe qoyur. Belə ki, söyüş mediasının Azərbaycanda yayımının qarşısının alınmasını istəmir. Bu yanaşmalara, xaricdən səslənən tənqidlərə münasibət necədir?
 
Əməkdar jurnalist, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “Yeni Müsavat”a açıqlamasında bir çox məqamları nəzərə alaraq yeni qanunun yetkin olmadığı qənaətində olduğunu bildirib: “Mən dörd il jurnalist kimi fəaliyyət göstərmədim. O zaman mən jurnalistəm, ya yox? Əgər məni qeydiyyata alıblarsa, jurnalistəm, qeydiyyata almayıblarsa, jurnalist deyiləm? Məsələn, bizdə Azərbaycan Yazıçılar Birliyi var. SSRİ-dən qalma qurumdur. AYB-nin üzvü olmayanlar yazıçı hesab olunur. Əcnəbi ölkələrin mütləq əksəriyyətində belə sistem yoxdur. Valter Skott yazıçı olmayıb yoxsa Viktor Hüqo? Proses onu göstərir ki, qanun onu qəbul edənlərin əleyhinə işləyəcək”.
 
“İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə isə əksinə, səslənən iradların əsassız olduğunu ifadə edib: “Bu fikirlər subyektiv və qərəzlidir. Media haqqında qəbul edilmiş yeni qanun müstəqil Azərbaycan mətbuatının növbəti inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirəcək. Bu qanun medianın sistemləşməsi, formalaşması, qüsurlu halların aradan qaldırılmasına kifayət qədər töhfə verəcək. Qanunda elektron medianın sistemli tənzimlənməsinə yönələn mühüm maddələr var. Vahid jurnalist vəsiqəsinin tətbiqini birmənalı dəstəkləyirəm. Yeni qanun bütün prinsipləri ilə özündə demokratik dəyərləri, tam sərbəstliyi ehtiva edir. “Kütləvi informasiya vasitələri haqqında” qanun 1999-cu ildə qəbul olunmuşdu. Həmin qanun elektron medianı ehtiva etmirdi. Bu illər ərzində dəyişikliklər çox olub. Qanunun dəyişməsi zəruri idi. Buna görə hesab edirəm ki, yeni qanun ədalətlidir. Söz, fikir, mətbuat azadlığını özündə ehtiva edir”.  
V.Rəhimzadə Jurnalistlərin Vahid Reyestrinə yalnız məhkumluğu olmayan jurnalistlərin daxil edilməyəcəyi ilə bağlı müddəaya münasibət bildirib: “Azərbaycanda hər kəs qanun çərçivəsində mühakimə olunur. Peşəsindən asılı olmayaraq hər kəs ilk növbədə vətəndaşdır. Jurnalistlərin əlahiddə səlahiyyətləri, toxunulmazlıq hüququ yoxdur. Dünyanın heç bir ölkəsində belə yanaşma mövcud deyil. Jurnalist cinayətdə iştirak edirsə, hüquqi müstəvidə cəzalandırılır”.

“Yeni Azərbaycan” qəzetinin  baş redaktoru Alqış Musayev mövzunu şərh edərkən bildirdi ki, istənilən islahat prosesində iradlar labüddür: “Medianın İnkişafı Agentliyi yarananda qurumdan iki gözləntim var idi: birincisi media haqqında mükəmməl bir qanunun hazırlanması; ikincisi medianın müstəqil iqtisadi bazasını təşkil etmək. İlk gözləntim özünü doğrultdu. Mövcud şəraitdə mükəmməl qanun layihəsi hazırlandı. Medianın reklam bazasının formalaşmasına gəlincə, bu, zamana bağlı məsələdir. Yeni qanun bizə peşəkar ənənələri bərpa etməyə imkan verəcək. Media praktiki fəaliyyət sahəsidir. “Media haqqında” qanun hakimiyyətlə jurnalistlər arasında vasitəçi rolunu oynamalıdır.  İradlar, tənqidlər hər zaman olacaq. Medianı yenidən qurmaq lazımdır. Yeni media qurulduqda tənqidləri zərərsizləşdirə biləcəyik. Bütün suallar zamanla cavabını tapacaq”.
Tarix: 14-02-2022, 21:57
Xəbəri paylaş





Xəbər lenti