Biri deyir "deputatdır", o biri deyir “idi"... - Millət vəkillərinin statusu qalırmı?

Biri deyir
Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri elan edildikdən sonra deputatların statusu məsələsi ətrafında suallar yaranıb. Bir çoxları iddia edir ki, artıq deputatlar bu statusu itirib. Əksini düşününlər isə seçkiyə qədər millət vəkili statusu daşıdıqlarını qeyd edir.
 
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf.com-a danışan hüquqşünas Sahib Məmmədov bu məsələdə fərqli situasiyanın yarandığını bildirib.
 

 
O qeyd edib ki, burada bir neçə açıq məsələ var:
 
“Misal üçün Nazirlər Kabineti Prezident tərəfindən buraxıldıqda digər bir aktla növbəti kabinet formalaşana qədər həmin şəxslərin səlahiyyətini davam etdirməsi tapşırılır. Amma parlament buraxılarkən bunu etmək mümkün olmur. Çünki bu, hakimiyyətlərin bölgüsü prinsipinə ziddir. Hüquqi məntiqlə isə buraxılmış parlamentin səlahiyyətləri bitmiş sayılmalıdır”.
 
Hüquqşunasa görə, ölkə konstitusiyasında parlament buraxıldıqdan sonra onların statusunun necə olduğu qeyd edilməyib:
 
“Əgər parlamentin öz vaxtı bitib növbəti seçkiyə getsə, burada hər şey bəlli olur. Çünki parlamentin seçkiləri keçirilib, yeni tərkibdə ilk sessiya başlayana qədər Milli Məclisin deputatları səlahiyyətlərini saxlayır. Parlamentin buraxılması halında isə konstitusiya bunu tənzimləmir”.
 

 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı hesab edir ki, mövcud qanunvericiliyə görə, növbəti parlament formalaşana qədər ondan əvvəlki parlament öz statusunu saxlayır:
 
“Yəni parlament beynəlxalq təşkilatlarda və hər hansı bir toplantıda Azərbaycanı təmsil edə bilir. Millət vəkilləri də bu statusda həmin proseslərə qatılır.
 
Sadəcə olaraq indi millət vəkilləri məzuniyyətdədir deyə Milli Məclis deputatlarının faktiki olaraq fəaliyyəti dayanıb. Amma deputatlar məzuniyyətdə olmasına baxmayaraq ayrı-ayrı millət vəkilləri beynəlxalq təşkilatlarda öz statuslarına uyğun iştirak edir. Çünki onların statusu növbəti parlament formalaşana qədər öz qüvvəsini saxlayır”.

Tarix: 11-07-2024, 13:17
Xəbəri paylaş





Xəbər lenti