Şuşaya 3 min manatlıq tur olar? - “Heç bir şirkət bu paketi zorla satmır”

Şuşaya 3 min manatlıq tur olar?
Turizm və hotelçilik üzrə mütəxəssis Cabir Dövlətzadənin “Yeni Sabah”a müsahibəsi:

- Azərbaycanda Yeni il öncəsi hotellərdə qiymətlər əvvəlki günlərə nisbətdə həmişə bir qədər bahalaşır. Buna baxmayaraq, bəzi hotellərdə bayram gününə boş yer qalmayıb. Maraqlıdır, bayram günlərində ən çox qiyməti qaldıran hotellər hansı bölgələrimizdədir?

- Əslində, bayram günləri və xüsusi günlər turistlərin ölkəyə daha çox gəldiyi zamanlar sayılır. Yeni il ərəfəsindəyik. Ümumiyyətlə, Yeni ildə Azərbaycana daha çox Rusiyadan turistlər olur. Onlar Avropa və ABŞ-a səfər edə bilmədikləri üçün ənənəvi olaraq hər il Azərbaycana gəlirlər.

Qiymətlər isə təklifə görə qalxır. Yəni onlar nəyi istəyir və tələb edirlərsə, istər-istəməz qiymətlər buna uyğunlaşdırılır. Ona görə də qiymətlərin bu ərəfələrdə qalxması bazar iqtisadiyyatı üçün normal bir şeydir. Çünki tələbat nə qədər çox olursa, hotel sahibi qiyməti ona uyğunlaşdıraraq qaldırır. Təbii ki, bu, 100%-lik artım deyil və normalda bu artımlar 30%-ə qədər müəyyənləşdirilir. Bu tendensiya, əsasən, mərkəz otellərdə mümkündür.

Turistlər əyləncəni sevdikləri üçün bayram tədbirlərini dekabrın 31-də ailəvi restoranlarda keçirirlər. Turistlərin çoxu ailəvi olaraq gəlir və restoranlarda bayramı qeyd edir. Bunlar isə həm restoran, həm də hotel sistemi üçün ənənəvi haldır. Hətta əvvəlcədən otel üçün rezervasiya edilərkən turistlər restoran üçün də rezervasiya edirlər.

- Vətəndaşların kənd evlərini kirayələməyə də marağı var.

- Kənd evlərində qalmaq istəyənlər, xüsusən, tətilin uzunluğuna görə bunu seçib bölgələrdə ailəvi şəkildə qalırlar. Bu şəxslər ayın 31-də bölgədəki restoranlarda bayramı keçirə bilirlər. Təbii ki, kənd evlərində qalmaq daha ucuz başa gəlir və bu, büdcə müştərilər üçün daha sərfəlidir. Bu tip müştərilər daha çox kənd evlərini üstün tutur. Lakin xaricdən gələn turistlər daha çox “luxury” tipli evlərə üstünlük verirlər. Çünki onlar hotellərdə qalan zaman həmin ərəfələrdə qiymətlər otaqbaşı daha yüksək olur. Amma villa tipli yerlərdə ümumi orta qiymət müəyyənləşdirilir və turistlər orada qalarkən daha az xərcləyirlər. Amma restoran və əyləncə xidmətindən istifadə etmək üçün turistlər təbii ki, həmin yerlərə getmək məcburiyyətindədir.

- Ölkədaxili Yeni il turları təşkil edən bir çox şirkət fəaliyyət göstərir. Sizcə, turlarla istirahətə gedərkən nələrə diqqət yetirilməlidir?

- İnsanlar tur şirkətləri seçərkən həmin tur şirkətlərinin nə dərəcədə güvənilir olduğunu araşdırmalıdırlar. Çünki onlayn satışlar edib bunu gerçəkləşdirə bilməyən şirkətlər də mövcuddur. Buna görə də həmin şirkətlərin reallığı çox əhəmiyyətlidir. Ona görə də insanlarımız buna diqqət yetirməlidir. Çünki inşaları saytlar vasitəsilə aldadan və onlardan pul çəkən dələduzları görürük. Bunun üçün də insanlarımız bu məsələyə xüsusi diqqət yetirməlidirlər ki, bu, nə dərəcədə təhlükəsiz bir səfərdir? Çünki sınanmış şirkətlərlə ailəvi gedəndə hər hansı bir problem olmur.

- Şuşaya səfərlə bağlı 2500-3000 manatlıq turlar təşkil edilir. Bu sosial şəbəkələrdə böyük tənqidə səbəb olub. Bu qiymətlər normaldır, yoxsa yüksək?

- Bu, həmin yerə müvafiq şirkətlərin icazəni alması, xüsusi qiymətləri müəyyənləşdirməsi, bu və tipli müştəriləri cəlbindən irəli gəlir. Çünki hazırda Qarabağa maraq çox olduğu üçün oraya gedib bölgəni görmək istəyən insanlar çoxdur. Büdcəsi uyğun olan insanlar oraya gedir, uyğun olmayanların isə daha münasib yerlərə getməsi lazımdır.

Azərbaycan reallığı üçün bu tarif heç də yüksək deyil. Sadəcə bunun oraya müraciət edən insanların büdcəsinə uyğun olub-olmaması önəmlidir. Bizdə minimal əməkhaqqı 350 manatdan bir qədər çoxdur. Bu kateqoriyalara aid olan insanlar üçün Şuşada tətil keçirmək heç də uyğun deyil. Amma qiymətlərin yüksək olmasını da şirkət rəhbərləri oturub müəyyən edir və hər kəsin bunu alması məcburi deyil.

Sadəcə olaraq, tur paket seçərkən büdcənin buna uyğun olub-olmamasını müəyyənləşdirmək lazımdır. Burada heç bir şirkət bu paketi zorla satmır. Tələbat varsa, satış olacaq. Yoxdursa, bu şirkətlər avtomatik şəkildə qiymətlərdə endirim etmək məcburiyyətində qalacaqlar.
Tarix: 12-12-2023, 21:05
Xəbəri paylaş





Xəbər lenti