Deputatlar çoxdan pensiyaya çıxıb, sadəcə, Milli Məclisin xəbəri yoxdur - Replika


Bu gün "deputatxana"nın növbəti iclası keçirildi. Təkiflər edildi, müzakirələr aparıldı.
Hər zaman olduğu kimi bu dəfə də təkliflər, müzakirələr eyni deputatlar tərəfindən edilirdi. Bilrisiniz nəyə fikir vermişəm? "Deputatxana"da deputatlar bir neçə qismə bölünüb: Milli Məclisi saymayıb iclalara qatılmayanlar, yatanlar, qulaq asırmış kimi görünüb başqa işlərlə məşğul olanlar, danışanlar, danışmaq istəyib məlumatsız olanlar və bir də “görəsən, mənim burda nə işim var” deyənlər.

Bir də son zamanlar öyrənməyə çalışanlar var ki, onlar da mətbuatı izləyib vətəndaşın hansı problemlərdən əziyyət çəkdiyini öyrənməyə çalışırlar. 27 saylı Sabunçu ikinci seçki dairəsindən “seçilmiş” Salazadə Əliabbas Qalib oğlu... Bilirsiniz bu kimdir? Azərbaycanın Həccə getmək üzrə reytinqdə birinci yer tutmuş sabiq deputatı Qalib Salahzadənin oğlu... Qalib bəyi ziyarətlər kralı da adlandırmaq olar. Nə deyə bilərik, “adamın pulu var, gedir”. Onda işimiz yox.

Söhbət onun oğlu Azərbaycan Milli Məclisində Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və digər 7 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olan Əliabbas Salahzadədən gedir. Məsələ ondandır ki, Əliabbas bəy seçildikdən bu günə qədər bir dəfə ağzını aça ya da açmaya... "Google" üzərindən axtarışlar zamanı belə, deputat və onun atası haqqında xoş olmayan məlumatlar üzə çıxır. Bu zaman belə bir sual ortaya çıxır: Belə xoş “CV” ilə Əliabbas Salahzadənin Milli Məclisdə nə işi var? Deyərsiniz, yazılanların hamısı düzdür ki? Əzizlərim od olmayan yerdən heç bir zaman bu qədər tüstü çıxmaz...

Və yaxud 28 saylı Sabunçi seçki dairəsindən Eldar Quliyev cənabları. Bu günə kimi ərazisi üzrə hansı vətəndaşının bir işinə yarayıb? Ola bilər yarayıb, ancaq öz yaxınlarına. Ona da inanmıram düzü. Amma Milli Məclisdə oturub ölkə və vətəndaşları üçün hansı əhəmiyyətli bir işə imza atıb? Biz bilmirik, varsa, çıxıb desin, danışsın gördüyü işlərdən. Və yaxud var-dövlətinin də hesabatını verə bilər, qəbul edərik.

46 saylı Şirvan seçki dairəsindən İltizam Yusifov: Zəhmli baxışları olan bu deputatı tanıyırsınızmı? Ümumiyyətlə, Milli Məclisin iclaslaırna nəzərdə salan zaman məndə belə bir fikir formalaşır ki, yaşı 65-i keçmiş deputatlar çoxdan pensiyaya çıxıb, sadəcə, Milli Məclisin bundan xəbəri yoxdur.

Digər ağzına su alıb dayananlar isə qorxur danışmağa. Qorxur ki, ağzını aça və səhv edə. Biz də hazırıq o səhvləri gün üzünə çıxarmağa. Sadəcə, maraqlısı budur ki, danışmağa qorxan adamın Milli Məclisdə nə işi var?

Seçkilər yadıma düşür, əl-ayaq öpürdülər seçilmək üçün. O əl-ayaq öpənlər, digərləri bir kənara, əl-ayaqlarını öpdüklərinizlə maraqlanırsınızmı? Deputatların çoxu jurnalistlərlə birbaşa ünsiyyətdən belə çəkinir. Gərək əvvəlcə əlahəzrətin köməkçisinə yazıb xahiş-minnətlə açıqlama istədiyini deyəsən, ondan sonra bu cənab səndən mövzunu soruşa, xoşuna gəlməsə də, deyə “bəs müəllimin işləri çoxdur”.

Düzü, bu köməkçilərin də çoxu elə deputatalrın özü kimi işləyir. Tərifləmək üçün və ya qadın olduğu üçün demirəm, deputat Hicran Hüseynova suallara da cavab verir, seçicisi ilə də maraqlanır. Ən azından nəsə iş görməyə çalışır. Azərbaycanda qadına iş görmək üçün verilən imkanları nəzərə alsaq, Hicran Hüseynova sözün əsl mənasında bacarıqlı qadındır. Yox, yalnış anlamayın Hicran Hüseynova məni tanımır, bir dəfə də olsun görməyib, nə də xüsusi alacağım-verəcəyim yoxdur. Sadəcə, qadın işini görməyə çalışır.

Xüsusi qeyd edim ki, bu gün parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimlinin “Ölülər”dən gətirdiyi sitatlar sevindirici idi. Deməli, deputatlarımız ədəbiyyatımıza ara-sıra göz atır.

Fəzail İbrahimli Fəzail İbrahimli
Onu da deyim ki, Milli Məclsiin iclaslarını səbrsizliklə gözləyir, açıqlamaları sevə-sevə izləyirəm. Ən azından kimin kim olduğunu görüb sizlərə də çatdırmaq üçün...

Görüşəcəyik!
Bizimyol.info
Tarix: 15-02-2022, 21:44
Xəbəri paylaş





Xəbər lenti