Tərtər işgəncələrini araşdıran hakimlər polis rəislərindən Vilayət Eyvazova şikayət edib




Hazırda Tərtər işgəncələrinə görə iki qrupda 9 nəfərin məhkəməsi gedir. Bu qruplardan birində Tərtərdəki N saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri olmuş Ruslan Mikayılov və üç gizir – Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyev mühakimə edilirlər. Nazirə məktub göndərmək barədə qərar da onların işi üzrə məhkəmə iclasında çıxarılıb.
R.Mikayılov və digərlərinin məhkəməsi 7 aydan çoxdur getsə də, hələ heç zərərçəkmişlərin dindirilməsi mərhələsi yekunlaşmayıb.
Tərtərdə işgəncə görən şəxslərin özləri, yaxud orada həyatını itirənlərin ailə üzvlərindən ibarət 200-ə yaxın adam bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Onların bir hissəsi məhkəməyə gəlmir. Bu səbəbdən hakimlər hələ sentyabrda zərərçəkmişlərin məcburi gətirilməsi barədə qərar çıxarıblar.
Qərarın icrası – onların tapılıb məhkəməyə göndərilməsi yaşadıqları rayonların polis şöbələrinə həvalə olunsa da, zərərçəkmişlərin bir bölümü hələ də məhkəməyə nə gəlib, nə də gətirilib.


Dəfələrlə məktub göndərilsə də...

Hakimlər belə nəticəyə gəlib ki, məcburi gətirilmə qərarlarına bir sıra rayonun polis orqanları məsuliyyətlə yanaşmayıb. Bu üzdən, dəfələrlə məktub göndərilsə də, həmin qərarlar indiyədək icra olunmayıb.
Daxili İşlər nazirinə müraciətlə bağlı məhkəmə qərarlarında Sabirabad, Goranboy, Gəncə, Yevlax, Tərtər, Ağdam, Bərdə, Mingəçevir, Şəki, Qəbələ, Astara, eləcə də paytaxtın Nəsimi və Qaradağ rayonlarının polis rəislərindən bəhs edilir.
Hakimlər nazirdən xahiş ediblər ki, məhkəmə prosesinin əsassız uzanmamasından ötrü bu işi nəzarətə götürsün və məcburi gətirilmə qərarları icra olunsun.
Zərərçəkmişlərdən biri – Tərtər hadisələrində oğlunu itirmiş Nizami Quliyev deyir ki, bir çoxları maddi imkansızlıq üzündən məhkəmə iclaslarına gəlib-gedə bilmir:
“Zərərçəkənlərin bir çoxu bölgələrdə yaşayır. Gəlib-getməyə hər adamın imkanı yoxdur. Özləri də dəfələrlə deyiblər”.
Bu iş üzrə məhkəmə prosesi yanvarın 9-da davam edəcək.
Müttəhimlər kürsüsündə əyləşən 4 nəfərin hamısı – S.Maşıyev, R.Mikayılov, E.Əliyev və C.Qəhrəmanov daha öncə də bir dəfə elə Tərtərdəki işgəncələrə görə mühakimə edilib.
2019-cu ildə onların haqqında hökm də çıxarılıb. Bir il sonra azadlığa buraxılan həmin şəxslər 44 günlük müharibəyə də qatılıb, hətta sonradan prezidentin sərəncamıyla medallarla da təltif olunublar.
Şərti olaraq, “Tərtər işi” adlandırılan cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən bir müddət sonra bu şəxslər yenidən həbs ediliblər.
Onlar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 293-cü (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar) və başqa maddələrilə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.


Xatırlatma

2021-ci ilin dekabrında - “Tərtər işi” üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.
İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfərin işi məhkəməyə göndərilib.
Dörd nəfərlik bir qrupun məhkəməsi noyabrın 29-da yekunlaşıb. Hökmə əsasən, Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş, polkovnik-leytenant Vüsal Ələsgərovun, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev və müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçu Ramil Qarayevin hər birinə 5 il 6 ay həbs cəzası kəsilib. Onlar işgəncəvermə, vəzifə səlahiyyətlərini aşma, hərbçilərin qanunsuz həbsi kimi əməllərdə suçlu sayılıblar.
Daha bir MAXE Rüstəm Ələsgərovun cəzası daha ağır – 9 il 6 ay olub. Ona işgəncə nəticəsində həyatını itirən şəxslərin ölümüylə əlaqədar da ittiham verilib. Adı çəkilənlərin heç biri özünü təqsirli saymır.
Dörd və beş nəfərlik daha iki qrupun məhkəmələri davam edir.
Beş nəfərdən ibarət daha bir qrup da Tərtərlə yanaşı, Beyləqanda hərbçilərə qarşı işgəncələrə görə mühakimə olunur.
Onların işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Təqsirləndirilən şəxslərdən yalnız birinin son sözü qalıb. Ardından hökm oxunacaq.

Mənbə: Meydan TV



Tarix: 27-12-2023, 09:15
Xəbəri paylaş





Xəbər lenti