Pərdəsiz, kondisionersiz "50 qəpiklik avtobuslar" silsiləsi... - "Tüpürcək, tütün və tər qoxusundan bezmişik"

Pərdəsiz, kondisionersiz "50 qəpiklik avtobuslar" silsiləsi...
İctimai nəqliyyatda gedişhaqqı qəfil artırılaraq 50 qəpik olduqdan sonra, vətəndaşlar hər gün ən azı, 2 manat pul verdiyi bu nəqliyyat vasitələrinin əlverişliliyini və rahatlığını daha ciddi sorğulamağa başlayıblar. Metro stansiyalarından qatarlara, avtobus dayanacaqlarından avtobusların özlərinə və onu idarə edən sürücülərədək hər kəs öz şikayət, irad və təklifini yazır.
Vətəndaş rəyi əsasında hazırladığımız "pərdəsiz və kondisionersiz avtobus" yazısı xəbər portalımızın "facebook" səhifəsində ciddi reaksiyalara məruz qaldığından və insanlar bu istiqamətdə rastlaşdıqları problemləri rəy bölməsində bölüşdüklərindən, avtobus və digər nəqliyyat vasitələrinin fəaliyyəti ilə bağlı yazılan rəyləri xəbər portalımızda işıqlandırmaq qərarına gəldik. Bundan sonra nəqliyyatla, xüsusilə də avtobuslarla əlaqədar "50 qəpiklik avtobuslar silsiləsindən" adlı seriyalı xəbər yazılarımız dərc olunacaq.

"50 qəpiklik avtobuslar" silsiləsinin növbəti seriyası "tərli və tüpürcəkli" avtobuslara və onların sürücülərinə şamil olunur.

Bu haqda 104 nömrəli marşrut xəttindən mütəmadi istifadə edən və hər dəfə ürəkbulandıran mənzərələrlə üzləşdiyini qeyd edən Sevinc Hüseynova bildirir ki, içəridəki siqaret, tər qoxusu və tüpürcək vətəndaşların narahatlığına, anti-sanitar vəziyyətə səbəb olur:

"Vallah, bezmişik. 104 saylı avtobus xəttində tər qoxusundan, çirkdən, yaşlı sürücünün hər dəqiqə pəncərəni açıb, bayıra tüpürməsindən iyrənmişik. Bu avtobus Suraxanıdan Həzi Aslanov metrostansiyasına gedir. Rüsvayçılıqdır. Çox xahiş edirik, bu avtobus xətti "Baku Bus"larla əvəz edilsin. Biz də səhərlər işə iyrənmədən gedib, gələ bilək" - deyə, vətəndaş səhifəmizin "şərh" bölməsində rəyini bildirib.

P.S. Məlumat üçün qeyd edək ki, ictimai nəqliyyatla bağlı vətəndaşların müsbət və mənfi müşahidələri bu istiqamətdə hazırladığımız silsilə yazılarla dərc edilir.

Bizimyol info
Tarix: 12-07-2024, 08:20
Xəbəri paylaş





Xəbər lenti