Komitədən Sədərək gömrüyündəki rüşvət iddialarına natamam reaksiya

Komitədən Sədərək gömrüyündəki rüşvət iddialarına natamam reaksiya
Xəbər verdiyimiz kimi, daha əvvəl Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda sürücülərdən “sürətli keçid” adı altında rüşvət alınması ilə bağlı iddia yayılıb.
Yeniavaz.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi iddialarla bağlı açıqlama yayıb.
“Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və sərhədkeçmə zamanı şəxslərin və nəqliyyat vasitələrinin növbədə durmaqla vaxt itkisinə yol verməməsi, fiziki növbənin azaldılması və sürətli keçidin təmin edilməsi üçün 23 avqust 2019-cu il tarixində “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin sürətli keçidinin idarə olunması üzrə Texnoloji Sxem”i təsdiq edilib. Texnoloji sxemə əlavə edilmiş razılaşma protolokoluna əsasən dövlət sərhədindən buraxılış məntəqələrində “e-Növbə” və “Sürətli keçid” xidmətlərinin tətbiqinə başlanıb.
Nəqliyyat vasitəsinin növündən, yükün xüsusiyyətindən və sürücü daxil olmaqla sərnişinlərin sayından asılı olaraq əvvəlcədən Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi, “Smart Customs” mobil tətbiqi üzərindən qeydiyyatdan keçməklə yuxarıda qeyd olunan xidmətlərdən istifadə etmək mümkündür. Xidmətlərdən faydalanmaq üçün tələb olunan ödənişlər nağdsız şəkildə onlayn qaydada həyata keçirilir. Ödənişin nağd qaydada həyata keçirilməsi isə, ümumiyyətlə texniki olaraq mümkün deyil”, - DGK-nın yaydığı məlumatda deyilir.
Xatırladaq ki, yayılan iddialarda sürücülər onlardan “sürətli keçid” adı altında həm nağd, həm də nağdsız qaydada 50 manat ödənişin alındığını, bunun müqabilində isə onlara ödənişin edilməsinə dair heç bir rəsmi sənədin verilmədiyini iddia edirdilər. Hətta onlardan bəziləri sözügedən məbləği “bazarlıq edərək” yarıya endirdiyini də bildirirdi.
Maraqlıdır ki, DGK sözügedən iddiaların heç birinə reaksiya verməyib. Həmçinin “Sədərək” gömrük postunda səsləndirilən iddialarla bağlı hər hansı araşdırmanın aparıldığı da qeyd olunmayıb. Buna baxmayaraq DGK yayılan iddiaları həqiqətə uyğun olmayan məlumatlar adlandırıb.
Tarix: 23-11-2023, 21:43
Xəbəri paylaş





Xəbər lenti