"HƏBS OLUNAN SABİQ İDARƏ RƏİSİ SADIKOVUN ƏN YAXIN ADAMI İDİ" - Polkovnikdən açıqlama (Yenilənib)



“Həbs olunan, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd keçmiş qərargah rəisi Nəcməddin Sadıkovun yaxınıdır. Düşünürəm ki, N. Sadıkovun orduya təsirini azaltmaq üçün, onun kadrlarını ordudan tam təmizləmək lazımdır. Çünki o yerində dinc dayanmır”.

Bu sözləri Bakupost.az -a Silahlı Qüvvələrin Hərbi Polisinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Müdafiə Nazirliyindəki həbslərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə N. Sadıkovun orduda olan kadrları ona hansısa məlumatları ötürürlər:“Vətən Müharibəsindən əvvəl N. Sadıkovun Müdafiə Nazirliyində korrupsiya, rüşvətxorluqla bağlı əməlləri tez-tez mətbuatda yazılırdı. Müdafiə Nazirliyinin Maliyyə İdarəsindəki həbslərin hamısı daha keçmişə qaynaqlanır. İnanmıram ki, DTX onları bu gün aşkarlayıb. Fikrimcə, bunlar çoxdan nəzarətdə idi. Onlar haqqında qəti qərar qəbul olunması üçün materiallar toplanırdı”.
Hərbi ekspert bildirib ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf N. Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir: “Ondan əvvəl köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf N.Sadıkovun kadrı idi. Nəcməddin Sadıkovun kadrları hələ də vəzifədədir. Hesab edirəm ki, onları tam şəkildə təmizləmək lazımdır. Bu gün o kadrlar öz köhnə rəislərinə hansısa məlumatları ötürür. N. Sadıkovun sağ əli Zahid vardı və orduda onu “Şlyapa Zahid” kimi tanıyırdılar. Onun qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıqova bağlı insan idi”.
***

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib. M. Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M. Qurbanova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.
M. Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb.
***
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.
Məlumatı "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.
Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxllıb.
***
Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.
Hərbi mənbələrdən “Qafqazinfo”ya verdiyi özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.
O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.
Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.
Tarix: 21-02-2022, 22:14
Xəbəri paylaş





Xəbər lenti