Növbədənkənar Prezident seçkilərinin keçirilməsi yeni siyasi reallıqdır - Xosrov Musayev



 
Dekabrın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi bir tarixdir.
Digər mühüm amil ondan ibarətdir ki, beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarda yaradılan qondarma, heç kim, hətta Ermənistan tərəfindən tanınmayan separatçı qurumun mövcudluğuna son qoyulub.
Üçüncüsü, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbitidir.
Seçkilərin növbədənkənar keçirilməsi dünyada qəbul olunmuş qanunauyğun bir prosesdir.
27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan kimi İlham Əliyevin qətiyyəti, özünə əminliyi və xalqın onun ətrafında sıx birləşməsi Azərbaycan xalqınn 30 illik torpaq həsrətinə 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı.
Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir. 30 ilin vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Azərbaycan xalqı məğrur xalq, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə düşdü. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.
Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı məğlub dövlət və məğlub xalqdan Qalib dövlət və Qalib xalqa çevrildi. Dağlı-aranlı Qarabağ və Vahid Azərbaycan olduq. Bütün dünya, düşməni açıq və gizli şəkildə dəstəkləyənlər, onu növbəti işğala təhrik edənlər belə bizim gücümüz, əzmimiz, Qələbəmiz qarşısında geri çəkildi, Zəfərimizi qəbul və etiraf etməyə məcbur oldu. Bizik artıq Qarabağın əsl sahibi, əsl yiyəsi. Qarabağ bizim idi, bizim də oldu! Artıq kimsə onu bizdən ala, ayıra, qopara bilməz. Bu, mümkün deyil və mümkün olmayacaq. İmkan vermədik, imkan vermərik, imkan verməyəcəyik. Əlbəttə ki, bütün bunlara görə növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar.
Prezident İlham Əliyev Azərbaycanın gələcək davamlı inkişafını islahatların aparılmasında görür. Bölgələrdə güclü insan potensialının olduğunu bəyan edərək, regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Güclü mərkəzi, zəif regionları olan ölkə heç vaxt inkişaf edə bilməz. Bunu nəzərə alan ölkə başçısı regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, yeni iş yerləri yaratmaq, məşğulluq səviyyəsini və insanların yaşayış şəraitini yüksəltməklə yoxsulluğu azaltmaq, infrastruktur sahələri təkmilləşdirmək və yeniləşdirmək, əlverişli investisiya şəraiti formalaşdırmaqla ölkənin, xüsusilə regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud potensiala və yerli şəraitə uyğun müasir müəssisələrin açılmasını reallışdırmaqdır. Bununla yanaşı ölkənin idarəetmə sisteminin yenidən qurulmasıda həyata keçiriləcək.
Bugünkü Azərbaycanın sürətlə həm yeniləşməsi, həm müasirləşməsi, həm də inkişafı mərhələsinin irəli sürdüyü tələblərə uyğun olaraq Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait təmin edilib. Müxalifət siyasi acizliyini və məğlubiyyətini etiraf etmək istəmir. Seçkilərlə bağlı qərəzli fikirlər söyləməklə məşğul olur. Xalq onlara inanmır, çünki onlar xalqın inamını öz əməllərilə çoxdan itiriblər .
Beləliklə, heç bir şübhə yoxdur ki, növbədənkənar Prezident seçkilərində də xalq öz liderinə yenidən etimad göstərəcək və növbəti yeddi il üçün ölkəyə rəhbərliyə yenidən İlham Əliyev cənabları seçiləcək. Xalqın dəstəyi öz liderinə olacaq. 7 Fevral tarixi İlham Əliyevin tərcümeyi-halına və ölkəmizin tarixinə yeni qələbə dastanı kimi daxil olacaq.

 
Xosrov Musayev - Aqrar elmlər üzrə fəlsəfə doktoru, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktor vəzifəsinin icracısı,


SİAM.AZ
Tarix: 11-12-2023, 13:41
Xəbəri paylaş





Xəbər lenti