Antiterror tədbirlərində əhəmiyyətli NƏTİCƏLƏR - AÇIQLAMA

Antiterror əməliyyatında əhəmiyyətli nəticələr əldə etmişik
“Qarabağ ərazisində dünəndən başlayan antiterror tədbirləri davam edir. Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrinin hərbi obyektlərini və infrastrukturunu hədəfə alıb və dəqiq zərbələrlə məhv edir”.

Siam.az bildirir ki, bunu KONKRET.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, son vaxtlar istər şərti sərhəddə, istərsə də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə vəziyyətin gündən-günə gərginliyə doğru inkişaf etməsi, mütəmadi olaraq təxribatların törədilməsi antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz edirdi: “Bundan əvvəl Qarabağdakı qondarma rejimə dəfələrlə xəbərdarlıq edilmişdi. Bildirilmişdi ki, üçtərəfli bəyannamənin 4-cü bəndinə uyğun olaraq Qarabağdakı qanunsuz erməni silahlı birləşmələr tərksilah olunmalıdır. Amma ermənilərin silahı yerə qoymaq fikri yox idi və onlar vaxtaşırı təxribatlar törədirdilər. Azərbaycan ərazisində genişmiqyaslı hərbi əməliyyatların başlanmasına zəmin yaradırdılar. Bununla dünya birliyinin diqqətini Azərbaycana yönəltməyi qarşılarına məqsəd qoymuşdular. Azərbaycan da bunu bildiyindən qabaqlayıcı tədbirlərə əl atmağa məcbur oldu. Antiterror tədbirlərinin keçirilməsində məqsəd qanunsuz erməni hərbi birləşmələrini ərazidən təmizləmək və Xankəndidə Azərbaycanın dövlət bayrağını qaldırmaqdır”.

Ekspert deyib ki, hazırda antiterror tədbirlərinin birinci mərhələsidir: “Onu da bildirim ki, Azərbaycan antiterror tədbirlərinə xeyli vaxtdır hazırlaşırdı. Qarşı tərəfin bütün hərbi obyektləri, infrastrukturu və mövqeləri Azərbaycan Ordusu üçün legitim hərbi hədəflərdir. Azərbaycan Silahlı Qüvvələri arsenalında olan dəqiq vuran silahlardan istifadə edir və yalnız hərbi obyektlər sıradan çıxarılır. Oradakı silahlı birləşmələr Azərbaycan tərəfinin çağırışına əməl edib ağ bayraq qaldırsa, antiterror tədbirləri dayandırılacaq. Əksinə, silahı yerə qoymasalar, əməliyyatın ikinci mərhələsi daha amansız olacaq”.

Ş.Ramaldanov vurğulayıb ki, birinci mərhələdəki tədbirlərdə qarşı tərəfə daha çox ziyan vurmaq və hərbi obyektləri sıradan çıxartmaq qarşıya məqsəd qoyulub. Eyni zamanda, maksimim hədəf mülki əhaliyə zərər vurmamaqdan ibarətdir: “Azərbaycan tərəfi Qarabağın erməni sakinlərinə hərbi obyektlərdən kənar durmaları üçün SMS-lər vasitəsilə mesajlar göndərib. Həmçinin, Qarabağda yerləşən Rusiya sülhməramlılarının komandanlığı və Ağdamdakı Türkiyə-Rusiya monitorinq qrupu da məlumatlandırılıb”, – deyə fikrini tamamlayıb.
Tarix: 20-09-2023, 14:25
Xəbəri paylaş





Xəbər lenti