Cəmil Həsənli: “Ramiz getməklə iş bitmir”


“Ramiz getməklə iş bitmir. Akademiyada yerliçilik, proteksiya, qohumbazlıq, tayfabazlığın kökləri çox dərindir. Elmdə heç bir xüsusi qabiliyyəti olmayan, elmin inkişafına heç bir töhfə verməyən, hətta plagiatlığı üzə çıxan böyük bir dəstə bisavad məhz bu yollarla gəlib olub Akademiyanın həqiqi və ya müxbir üzvü. Belə "yüksək" titullara "yüksələn" elm "fədailərinin" bəzilərinin doktorluq dissertasiyasını yazan biçarələr hələ də fəlsəfə doktoru, dosent səviyəsindən yuxarı qalxa bilmirlər”.
 
Pravda.az-ın xəbərinə görə, bunu professor Cəmil Həsənli bildirib.
 
“Niyə? Çünki Azərbaycan humanitar elmində İsa Həbibbəyli kimi birisi uzun illərdir eyni qurumda həm birinci vitse-prezident (son aylar birincisiz-vitse), vitse-prezident, həm Ədəbiyyat institutunun direktoru, həm humantira elmlər şurasının sədri, bir həftə əvvələ qədər həm də ictimai elmlər şurasının sədri, şübhəsiz ki, həm də Milli Məclisin dəyişməz deputatıdır. Nə xəbərdir? Ölkənin bütün humanitar və ictimai elmlər sahəsinə hansı göstəricisinə görə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının "yetirməsi" rəhbərlik etməlidir? Təsəvvür edin, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialını yetirməsi olan bu şəxs bir neçə il əvvəl Akademiyanın birinci vitse-prezidenti kimi ölkənin ən mükəmməl türkoloqu, sözün kökü və tarixi ilə məşğul olan nəhəng dilçi alimlərindən olan Tofiq Hacıyevi təhdid edirdi ki, Tofiq müəllim yaxşı olar siz özünüz ərizə yazıb Dilçilik İnstitutunun direktoru vəzifəsindən gedəsiniz, biz sizi əmrlə çıxartsaq əmək kitabçanız körlanar. Baxın,  Akademiyanı belə korlayıblar, yalnız yerliçilik mərəzinə görə elmdə xüsusi bir göstəricisi olmayan gitara (və digər simli alətlər) ifaçısını gətirib qoyublar tarix elmində strateji sahə sayılan Arxeologiya və Etnoqrafiya İnstitutunun baş direktoru (icraçı direktorun da bu sahəyə aidiyyəti yoxdur), amma Tofiq Hacıyev kimi mükəmməl bir dilçini "əmək kitabçası"nın  korlanması ilə təhdid edirdilər. Məsələ Ramizin getməsindən daha dərindir”.
Tarix: 16-02-2022, 08:42
Xəbəri paylaş





Xəbər lenti