Bir biz varmış bizdən içəridə... - Bahəddin Həzi yazır...

Bir biz varmış bizdən içəridə...
"Zamanı gələcək, Xankəndi şəhərinə Gəncəyə getdiyimiz kimi, Ağdərəyə Qəbələyə getdiyimiz kimi, Əskərana Lənkərana getdiyimiz kimi... sərbəst gedib-gələcəyik. O gün uzaqda deyil...".
Bu cümlələri mən bu il avqustun 31-də yazmışdım, bir rəydə paylaşmışdım.
İndi Xankəndi şəhərindən videogörüntülərini izləyərkən, çox maraqlı duyğular keçirirəm. Düşünürəm: bizdən içəridə bir başqa "biz" varmış!
Filosof Karl Qustav Yunq bu duyğunu yığcam, ancaq bir o qədər də dolğun ifadə edib: "Hər birimizin içində tanımadığımız biri var".
Bu son üç ildə Qarabağda, Şərqi Zəngəzurda qazandığımız hər qələbə bizim içimizdəki "öz"ümüzlə tanışlığımız imiş. Hər dəfə bir az tanımışıq özümüzü. Hər tanıdıqca, bir pillə daha irəliyə-yuxarıya getmişik. Və üç il qabaq - noyabrın 8-də biz özümüzün həm fiziki, həm ruhsal ucalığımıza çatmışıq. Öz bayrağımızı öz ucalığımızdan asa bilmişik. Və demişik: "Bu, bizik!"
Ancaq qəti təsdiqə ehtiyacımız hələ qalırdı. Biz Xankəndiyə Şuşadan - öz ucalığımızdan baxırdıq. Qalmışdı Xankəndidən Şuşaya baxmaq. Mən bir il qabaq bu haqda belə yazmışdım: "Görəsən, Xankəndidən Şuşaya baxmaq necə bir hissdir?!"
Yox, mən özümü demirəm; mənim uşaqlıq, yeniyetməlik çağlarım Qarabağda keçib. Şuşadan Xankəndiyə də baxmışam, Xankəndidən Şuşaya da. Ancaq budəfəki baxmaq başqa cür baxmaqdı. Baxmaqdan çox görməkdir. Baxdığından daha çox görə bilməkdir.
Bu, həmin şəhərlərə müharibə və postmüharibə bucaqlarından baxmaqdır.
Müharibənin aktiv fazasında biz bu şəhərlərə hədəf kimi baxırdıq, postmüharibə dövründə isə artıq zəfər kimi baxırıq.
Çox ağrılıydı, bəli. Öz şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz öz hərbi hədəflərimizə çevrilmişdi. Öz evimizdə güllə atmaq zorunda qalmışdıq. Çünki düşmən evimizə soxulmuşdu. Özümüz öz torpağımızda yeriyən nişangahlardıq; öz çayımızda boğulurduq, öz meşəmizdə azıb qalmışdıq. Öz dağlarımızın başından başımıza od yağırdı. Öz Vətənimiz bizə Vətən olmaqdan çıxmışdı; şəhid olana məzar, sağ salana səngər olmuşdu.
Öz zirvələrimizə "strateji yüksəklik" deyirdik, öz təpələrimizə "əlverişli hərbi mövqe" deyirdik. Öz düzənliklərimizə "minalanmış sahə", ya da "mina tarlası" deyirdik. Daha çox şeyi başqa cür deyirdik. Hər şeyin adı da, məzmunu da dəyişmişdi.
Qarabağ barlı-bərəkətli Vətən torpağı ikən, birdən-birə dönüb hərbi əməliyyatlar teatrı olmuşdu. Bu dəhşətli "teatr"da faciəli tamaşalar oynanılırdı. Biz də 30 il boyunca bu "teatr"ın həm tamaşaçısı, həm qurbanı olduq. Kütləvi səhnələrdə də oynadıq, epizodlarda da oynadıq. Seçilmişlər baş rol aldı - qazi oldu, şəhid oldu, milli qəhrəman oldu. Ancaq...
Ancaq biz hamılıqla ayaqüstə gəzən ölüydük; ruh kimi dolaşırdıq öz şəhərimizdə, kəndimizdə... Öz içimizdə!
2016-cı ilin aprelində Cocuq Mərcanlıda depressiv durumdan çıxdıq. 2020-ci ilin iyulunda Tovuzda ayağa qalxdıq və sentyabrın 27-də Füzulidə, Tərtərdə... hərəkətə başladıq.
...Biz düşməndən torpaq almadıq. Biz torpağımızı düşməndən aldıq.
Bəlkə də 1991-ci ildən - dövlət müstəqiliyimizi bərpa edəndən sonra ilk dəfəydi ki, biz hamımız birlikdə bir iş gördük. Hələ birlikdə görüləcək başqa işlərimiz də var.
Əslinə baxsaq, 8 noyabr, sadəcə, bizim Zəfər günümüz deyil. Təkrar Biz ola bilməyimizin imtahanıydı. Biz bu imtahandan keçdik; şəhidlər, qazilər əla qiymət aldı, qalanlar da, yəqin ki, yaxşı...
Bu gün münasibətilə özümüzü təbrik edirəm. Allahdan şəhidlərə rəhmət, qazilərə şəfqət diləyirəm! Zəfər günümüz mübarəkdir!

Bahəddin HƏZİ - "Bizim Yol" qəzeti

Tarix: 8-11-2023, 10:41
Xəbəri paylaş





Xəbər lenti