“BELƏ MİLLİ MƏCLİS OLAR: 125 DEPUTATIN İÇİNDƏ 1 NƏFƏR DƏ AQRONOM YOXDUR?!” - HƏQİQƏTƏN DƏ...


İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı öz “Facebook” səhifəsində kənd təsərrüfatı sahəsi ilə bağlı status yazıb. Paylaşılan yazıda əhalinin bu sahədən əldə etdiyi gəlirlərin miqdarının getdikcə azaldığı haqqında fikirlər səsləndirilib:

“Rəsmi məlumatlara görə, son 20 ildə Azərbaycanda yoxsulluq səviyyəsi kəskin azalıb, yəni əhalinin gəlirləri artıb. Lakin artımların daxilində kənd təsərrüfatı sektorunda çalışanların gəlirlərinin artımı neft hasilatının və gəlirlərinin (2005-2012) pik dövründən fərqli olaraq son illərdə artımları da azalıb. Əgər 20 il əvvəl Azərbaycan əhalisinin gəlirlərinin təxminən 1/3-i (35,4%-i) kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunurdusa, 20 il sonra, yəni 2022-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlər əhalinin ümumi gəlirlərinin cəmi 1/10-ni (10,7%-i) təşkil edib. Bu fakt onu deməyə imkan verir ki, bu sahədə işləyənlərin gəlirləri son 20 ildəkindən 3 dəfədən çox azalıb.

İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilən investisiya (2022-ci il) cəmi 17,8 milyard manat təşkil etdiyi halda, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə investisiya cəmi 408 milyon manat təşkil edib. Bu isə cəmi investisiyaların 2,3%-i deməkdir. Bu simvolik səviyyədə investisiya axınını qəbul edən sektoru yalnız “informasiya və rabitə” sektoru ilə müqayisə (2,2%) etmək olar. Həmin iki sektorun əsas kapitala yönəldilən investisiyasında birgə payı cəmi 4,5% təşkil edib. Sonra da kənd təsərrüfatı sektorundan mühüm gözləntilərin olması ağlabatan deyil.

Hökumətin dövlət büdcəsi ilə bağlı başqa bir rəsmi sənədində (Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik Hesabat”ı, səh.32) qeyd edilir ki, 2022-ci ildə kənd təsərrüfatı xərcləri ümumi daxili məhsulun(ÜDM) 0,7 faizini, dövlət büdcəsi xərclərinin isə 2,9 faizini təşkil edib.

Hər bir sahə üzrə - istər, dövlət büdcəsindən kənd təsərrüfatı sektoruna ayrılan büdcə vəsaitlərinin həcmi, istər əhalinin bu sektordakı gəlirlərinin azalması, istərsə də kənd təsərrüfatına toplam investisiyaların cəlb olunması nöqteyi-nəzərindən vəziyyətimiz mənfiyə doğru dəyişib. Bu şərtlər altında kənd təsərrüfatı sektorunda müsbət gözləntilərin olmasını gözləmək sadəlövlükdür.

Ölkədə məşğul əhalinin 35,4%-nin, yəni 1,7 milyon nəfərin çalışdığı kənd təsərrüfatı sektoruna bu cür simvolik həddə maliyyə resursu gəlirsə, demək ki, sözügedən sahədən yaxın gələcəkdə nə istehsal, nə də potensial istehlak gözləmək olar. İqtisadi nəzəriyyədən bunun nə olduğunu istənilən şəxs başa düşə bilər.

Rəqəmlər o qədər asan dil açıb danışır ki, gərək həmin statistikanın qeyri-verbal mesajlarını oxumağa bir az peşəkarlığın çatsın. Yoxsa çoxlu mənbələri, çeşidli hesablatları bir araya gətirib təhlil etsək, acı reallığımız ortadadır.

Kənd Təsərrüfatı Nazirliyi "mən məşğulam" deyən zaman ya səriştəsizliyini nümayiş etdirir, yaxud cəmiyyətin gözləntilərindən canını qurtarmaq istəyir”.

Mövzu ilə bağlı Hürriyyet.az-a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli də qeyd edir ki, kənd təsərrüfatında istehsal dayanıqlı deyil, ümumilikdə son 10 ili götürsək, idxalımız kəskin artıb:

“Əgər əvvəllər biz 900 milyon dəyərində yeyinti məhsulları idxal edirdiksə, səhv etmirəmsə, 2022-ci ildə 2 milyard 363 milyon dollara qədər artıb. Yəni kənd təsərrüfatının əldə edə biləcəyi gəlirin bir hissəsi xarici ölkə fermerlərinin, sahibkarlarının gəlirlərini artırır, onların biznesini genişləndirir.

Əslində, son 20 ildə kənd təsərrüfatında istehsalın bir o qədər artdığını görürük. Təxminən 15-20 faiz taxıl idxalında artım var. Baxmayaraq ki, bizdə əsas əkin ərazi taxıl sahəsinin altındadır.

Ölkədə ərzaq mallarının adambaşına istehlakı ilə bağlı bir məlumatı oxudum. Bizim bir sıra məhsullarla bağlı istehlakımız azalıb. Bu da istehsalın azalması ilə bağlıdır. Dörd il bundan qabaq indikindən daha çox buğda istehsal olunub. Bu rəqəm təxminən 2 milyon 200 min ton idi. 2020-ci ildə 1 milyon 800 min tona düşdü. Biz görürük ki, əksəriyyət torpaqda işləməkdən imtina edir. Ona görə ki, qazanc vermir, get-gedə məhsulun maya dəyəri artır, istehsal xərcləri, gübrənin qiyməti artıb, xidmət də bahalaşıb. Yəni əkin, səpinlə yanaşı, aqrotexniki qaydalara əməl edəndə məhsulun maya dəyəri çox baha başa gəlir. Hansı ki, bura xəstəliklərlə mübarizə, vergilərlə bağlı tədbirlər, texnikadan istifadə və s. daxildir.

Bu il də bəhanə olacaq ki, təbiət hadisələri baş verib. Nəticə olaraq, bizim taxıl istehsalında azalma gözlənilir. Meyvə-tərəvəz istehsalında, ümumiyyətlə, ciddi şəkildə əksilmə var”.

Vahid Məhərrəmli hesab edir ki, kənd təsərrüfatında inqilabi dəyişiklik etmək lazımdır. Onun fikrincə, müəyyən qanunlar və yeni dövlət proqramı qəbul edilməlidir:

“Strategiya qurulmalıdır, hansı məhsuldan daha çox istifadə edilməsi müəyyən edilməlidir, ucuz istehsal vasitələrinin daxildə istehsal olunması ilə bağlı xüsusi addımlar atılmalıdır.

Bunların indiyə kimi apardığı siyasət öz bəhrəsini vermir. Əslində, siyasətlə də ciddi məşğul olmadılar. Qəbul etdikləri qanunlar, demək olar ki, yarı-yarımçıq. Əkin sahələrinin qorunması və torpaqların münbitliyinin bərpası ilə bağlı bir sıra qanunlar var ki, qəbul edilməldir. Bir sıra aqrotexniki qaydalar var ki, mütləq əməl edilməlidir, hamısı qanuniləşdirilməlidir”.

Mütəxəssis kadr çatışmazlığından da gileylənir. O, bu sahəylə məşğul olanların attestasiyadan keçməsinin qanunən vacib olduğunu bildirir:

“Yəni imtahan verməlidirlər. Əks halda pay torpağı alan kəndlilərin əksəriyyəti lazımı səviyyədə məhsuldarlığı artıra bilmirlər, keyfiyyət aşağı düşür. Bazara daha az məhsul çıxdığı, yəni təklif azaldığı üçün xaricdən dah çox məhsul idxal olunur. Kadrların hazırlanması məsələsi çox ciddi məsələdir, uzun müddətdir bununla məşğul olan yoxdur.

Milli Məclisdə 125 deputat içində 1 nəfər də olsun, aqronom, baytar yoxdur. Aqronom sahəni dərindən bilən adamdır, bu sferada hansı qanunların qəbul edilməsində mövqeyi çox önəmlidir. Belə Milli Məclis olar? Aqrar siyasət komissiyasının sədri filoloqdur, ədəbiyyat müəllimidir. Bir sözlə, kadr hazırlığı yox, dövlət aparatında o sahəni bilən məmurlar yox. Kənd Təsərrüfatı Nazirliyinə qeyri-peşakarları gətirirlər. Nazir və müavinlərin hamısı bu sahədən uzaq adamlardır”.

Vahid Məhərrəmli izah edir ki, ilin sonunda kənd təsərrüfatında çox ciddi geriləmə olduğunu, gəlirlərin azalacağını görəcəyik. O, kəndlilərin və fermerlərin vəziyyəti ilə bağlı məsələyə də toxunur:

“Niyə Azərbaycanda bazarlardakı kənd təsərrüfatı məhsullarının qiyməti Türkiyədəkindən, demək olar, 2 dəfədən çox yüksəkdir? Gürcüstan, Rusiya və İran qonşu ölkələrimizdir, onlarda qiymətlər daha aşağıdır. Təsəvvür edin, ölkəmizin istehsal etdiyi tərəvəz Rusiyada ucuz satılır, bizdə baha.

Təəssüflər olsun ki, yerli istehsalın az olması və məhsulun istehsal xərcinin yüsək olması sanki istehlakçıları da buna öyrədib ki, daha baha qiymətə məhsul əldə edəcəksiniz. Əgər belədirsə, niyə o sahədə gəlirlər azalır? Deməli, burada müəyyən işbazlar var. Məsələn, xidmət həyata keçirənlər, ölkəyə gətirilən gübrəni daha baha qiymətə təklif edən, həm də bazarda topdan satışla məşğul olan dəllallar və s. Ona görə də, kənd təsərrüfatı məhsulu istehsalından gələn gəlirin getdikcə azaldığını görürük. Fermerlərimiz daha çox pul sərf etsə də, gəlirlərinin miqdarı getdikcə aşağı düşür. Yəni o xərci kimlərə ödəyirlər, daha çox onlar qazanır.

Sosial şəbəkədə bir status yazmışdım ki, yerlərdə taxıl biçini ilə bağlı vəziyyət necədir? Olduqca acınacaqlı... Artıq bir çox kəndlilər və fermerlər taxıl sahəsini ot kimi biçiblər. Yəni məhsul əldə edə bilməyiblər, heyvandarlıqda yem kimi istifadə edəcəklər, aqrotexniki qaydalara əməl olunmadığı üçün çoxsaylı kəndlilər bu il məhsul əldə də bilmirlər. Dövlət hesabına kampaniyalar gətirdilər. İndi taxılçılıqla məşğul olan kəndlilər kombayn çatışmazlığından əziyyət çəkir”.

Kənd Təsərrüfatı Nazirliyindən Hürriyyet.az-a verilən açıqlamada isə bildirildi ki, ötən illə müqayisədə bu sahədə 3 faizdən çox artım var. Nazirlik bu göstəricinin son 60 ayda cəmi bir dəfə 3 faizin altında olduğunu iddia edir.

Hurriyyet.az
Tarix: 26-06-2024, 14:08
Xəbəri paylaş





Xəbər lenti