Bu regionda sağ qalmaq istəyirsənsə... - ƏLİN TƏTİKDƏ OLMALI...

Bu regionda sağ qalmaq istəyirsənsə...
Virtual aləmdə, mediadakı gərginlik, xaosla sahədəki sakitlik və disiplin arasında uçurum var. Zəng edib 2 saat əvvəl olduğun yerlə bağlı elə şey deyirlər, adam özündən şübhələnir ki, bəlkə mən səhv yerdə olmuşam, ya 2 saat ərzində böyük şeylər baş verib, xəbərim olmayıb. Dəyirman öz işində, çax-çax baş ağrıdır...
Təkcə Qarabağ, Ermənistan - Azərbaycanla bağlı yox, ümumiyyətlə, regionda gərginlik var. Bəziləri məntiqin, bəziləri hissin, bəziləri də fantaziyasın işə salıb, düzür, qoşur, toxuyur, alır, parçalayır, xəritədən silir, yenə xəritələr çəkir.
Baş verənlər və verəcəklər 3 il ərzində davam edən oyunun məntiqi sonluğudur.
Hərbi gərginliyin iki versiyası üzərində baş sındırılır:
1. Qarabağda əməliyyat və separatizmin kökünün kəsilməsi.
2. Sərhəddə əməliyyat və Ermənistanın cəzalandırılması.

Birinci üçün əldə kifayət qədər səbəb, hüquqi əsas var. Ancaq qarşıdakı çox hiyləgər və kürəyini yerə verməmək üçün hər varianta gedəcək cinsdəndir. Afrin əməliyyatın xatırlayın, Türkiyə vaxt və yaşıl yol verib, sonra hərəkətə keçdi. İdeal əməliyyat olmuşdu, əgər iş hərbi yola qalsa eynisi niyə olmasın?
İkinci üçün də səbəb, hüquqi əsas, bəhanə tapmaq olar. Cümhuriyyətin varisliyi, torpaqların kəsilib verilməsi və ədalətin bərpası. Dünyada tarixi torpaqlar tezisi gündəm olmuşkən, niyə də olmasın deyilə bilər.
Gerçək olan odur ki, fakt Rusiya Ermənistanı cəzalandırmaq, Paşinyanı devirmək istəyir. Maraqları görürsünüz(?), dünənə qədər Ermənistanın arxasında duran Rusiya, indi Azərbaycana "davay, brat" deyə bilir. Türkiyə onsuzda "yürü aslan parçası" deyirdi. Bir tək qalır İran. İranı da neytrallaşdırmaq düşür Türkiyə və Rusiyanın boynuna. Hesab edirəm ki, bu məsələdə də sıxıntı olmayacaq. Ancaq narahat olmağa dəyər.
Bu regionda sağ qalmaq istəyirsənsə, böyük oynamalı və risklər etməlisən.
Cənubi Qafqaza bir region kimi baxılır. Bu regionda nə qədər ki, üç ölkə var, problem əskik olmayacaq. Bir ev, üç qapı, hər qapıdan bir oynaş. Sonra da qulaq dincliyi arzula...

Səxavət Məmməd
Dia.az
Tarix: 11-09-2023, 08:16
Xəbəri paylaş





Xəbər lenti