Ordumuz əməliyyatlara başlasa, İran müdaxilə edəcək? – Analitikdən maraqlı təhlil

 
Son günlər İranla bağlı ziddiyyətli xəbərlər yayılır. Azərbaycanın Ermənistanın təxribatlarına cavab verəcəyi halda İranın öz ordusuna “hazır ol” əmri verdiyi deyilir. Eyni zamanda İran Silahlı Qüvvələrinin nümayəndələri sentyabrın 9-da Müdafiə Nazirliyində olub və nazir Zakir Həsənovla görüşüblər. Tehran bu hərəkətləri ilə bizə hansı mesajları verir? Ümumiyyətlə, Azərbaycan Qarabağda antiterror əməliyyatına başlayarsa, İran proseslərə müdaxilə edə bilərmi?
Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz bu ehtimala inanmır.
Onun sözlərinə görə, İranın proseslərə müdaxilə etməsi üçün legitim əsasları olmalıdır:
“Bunun üçün isə ən azı, Ermənistan öz təhlükəsizliyini əsas gətirib İrana müraciət etməlidir. Qərblə inteqrasiya yolunu tutan, bunun üçün hətta indiyə qədərki himayədarı Rusiya ilə münasibətlərini korlayan rəsmi İrəvan heç bir halda İrana üz tutub, yardım diləməz. Bu, Ermənistanın özü üçün ölümcül xəta olar. Çünki onun yeni himayədar axtardığı kollektiv Qərbin İrana münasibəti Rusiyadan daha yaxşı deyil. ABŞ açıq şəkildə İranı “şeytan üçbucağı”na aid edib. Hətta Rusiyadan qabaq. Belə vəziyyətdə İrəvanın İrana üz tutması Qərb ölkələrinin Ermənistandan tamamilə üz döndərməsinə səbəb ola bilər”.
Heydər Oğuzun fikrincə, İranın proseslərə müdaxiləsinə Rusiya da seyrçi qalmaz:
 “Çünki Rusiya xüsusilə Ermənistana öz “arxa bağçası”, plasdarmı kimi baxır və onu heç kimlə paylaşmaq istəmir. Rusiya rəsmiləri bunu heç gizlətmir və hər gün biri çıxıb Qərbə üz tutmağa çalışan İrəvanı ağ yuyub, qara sərirlər. Zəifləyən Rusiya üçün İran da eyni dərəcədə təhlükəlidir və onun Cənubi Qafqazda lövbər salması Kreml üçün qəbuledilməz hərəkətdir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, son zamanlar İranla Rusiya arasında da vəziyyət pisləşib:
 “Ukrayna savaşında üstünlük qazanması üçün Rusiyaya öz kamikadze dronlarını verən İran ondan “Su-37” hərbi təyyarələri almaq istəyirdi. Bütün cəhdlərinə baxmayaraq, Rusiya ona bu təyyarələri vermədi. Bir çox analitiklərə görə bunun səbəbi Rusiya ilə İsrail arasında əldə edilmiş gizli anlaşmadır. Bu razılığa əsasən, İsrail Ukraynaya, Rusiya isə İrana hərbi yardım verməməlidir.
Üstəlik, İran son zamanlar ABŞ-la da münasibətlərini tənzimləmək istəyir. ABŞ prezidenti Co Baydenin İranla nüvə dialoquna qayıtması da bununla izah olunur və Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları təsirli hala gətirmək üçün İranın enerji mənbələrindən faydalanmaq istəyini göstərir. Hətta bu səbəbdən İsraillə ABŞ arasında son zamanlar sərin küləklər əsir. Belə bir avantaj qazanmaq ərəfəsində İranın Cənubi Qafqaza müdaxiləsi düşünülməmiş addım olardı”.
 
Heydər Oğuz
Ən əsası isə, buna Türkiyənin, İsrailin və Böyük Britaniyanın seyrçi qalmayacağını düşünən həmsöhbətimizin fikrincə, İranın belə bir addım atacağı təqdirdə 4 tərəfdən cavab alacağı istisna deyil:
“Bilirsiniz ki, hazırda İraqda, Suriyada vəziyyət getdikcə mürəkkəbləşir. Yaxın Şərqdə baş verənlərin hamısı İranın başı üstündə gəzən qara buludlar kimi səciyyələndirilir. Məlumdur ki, İran İraq və Suriya xətti ilə Aralıq dənizinə çıxmaq istəyir. İraqda və Suriyada baş verənlər isə tam da onun Şərq-Qərb marşrutu – “şiə hilalı” layihəsi üzərində cərəyan edir. İran hətta o coğrafiyadakı mövqeyini getdikcə əldən verir. Belə bir vəziyyətdə bir də Cənubi Qafqazda ağrımayan başına dəsmal bağlamaz”.
Heydər Oğuz İranın hədə-qorxularının elə hərbi təlimlərlə məhdudlaşacağını düşünür:
“Məşədi İbad demişkən, İranın sərhədimizdə hərbi təlim keçirməsi bir növ adətkərdəliyə çevrilib. Bir az o tərəfə-bu tərəfə atəş açacaqlar, sonra da suları süzülə-süzülə çıxıb kazarmalarına gedəcəklər. Başqa sözlə desək, “şir” quyruğu göstərmək İranın adətkərdəliklərindəndir, əhəmiyyət verməyə dəyməz”.
Tarix: 10-09-2023, 09:22
Xəbəri paylaş





Xəbər lenti