"ORDUDAKI HƏBSLƏRİN ƏHATƏ DAİRƏSİ GENİŞLƏNƏCƏK" - "Bu cinayətlərin Sadıkovla bağlı olmasını..."



Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı həbslər davam edir. Dünən Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub. Ona, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu həbs ediliblər. Adıçəkilən şəxslərin ümumilikdə 10 milyon manatdan çox dövlət vəsaitini ələ keçirdiyi bildirilir.
Həbslərin davam edəcəyi, onun əhatə dairəsinin daha rütbəli ordu məmurlarına çatacağı istisna deyil. Dünən istefada olan polkovnik Cəlal Kazımovun istintaqa cəlb edilməsi nazirlik strukturlarından təqaüdə çıxmış şəxslərin də prosesə cəlb edilməyindən xəbər verir. Məlumdur ki, ordu aşağıdan yuxarıya qədər tabeli qurumdur, komandirlər, rəislər, vəzifə tutan başqa şəxslər hər bir əməliyyata, qərara görə iyerarxiyaya uyğun olaraq cavabdehlik daşıyırlar.
Maliyyə xidmətlərində tabelilik prinsipi təkcə bu xidmətin strukturlarına aid deyil. Məsələn, bir hərbi hissənin maliyyə xidmət rəisi hazırladığı xərclər smetasına qərərgah rəisi və hərbi hissə komandiri imza atıb möhür vurur.
Beləliklə, istintaqın gedişində daha çox ordu məmurlarının, zabitlərinin dindirilməyə alınacağı, həbs ediləcəyi gözlənilir.
Prosesi "AzPolitika.info"-ya şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, DTX tərəfindən Azərbaycan ordusuna ayrılan vəsaitlərin ayrı-ayrı şəxslər tərəfindən mənimsənilməsi hər birimiz üçün xoşəgəlməz haldır: "Əlbəttə arzuolunan idi ki, Müdafiə Nazirliyinin özünün nəzarət orqanları, yaxud Hərbi Prokurorluq bu faktları aşkarlayardı”.

Ə.Verdiyev xatırladır ki, DTX-nın da ordu quruculuğu prosesinə kölgə salan hakimiyyət orqanlarının fəaliyyətini araşdırmaq səlahiyyəti mövcuddur. Onun sözlərinə görə, DTX-nın məsuliyyət sahəsi daha genişdir, ona görə də bu məsələlərlə müvafiq qurumlar çox yaxından məşğul olmalıdırlar.
Hərbi ekspert ordudakı həbsləri iki aspektdən dəyərləndirməyin tərəfdarıdır: "Bu hadisə onu göstərdi ki, 44 günlük müharibə zamanı zəfər qazanan qəhrəman ordumuzun daxilində hələ də natəmiz kadrlar mövcuddur. Bu fakt təsdiqləndi. İkincisi, bu kimi təmizləmələrin aparılması ordumuzun gələcək perspektivləri baxımdan çox əhəmiyyətlidir. Doğrudur, biz bundan narahat olacağıq, sarsıntı keçirəcəyik, amma bu tədbirlər vacibdir. İstənilən halda cinayət işləri, aparılan araşdırmalar, silahlı qüvvələrdə aparılan islahatları məntiqi sonluğa çatdırmaq və ordunu natəmiz insanlardan təmizləmək məqsədi daşıyır".
Ə.Verdiyevin sözlərinə görə, açılan cinayət işlərinin daha əvvəl xidmət edənlərə gedib çıxması ondan xəbər verir ki, əhatəli, geniş bir araşdırma aparılır: "Bu cinayətlərin keçmiş Baş Qərərgah rəisi Nəcməddin Sadıkovla bağlı olmasını isə aidiyyatı qurumlar deyə bilər. Hesab edirəm ki, bu cinayətlərdə əli olan şəxslər tutduğu vəzifədən asılı olmayaraq ən sərt şəkildə cəzalandırılmalıdırlar. Onsuz da həbslərin əhatə dairəsi genişlənir, ehtiyatda olan bir polkovniki də bu günlərdə saxladılar, məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçdi".
Tarix: 19-02-2022, 15:36
Xəbəri paylaş





Xəbər lenti