Oliqarx məmurların doymayan gözləri və Azərbaycanın möhtac insanları - “Bu məsələ əslində idarəetmənin problemidir”


Azərbaycanda həbs edilən sabiq nazirlər, yüksək vəzifəli digər məmurlar məhkəmə qarşısına çıxarılanda bəlli olur ki, onların mal-mülkünün qiyməti 10, hətta 100 milyonlarla ölçülür.

Məsələn, son olaraq üzə çıxan faktı qeyd edək: rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun 18 milyon manatdan çox dəyərdə əmlak sahibi olduğu üzə çıxıb.

Məlum olub ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmlaklarından yalnız birini öz adına rəsmiləşdirib. O, mülklərini əsasən övladları və yaxın qohumlarının adına alıb. Həmin qohumlar arasında Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu da olub.

Qiymətləndirmə zamanı məlum olub ki, Səlim Müslümovun mülkiyyətində olan əmlakların ümumi dəyəri 18,605,500 manatdır. Həmin əmlakların siyahısını təqdim edirik:

Səlim Müslümovun öz mülkiyyətində:

- Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyatov prospektində mənzil (140.000 manat)

Oğlu Turqay Müslümlünün mülkiyyətində:

- Bakı şəhəri Binəqədi r-nu Z.Bünyatov prospektində mənzil və qeyri-yaşayış sahəsi (350.000 manat)

Oğlu Asim Müslümlünün mülkiyyətində:

- Bakı şəhəri Səbayel rayonu Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi (450.000 manat)

- Bakı şəhəri Yasamal rayonu M.İbrahimov küçəsində mənzil (926.250 manat)

Yaxın qohumu Mirələsgər Seyidəliyevin mülkiyyətində:

- Bakı şəhəri Nərimanov rayonu O.Kərimov küçəsində iki ev (5.000.000 manat)

Yaxın qohumu Sadiq Seyidəliyevin mülkiyyətində olan:

- Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində ev (389.250 manat)

- Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində torpaq sahəsi (4.000.000 manat)

- Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri (900.000 manat)

Yaxın qohumu Dəyanət Seyidəliyevin (Ağsunun keçmiş icra başçısı Ənvər Seyidəliyevin oğlu) mülkiyyətində:

- Ağsu şəhərində yerləşən 8 hektar ərazidə qurulmuş “Ağsu Aqrotexservis” ASC-ya aid istixana (1.500.000 manat)

Qaynı Ağaxan Xasayevin mülkiyyətində:

- Bakı şəhəri Xətai rayonu, R.Rza küçəsində yerləşən 3 mərtəbəli sahəsi 2000 kv.m olan qeyri yaşayış sahəsi (2.300.000 manat)

- Bakı şəhəri Xətai rayonu, R.Rza küçəsində yerləşən 2 mərtəbəli sahəsi 1650 kv.m olan qeyri-yaşayış sahəsi (2.000.000 manat)

- Bakı şəhəri Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi (650.000 manat).

Bütün bunlar hələ istintaqa məlum olan faktlardır. Təbii ki, izi itirilmiş, gözdən qıraqda qalan və xaricdə də mövcud olan mülklər, bank hesabları var.

Rüşvət, korrupsiya dünyanın hər yerində var. Ancaq Azərbaycanda məmurlar acgözcəsinə, 500 il ömrü olacaqmış kimi davranış sərgiləyərək, 100 milyonlara sahiblənmək üçün ağlasığmaz talançılıqlar ediblər. Hətta hazırda vəzifədə olanların da bu və ya digər şəkildə talançıqlıqlardan çəkinmədikləri iddiaları da var.

Niyə bizim məmurlar bir neçə milyonla kifayətlənmir, əndazəni, məntiqi belə aşan, həbsi belə gözə almayan davranışlar sərgiləyirlər?

Bəziləri deyir ki, nazirlər, məmurlar öz aralarında oliqarxiya yarışına girirlər, ən böyük sərvətin ona aid olmasını bir prestij, sözükeçənlik sayırlar.

Bəziləri isə bunu, sadəcə, acgözlük və korazehinlik, dövlətə, hakim komandaya sədaqətsizliyin nəticəsi kimi dəyərləndirir. Yəni onlar əlində fürsət olarkən “sabah bilmirəm nə olacaq” düşüncəsi ilə çapıb-talayırlar, sonra hətta həbs olunsalar belə əlində müəyyən mülkləri, xaricə qaçırdıqları pulları saxlaya biləcəklərini, kef edəcəklərini fikirləşirlər.

Bu kontekstdə bir detalı da vurğulayaq: Məsələn, bir müddət öncə məhkum olunan, əmlakları müsadirə edilən Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus 2 milyonluq əmlak üzərindən həbs götürülüb!

Siam.az həmin əmlakların siyahısını təqdim edib:

Şıxəliyeva Aybəniz Qinyaz qızı və Müslümova Zinhar Şirqasım qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak;

Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus Bakı şəhəri, Səbayel rayonu, Bülbül prospekti, 7 saylı binanın 40 saylı mənzili;

Şıxəliyev Elgün Mövlam oğluna məxsus Bakı şəhəri, Səbayel rayonu, Nizami küçəsi, 96 saylı binanın 37 saylı mənzili;

Şıxəliyev Elgün Mövlam oğluna məxsus İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlak.

Həbsdən azad olunmuş əmlakların ümumi məbləği 2 milyon manata yaxın qiymətləndirilir.

Hökmə əsasən Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilmişdi, özünə və ailə üzvlərinə məxsus üzərinə həbs qoyulmuş əmlakların əksəriyyəti müsadirə olunmuşdu. İndi isə əmlakların ən azı 2 milyonluğu qayıdıb, hələ gizlətdikləri, tam yad adamların adına olanlar, müsadirə olunmamışları da var.

Mövlam Şıxəliyevin 12 il həbsdə yatacağı da inandırıcı deyil, məsələn, o da Naxçıvanın sabiq qaniçən milli təhlükəsizlik naziri Vəli Əsgərov kimi 5-6 ildən sonra azadlığa çıxıb, milyonlarını xərcləyib kefini davam etdirə bilər.

Belə tendensiyanın davam etməsi məmurlarda arxayınlıq yarada bilər. Hansı mexanizmlər tətbiq edilməlidir ki, məmurlar talançılıqla məşğul ola bilməsin və tutulandan sonra həbsdən çıxıb dövlətdən, xalqdan taladıqlarını xərcləməyə nail olmasın? Faktlar göstərir ki, hazırda tətbiq olunan mexanizmlərdən əlavə də tədbirlər görülməlidir.

Digər bir tərəfdən, həbs olunan icra başçıları, habelə işdən çıxarılan kimi milyonluq əmlakları bilinən, amma həbs edilməyən iri məmurların nümunəsində də göründü ki, Azərbaycanda vəzifədə olan məmurlar qısa müddətdə varlanır, harınlayır və əmlak, pul zəngini olurlar. Buna paralel olaraq isə əhalimizin möhtac, azgəlirli təbəqəsi əziyyət içərisində, bir tikə çörəyə möhtac halda yaşamaq zorunda qalırlar. Məmurların xalqı istismarı olmasa və ölkənin gəlirləri bərabər bölünsə, bunca kəskin təbəqələşmə də olmazdı. Məsələ də burasındadır ki, zaman keçdikcə, ifşa olunan bu məmurların yerlərinə təyin olunanlar vəziyyəti dəyişmək üçün heç nə etmirlər. Belə olan halda, sosial narazılıq artır, xalqımız arasında siniflər, siniflər arasında isə ziddiyyət və gərginlik yaranır. Bunları önləmək üçün hansı mexanizmlər təklif olunur?

Siam.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb:

“Burada, sadəcə, sistem problemi var. Belə məlum olur ki, Azərbaycanda ən şəffaf sahə, obrazlı şəkildə desək, elə korrupsiyadır. Çünki məmur həbs olunduqda və yaxud işdən çıxarılan kimi həmən onun bütün varidatının siyahısı saytlarda yayımlanır. Belə çıxır ki, hamı öncədən hər şeyi bilirmiş, sadəcə, vəzifəsi onun ”qalxanı" rolunu oynadığına görə sərvətləri haqda məlumat ictimailəşdirilmir. Lakin həmin “qalxan”, vəzifə “zirehi” götürülən kimi anında bütün vəziyyət çılpaqlığı ilə ortaya çıxır. Deməli, ölkəmizdə bu sahə çox “şəffafdır”, hamı hər şeyi öncədən bilir.

Əslində bu məsələnin bir çox səbəbləri var. Birinci səbəb əlbəttə ki, ümumi korrupsiyadır. Bir çox hallarda insanlar vəzifəyə getmək üçün öncədən xərc çəkir, ona görə də görəvə gəldikdən sonra həmin vəsaiti geri qaytarmaq haqqında düşünürlər. Çünki onun hansı müddətdə həmin vəzifədə qalacağı məlum deyil. Məsələyə fəlsəfi baxsaq, deyə bilərik ki, ölkədə bir çox vəzifələr təyinatlıdır, yəni seçkili deyil. Əgər icra başçılarının yerinə seçkilər yolu ilə seçilmiş bələdiyyə sədrləri olsa onlar ən azından biləcəklər ki, 5 illik bu vəzifəyə seçiliblər və vətəndaş, seçici qarşısında məsuliyyətləri var, beləliklə də 5 il müddətində normal işləməyə çalışacaqlar. Lakin bu gün təyin olunmuş hansısa bir məmur bu gün, ya da sabah işdən çıxarılıb-çıxarılmayacağını bilmir. Ona görə də daha çox daha sürətlə korrupsiyaya bulaşmağa çalışır ki, əlində olan fürsətləri dəyərləndirə bilsin.

Bu məsələ nazirlərə də aiddir. Əgər nazirlər də parlament tərəfindən seçilsələr, bu zaman onların da 5 illik vəzifədə qalmaq üçün zəmanətləri olardı. Bu zəmanətlər isə yoxdur.

İkinci bir məsələ, açıq deyək ki, Azərbaycanda məmurların, o cümlədən icra başçılarının maaşları çox aşağıdır. Təsəvvür edin, icra başçılarının maaşı 1500 manatdan aşağı olur. Adi bank işçisi ondan daha artıq maaş alır. Beləliklə, onların korrupsiyaya buşlaşmasının əsas səbəbi maaşlarının az olmasıdır. Əgər ölkədə nazirin maaşı 1500-1600 manatdırsa və bir imzası milyonlarla ölçülürsə, deməli, o imzanı atmaqla daha çox pul qazanmağı düşünəcək. Yəni məmurlar səlahiyyətlərindən, vəzifəsindən istifadə edərək, daha çox pul qazanmağa çalışırlar. Bu isə ümumi sistemin problemidir, şəxsin problemi deyil. Ola bilməz ki, bütün icra hakimiyyətləri eyni qafada olub, eyni davransınlar. Demək ki, sistemin özü onları bu cür addım atmağa sövq edir".

AĞ Partiya sədri Tural Abbaslı isə qeyd etdi:

“Bu, əslində idarəetmənin problemidir. Yəni dövlət idarəçiliyi anlayışı olandan bu yana məmur acgözlüyü, özbaşınalığı, yeyinti, büdcədən oğurlamalar məsələsi müzakirə mövzusu olub.

Burada müxtəlif səbəblər var. Burada həmin vəzifəyə təyin olunan insanların şəxsi keyfiyyətləri, dünyagörüşləri, inancları, qanundakı boşluqlar, insanların qanundan yüksək durması və sairə, bütün bu faktorlar birləşərək, məmurlarımızı bu cür acgöz və harın bir vəziyyətə gətirir. İnsanda ya qanun, ya da vicdan qorxusu olmalıdır. Hətta qanunda boşluq olsa belə, insanın daxilində vicdan, Allah qarşı inam varsa, o heç vaxt oğurlamaz. Amma həm qanunda boşluq olanda, həm də insanda vicdan, qanun qorxusu olmayanda ortalığa mövcud vəziyyət çıxır.

Məsələn, mən də oxudum ki, barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun 18 milyon manatdan çox dəyərində əmlak sahibi olduğu üzə çıxıb. Adamı bu sual düşündürür ki, bu insanı bu cür arxayın oğurluq etməsinin motivi nə olub? Əlbəttə ki, qanunsuzluq, cəzasızlıq. İstənilən insan komforta, mal-mülkə meyillidir. Bu, qanunla tənzimlənməlidir.

Təbii ki, məmurların maaşlarının az olması da bu məsələyə öz təsirini göstərir. Əgər sən bir şəxsi nazir təyin edib, ona 1400 manat maaş verəcəksənsə, əlbəttə ki, o, oğurlayacaq. Bu, birmənalıdır. Amma hər halda, vicdan olsa nazir o cür məsuliyyətin altına girməz. Lakin nazir düşünür ki, vəzifədə olduğu müddətdə müəyyən limitə qədər oğurlamaq hüququ var, ona görə də oğurlayır. Beləliklə, qanundakı boşluqlar, maaşın azlığı, insanların şəxsi keyfiyyətlərinin aşağı olması, bütün bunlar üst-üstə gəldikdə məmur təbəqəsi əməl gətirir.

Təbii ki, həbslər olur, amma bir nəticəsi varmı? Bu problemin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir".
Tarix: 6-10-2022, 10:13
Xəbəri paylaş





Xəbər lenti