Məhkəmələr korrupsioner məmurlarla bağlı niyə yumşaq davranır- AÇIQLAMA


Azərbaycanda uzun müddətdir aparılan islahatların bir qolu da korrupsioner, rüşvətxor məmurların sistemdən uzaqlaşdırılması və cəzalandırılmasıdır. Ötən illər ərzində xeyli icra başçısı, onların müavinləri, idarə rəhbərləri, hətta nazirlər korrupsiya ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən qandallandı. Onların bir qismi maraqlıdır ki, bəraət almağa başlayıb.
Məsələn, rüşvətə təhrik etməkdə təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş Göyçay İcra Hakimiyyətinin sabiq şəhər icra nümayəndəsi Rəşad Şükürovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəki Apelyasiya Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində bəraət qərarı çıxarılmasını istəyib.
Oktyabrın 24-də keçirilən sonuncu iclasda prokuror ittihamdan imtina etdiyini elan edib. Hakim İmamverdi Şükürovun sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Qeyd edək ki, Rəşad Şükürov və rayon icra hakimiyyətinin sabiq başçısı Mehdi Səlimzadənin köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdilər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər yalnız rüşvətə təhrik etməkdə təqsirli bilinib. Hökmə əsasən, Vahid İsayevə 4 il həbs cəzası, Rəşad Şükürova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilmişdi. Bir müddət əvvəl Vahid İsayev də apelyasiya məhkəməsinin qərarı ilə bəraət alıb.
Məhkəmələrin korrupsiya ittihamı ilə tutulmuş şəxsləri azadlığa buraxması bir yana, onlara bəraət verməsi digər məmurların da əl-qolunu açmasına, tamahının daha da artmasına səbəb olmayacaqmı? Bəzi məhkəmələrin, hakimlərin bu cür davranışı korrupsiya ilə mübarizəyə badalaq vurması anlamına gəlirmi? Burada humanist siyasət əks nəticələr verməyəcəkmi?
“Korrupsiyaya qarşı mübarizənin müəyyən mərhələsi məhkəmələrlə bağlıdır. Məhkəmə hakimiyyətində bu məsələdə dəstək verilməsə və hər hansı bir şəkildə bunun müəyyən dərəcədə effektliyini azaltmağa çalışmalar olmasa, böyük problemlər yaranacaq”.
Bu fikri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, lakin bu, kütləvi hal alan məsələlər deyil:
“Elə olur ki, istintaqın gedişində və yaxud hansısa hüquqi proseslərin içində ciddi  qanun pozuntuları olur və bu da müəyyən narahatçılıqlar yarada bilir. Ona görə də bu məsələdə məhkəmələrin konkret olaraq 1-2 epizod üzrə belə bir bəraət verməsi və yaxud əmlakın müsadirə olunmasının qarşısının alınması, bununla bağlı qərarın ləğv edilməsi müəyyən dərəcədə ümumiləşdirmə aparmağa əsas vermir”.
Fazil Mustafanın sözlərinə görə məhkəmələrin yumşaldıcı addımlar atması onu göstərir ki, həmin şəxslərlə bağlı aparılan istintaq hərəkətlərində müəyyən narahatedici amillər var:
“Bu  baxımdan bütün mərhələlərdə korrupsiyaya qarşı mübarizənin daha effektli, aydın, şəffaf şəkildə aparılması zəruridir. Fikrimcə, bu olarsa belə məhkəmələrin çıxardığı qərarların təhlükəsi barədə danışmağa bu qədər həvəsli olmayacağıq.
Burada bütövlükdə  hansısa bir humanist addımdan söhbət getmir. İlk növbədə qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı, konkret korrupsiya əməlində ittiham olunan şəxslərin bu ittihamının nə qədər obyektiv və qanunvericiliyə uyğun olduğunu araşdırmaqdan gedir. Və burada hətta min nəfər belə azadlığa buraxılsa, yenə də əgər bu qanunidirsə, kiminsə bir söz söyləməsi mümkün deyil. Çünki məhkəmənin yanaşmasında birinci əsas ədalət prinsipidir, yəni ədalət bərpa olunmalıdır. Bu bərpa olunarsa, nəyəsə ziyan vurması, hansısa korrupsiyaya qarşı mübarizəyə kölgə salması da mümkündür. Amma məhkəmənin funksiyası o deyil ki, korrupsiyaya qarşı mübarizənin dəstəkçisi olma naminə müəyyən atılan addımların, hərəkətlərin qanuna zidd olduğuna qiymət verməsin. Məhkəmə qərarlarında daha çox bu element diqqət çəkir. Ona görə də hər hansı bir şəkildə buna irad olaraq bildirmək, fikrimcə doğru deyil”.
Tarix: 26-10-2023, 22:36
Xəbəri paylaş





Xəbər lenti