"Tərtər cinayəti"nin xeyir-duasını kim verə bilərdi? - Cinayətin trayektoriyası



Ötən ilin dekabrında Baş Prokurorluqda yeni istintaq qrupunun yaradılmasını “Tərtər işi” ilə bağlı proseslərin yeni və həlledici mərhələsi hesab etmək olar. Prosesin obyektiv şəkildə araşdırılacağı ilə bağlı ortada möhkəm siyasi iradə olduğuna görə, “müəmmalı” karyerası və ziddiyətli fəaliyyəti uzun illər ölkə ictimaiyyətində ciddi suallar doğuran yüksək rütbəli şəxslərin həbs ediləcəyi istisna edilmir. Əgər belə olmasaydı, yeni istintaq qrupunun yaradılmasına da ehtiyac qalmazdı. Həqiqət budur ki, “Tərtər işi”nə hüquqi-siyasi yanaşma tələb edir.

Bəs “Tərtər işi” təkcə hərbçilərin cinayətidirmi?

Ümumiyyətlə, yüzlərlə insanın işgəncəyə məruz qaldığı hadisələrin həqiqi tərəflərini ictimaiyyətdən və dövlətdən hansı güc gizlədib?

Heç kəsə sirr deyil ki, 2005-ci ildən sonra R.Mehdiyev ölkədə özü üçün “toxunulmazlıq korpusu” yaratmış oldu. Buna qədər o, ölkədə ciddi ictimai-siyasi fiqurların sıradan çıxarılması və idarəçilikdəki ağır daşların yerindən qoparılması ideyasının əsas müəllifi idi. Kreml ölkə daxilində baş verən bütün prosesləri yavaş-yavaş məhz R.Mehdiyevin iradəsinə daxil edirdi.

Heç şübhəsiz, 2016-cı il aprel döyüşlərindən sonra Ordumuzun hərbçiləri ilə bağlı işgəncə addımların atılmasının xeyir-duası da məhz R.Mehdiyevdən gələ bilərdi. 

Çünki aprel döyüşlərində Azərbaycan hərbçiləri qətiyyət göstərmişdilər. Eyni zamanda, ordu rəhbərliyinin bacarıqsızlıqlarını da kimlərinsə boynuna yıxmaq lazım idi. Digər tərəfdən, aprel döyüşlərində əsl döyüş nümunəsi göstərən hərbçilərin böyük hissəsinin Türkiyədə təlimlər keçməsi, onların milli ruhda xidmət göstərməsini nəzərə alsaq, məsələlər bir qədər də aydınlaşmış olur.

“Tərtər cinayət”nin siyasi trayektoriyası bəllidir.

Azərbaycan hərbçilərinə qarşı amansız işgənclərin həyata keçirilməsi yalnız bu şəkildə reallaşa bilərdi:

Xeyir-dua R.Mehdiyevdən gəlməli idi, Orduda bütün antimilli qərarların mahir dirijoru Nəcməddin Sadıkov tapşırıqlar verə bilərdi, şübhəsiz, Hərbi Prokurorluq da icra etməli idi. 

Bəs bu 3 komponenti özündə birləşdirən trayektoriyanın hədəfi nə idi?

Azərbaycan ordusunun döyüş əzminiq qırmaq, xalqa ordu arasında dərin uçurum yaratmaq, Türkiyə-Azərbaycan arasındakı hərbi mütəffiqliyi ləkələmək, Azərbaycan ordsunun ən azı Ermənistan ordusu qədər zəif olmasına nail olmaq və s.

O zaman sual olunur: Bütün bu hadisələr zamanı hərbçilərimizə işgəncələr etmək üçün "başla" düyməsini basanların qarşı iradəsinə qarşı çıxan başqa qüvvə yox idimi? Var idi... Məsələn, Mədət Quliyev! O, həmin vaxt DTX-nın rəisi vəzifəsində işləyirdi.

Məsələn, əldə etdiyim məlumatlardan aydın olur ki, böyük vəzifə səlahiyyətliləri və əlindəki fövqəladə gücdən istifadə edən qüvvələr M.Quliyevin bu istiqamətdəki fəaliyyətini bloklamağı bacarmışdı. M.Quliyev hərbçilərə qarşı baş verən hadisələrin dövlətin təhülkəsizliyinə ciddi təhdid olduğunu dəfələrlə demişdi.

Diqqət ediriksə, R.Mehdiyev vəzifədən çıxarılana qədər (2019-cu il oktyabr) “Tərtər işi” gündəmdə yox idi. O, bütün gücü və “Şimal küləyi”nin itələmə qüvvəsi ilə hərbçilərə qarşı baş verən cinayətlərin ort-basır edilməsinə nail ola bilmişdi. Məhz onun PA rəhbəri vəzifəsindən uzaqlaşdırılması ilə “Tərtər işi”nin gündəmə bomba effekti ilə düşməsi eyni paralellik təşkil edir.

“Tərtər işi”nin obyektiv və birdəfəlik həlli Azərbaycan Ordusunun gələcək inkişaf perspektivləri baxımından strateji yanaşma tələb edir. Deyərdim ki, bu məsələ Qarabağ problemi qədər ədalətli həll yoluna möhtacdır. Ən xırda detal belə istintaqdan yayındırılmamalı, vəzifəsindən, rütbəsindən asılı olmayaraq, bu cinayətlərdə əli olan istənilən şəxs qanun qarşısında cavab verməlidir. Əks halda “Tərtər işi” dövlət adına bir ləkə kimi qalacaq və Ordunun bundan sonrakı potensialını tormozlayacaq və xalqın etimadı sarsılacaq.

Müəllif: Samir Feyruzov
Tarix: 16-02-2022, 21:34
Xəbəri paylaş





Xəbər lenti