Sahibkarlıq fəaliyyətini əngəlləyyən İNHİSARÇILIQ: Dövlət neqativ “ənənə”ləri necə ortadan qaldırır? - TƏHLİL



Eyyub Kərimli: “Dövlətimiz işğaldan azad olunan ərazilərdə yeni sənaye zonaları yaradaraq sahibkarlığın inkişaf etdirilməsi üçün miqyaslı işlər görür”.
Altay İsmayılov: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşdırılması ümumi inkişafın vacib faktorlarından biridir”.
Biznes mühitində rəqabət mühitinin mövcudluğu iqtisadi dayanıqlılığın artırılması, davamlı inkişafın təmin edilməsi, iqtisadi mexanizmlərin yaradılması üçün zəruri hesab edilir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatında prioritet sahə kimi neft-qaz sektoru formalaşdırılıb.
Lakin ötən illər ərzində iqtisadiyyatın inkişaf etdirilməsi üçün yalnız neft-qaz sahəsinin yox, ümumilikdə daha çox gəlir gətirə biləcək turizm sektorunun, elektron ticarətin, sənaye-istehsal sahələrinin inkişaf etdirilməsinin zəruri olduğu nəzərə alındı. Beləliklə, bu çərçivədə müvafiq dövlət proqramları qəbul olundu və ölkə iqtisadiyyatının artan xətt ilə inkişafı üçün əlverişli zəmin yaradıldı.
Mövzu ilə bağlı fikirlərini Yenicag.az-a bölüşən iqtisadçı Eyyub Kərimli bildirib ki, Azərbaycanda sahibkarlara yaradılan şərait və imkanlar ildən-ilə daha da yaxşılaşıdırılır, müəyyən güzəştli kreditlərə əlçatanlıq təmin olunur:“Müşahidə aparsaq, bu gün sahibkarların sayının artdığını, işlərin həcminin və işçilərin hazırlıq səviyyəsinin inkişaf etdiyini görərik. Buna səbəb isə dövlətimizin iqtisadi sahəyə göstərdiyi qayğı və diqqətin davamlı olmasıdır. Lakin hər sahədə olduğu kimi, iqitsadi sferada da müəyyən, lakin həll oluna bilən problemlərlə qarşılaşırıq.
Məsələn, bu sırada inhisarçılıq və qeyri-bərabər rəqabəti qeyd etmək mümkündür. Qloballaşma şəraitində dünya gün-gündən müasirləşir. Bu müasirləşmə isə istər-istəməz hər bir sahəyə öz müsbət və mənfi təsirini göstərir. Belə olduğu təqdirdə isə sahibkarlar müasir dövrlə ayaqlaşmağa, onun tələblərini yerinə yetirməyə məcburdurlar.
Bu gün sahibkarlığın adekvat transformasiyası həyata keçirilməlidir. Yəni elektron ticarətin sirləri daha dərindən öyrənilməlidir. Həllini gözləyən məsələlərdən biri də regionlarda fəaliyyət göstərən sahibkarların üzləşdiyi çətinliklərdir. Paytaxtla müqayisə edildikdə, kredit alınmasında girov və faiz problemləri bölgələrdə daha qabarıq müşahidə edilir. Regionlarda maliyyə dəstəyinə ehtiyac böyükdür.
Əgər böyük sənayə və istehsal sahələrinin, fabrik və zavodların fəaliyyətinin təmin edilməsini, əhalinin işsizlik probleminin həll olunmasını istəyiriksə, qarşıda duran bu əngəllər mütləq aradan qaldırılmalıdır. Ölkəmiz öz əraziləri üzərində suverenliyinin tam bərpa olunması ilə yeni dövrə qədəm qoyub. O baxımdan, yaxınlaşan 2024-cü il bir çox sahələrin inkişafı üçün daha uğurlu il olacaq.
Çünki dövlətimiz işğaldan azad olunan ərazilərdə yeni sənaye zonaları yaradaraq sahibkarlığın inkişaf etdirilməsi üçün miqyaslı işlər görür. Sahibkarlar üçün güzəştli kreditlər təklif edilir, onlar müəyyən rüsumlardan və vergi növlərindən azad olunurlar. Bu amillər nəzərə alındıqda, 2024-cü ilin uğurlu olacağına inanmaq mümkündür.
Sahibkarlıq çətin fəaliyyət növlərindən biridir. Çünki dərin düşünmək və qərar qəbul etmək lazımdır. Yalnış qərar isə gələcəkdə istənməyən halların yaranmasına səbəb ola bilər. Buna görə də sahibkarların maarifləndirilməsi yönündə işlərin aparılması vacib və mütləq sayılır.
Xatırladım ki, sahibkarlıqla bağlı ən böyük problemlər 2020-ci il pandemiya, 2022-ci il inflyasiya dövründə yaşandı. Lakin iqtisadiyyatın bir özəlliyi də elə budur. Belə problemlər hər zaman olub və olacaq. Bu səbəbdən, sahibkarlar riskləri düzgün analiz etməli, hesablamaları dəqiq aparmalı, addım atmazdan öncə yüz ölçüb bir biçməlidirlər”.
Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımları dəyərləndirən iqtisadçı Altay İsmayılovun sözlərinə görə, ölkə olaraq liberal iqtisadiyyata keçid etsək də, bu işi hələ ki tam sistemləşdirə bilməmişik:“Bunun əsas səbəbi liberal və azad iqtisadiyyatın tam əksi olan monopolist tendensiyanın yayılması olub. Son illərdə isə dövlətimizin bu problemlərin aradan qaldırılması istiqamətində atdığı ciddi addımlar sayəsində keçmişlə müqayisə olunduqda, müsbət tendensiyanın yarandığını müşahidə edirik.
Əlavə olaraq, vergi, əmək müqaviləsi və ümumilikdə götürdükdə, şəffaflaşma üçün göstərilən səylərin inhisarçı maraqlarının aradan qaldırılmasında verdiyi bəhrəni görürük. Həmçinin uzun müddət idi ki qəbul olunmasını gözlədiyimiz Rəqabət Məcəlləsi də iqtisadiyyatın inkişafı üçün müsbət addım kimi qiymətləndirilə bilər.
Çünki sözügedən məcəllə rəqabətin təmin olunması üçün vacib hüquqi bazanı özündə əks etdirir. Sadalanan amillər fonunda “ölkədə arzu etdiyimiz liberal iqtisadiyyatı qura bilmişikmi?” sualına tam şəkildə “bəli” cavabını verə bilmirik. Ona görə ki, sahibkarların hələ də həll olunmasını gözlədikləri bir sıra problemlər var.
Gömrük və vergi sahəsində yaşanan bu problemlərin təməli yeni təcrübəyə keçiddən qaynaqlanır. Yəni bəzən sahibkarın məlumatsızlığı, bəzən isə qarşı tərəfin yeni təcrübəyə keçidlə əlaqədar qarşılaşdığı durumlar çaşqınlıq və anlaşmazlıq yaradır. Digər tərəfdən, hər il vergi qaydalarının dəyişdirilməsi də sahibkarlarda müəyyən çaşqınlığa səbəb olur.
Çünki il boyu müəyyən qaydalar üzrə sənədləşmə aparan sahibkar növbəti ilin yanvar ayından fərqli qaydalarla qarşılaşır. Bir sözlə, yeni qaydalarla ayaqlaşmaq ciddi çətinlik yaradır. Sadalanan bu amillərin ortadan qaldırılacağı təqdirdə davamlı inkişaf edən Azərbaycan iqtisadiyyatında tempin artdığını müşahidə edəcəyik”.
Nəsimi Ələsgərli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanmışdır.
www.yenicag.az
Tarix: 28-12-2023, 21:41
Xəbəri paylaş





Xəbər lenti