“Bir məmur bütün hökumət strukturlarını üzərimizə göndərdi...” – “Prime TV”-nin fəaliyyətinə maneələr var




“Yasamal Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Mənsurova Elnurə Elman qızı efir fəaliyyətimizə ciddi maneələr yaratmağa çalışır. Belə ki, bu yaxınlarda ofisimizin yerləşdiyi binanın 8-ci mərtəbəsində qəza baş verdi və 7-ci mərtəbədə yaşayan E.Mənsurovanın balkonuna su töküldü. Hadisə zamanı Mənsurovlar, binanın komendantı və digər sakinlər də əmin oldular ki, bizim bu məsələdə hər hansı məsuliyyətimiz yoxdur, şaxtada bir kran xarab olub və ən çox ziyan da bizə dəyib”.
Bunları “AzPolitika.info”-ya açıqlamasında “Prime TV”-nin təsisçisi, tanınmış jurnalist Aygün Muradxanlı deyib.
O, bildirib ki, E.Mənsurova həmin mərtəbədə studiyanın fəaliyyət göstərdiyini öyrəndikdən sonra çirkin kampaniyaya əl atmağa başlayıb: “Biz bu hadisəyə qədər artıq 1 il 4 ay idi ki, həmin yeri kirayə götürmüşdük və heç kimlə bir problemimiz olmamışdı. Yalnız su məsələsi ortaya çıxanda Mənsurovlar xəbər tutdular ki, burada internet televiziyası yerləşir. Bundan sonra E.Mənsurovanın həyat yoldaşı, “Suraxanı İH-nin işçisi” Fikrət Mənsurov bütün hökumət strukturlarını üzərimizə göndərdi".
Jurnalist İcra nümayəndəsinin “Prime Tv”-nin fəaliyyətinə suni əngəllər yaratmağa çalışdığını deyir: “E.Mənsurova və onun həyat yoldaşı DİN əməkdaşlarını, “Azərsu” və FHN-nin işçilərini mütəmadi olaraq studiyaya göndərir. Dövlət nümayəndələri isə gah iddia edirlər ki, ofisdən səs-küy gəlir, gah deyirər ki, burada projektorlar var və s. Bir sözlə, bu iki şəxs bizə iş görməyə imkan vermirlər. Efirə qonaq dəvət edirəm və gəlib görürəm ki, hansısa məmur gəlib və mən məcbur olub izahat yazıram. Nəticədə efir fəaliyyətimi davam etdirə bilmirəm”.
“Elnurə Mənsurova özünü nə sayır ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edir? Belə çıxır ki, Yasamal rayon İH-da çalışan bu şəxs və onun arxasında dayanan qüvvə millətçi və dövlətçi düşüncəni təmsil edən, Azərbaycan Respublikasının informasiya savaşında öz yeri və çəkisi olan “Prime TV”-ni özlərinə təhlükə sayır, bu səbəbdən də işimizə mane olur.
Bu arada onu da vurğulayaq ki, Elnurə Mənsurova Kərəm Həsənovun kadrı kimi tanınır. Prime TV-nin rəhbəri olaraq prokurorluq və daxili işlər orqanlarını rəsmi vəzifə tutan Elnurə Mənsurovanın və özünü vəzifəli şəxs kimi təqdim edən Fikrət Mənsurovun addımlarına hüquqi qiymət verməyə çağırırıq. Faktiki olaraq bir məmur boyundan yuxarı atılaraq hansısa xidmətləri qarşılığında əldə etdiyi imkanlarla vəzifə səlahiyyətlərini aşır. Onun əri isə heç bir yerdə işləmədiyi halda özünü Prezidentə birbaşa tabe icra strukturunun vəzifəli şəxsi kimi təqdim edir. Ümid edirik ki, bu iki iki əməlin ciddi hüquq pozuntusu olduğunu anlayan müvafiq qurumlar sözügedən şəxslər barəsində lazımi tədbir görəcəklər”,- jurnalist bildirib.
Tarix: 4-10-2022, 17:38
Xəbəri paylaş





Xəbər lenti