Parlamenti ailə podratına çevirənlər: indi də mandat atadan övlada miras ötürülür...




Turgenevin məşhur "Atalar və oğullar" məsələsini deyəsən, bizim bəzi deputatlar səhv yozublar. Elə olmasaydı, atadan oğula, atadan qıza mandat ötürmək sevdasına düşməzdilər. Bu, lap sülalə parlamenti formalaşdırmağa oxşayır. 
Atalarından seçicilərin çəkdiyi az idi, indi övladları gəlib xalqa gün ağlayacaq?! İqtidarın da bu məsələyə yanaşması qəribədir, hakimiyyət niyə belə dözümlü yanaşır... Hər halda, deputatlardan övladlarına mandat ötürülməsinə gərək göz yumulmazdı. Ancaq fakt faktlığında qalır və postmünaqişə dövründə ciddi siyasi palitra dəyişikliyi gözləyən Azərbaycan xalqı növbəti dəfə məyus olmaq ərəfəsindədir. Buyurun, deputat övladlarının deputat olmaq istədiyi dairələrə nəzər yetirək:
Birincisi, YAP 20 saylı Nərimanov ikinci seçki dairəsindən Samir Əhməd oğlu Vəliyevi namizəd göstərib. S.Vəliyev kim olsa yaxşıdır - Odlar Yurdu Universitetinin rektoru, III və IV çağırış Mili Məclisin üzvü olmuş Əhməd Vəliyevin oğlu.. .
İkincisi, 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizəd göstərilən Mahir Tahir oğlu Süleymanlıdır. O, eks-deputat Tahir Süleymanovun oğludur. T.Süleymanov 2000-2020-ci illərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisin deputatı olub. Daha çox un biznesi ilə tanınıb. 
Ən nəhayət, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, qızı Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-
Neftçala seçki dairəsindən namizəd olub. Yəni ən azı üç mandatın bir evdən çıxmaması, başqa evə girməməsi üçün dəridən-qabıqdan çıxırlar, indi də uşaqlarını qabağa veriblər. Az qala hər biri 20-30 il deputat olublar, biznes qurublar, dövlətin puluna, ezamiyyətlər, xarici ölkələr, büdcədən yüksək maaş, komfort həyat... İndi də istəyirlər ki, övladları parlamentdə otursun. Niyə? Bu ölkədə başqa bacarıqlı insan, siyasətçi yoxdur? Tahir Süleymanlının oğlunu Şabran əhalisi hansı fəaliyyətinə əsasən tanıyıb ki, ona səs versin? Yaxud Əhməd Vəliyevin oğlu Nərimanov rayonunda hansı ictimai-siyasi aktivliyi ilə seçilib? Atasının universitetində və bankında "qaz vurub qazan dolduran" Samir Vəliyev indi biznesi toxunulmaz saxlamaq üçün deputatlıq eşqinə düşüb. Həmçinin, Fəzail Ağamalını qeyd etmək olar. Ömrünün bu yaşına qədər deputat kürsüsündə oldu, özünə güzəran qurdu, yaxşı biznesi, əlaqələri, imkanları var, elə qızına da "Buta" bağçasını açmağa bir ata kimi dəstəyi olub, Nəsimi rayonunda ona böyük bir obyekt alınmasında ciddi rol oynayıb, qızı Günay xanım isə bağça rəhbəri və psixoloq kimi fəaliyyət göstərib, amma parlament üzvü olması üçün hər hansı siyasi çıxışları, fəallığı, mətbuatda müsahibələri rastımıza çıxmayıb. Ümumiyyətlə, hətta hər üç deputat övladları savadlı, potensiallı, parlament üzvü kimi fəaliyyət göstərməyə hazır olsalar belə, axı kənardan təəssürat fərqlidir?! Xalq deyir ki, indi də uşaqlarını deputat edirlər və bu, insanları ələ salmaqdır. 
Sanki parlamenti ailə podratına çevirmək istəyirlər. Yəni "müqəddəs yer" boş qalmasın və başqasına nəsib olmasın. Ona görə də uşaqlarını deputatlığa hazırlayırlar. Sözsüz ki, bir 5 il də onlar parlamentin imkanlarından, lüksündən yararlanacaq, biznesi daha da genişləndirəcək, hətta özlərini yaxşı tərəfdən göstərsələr, növbəti seçkidə də yenə mandat sahibi olacaqlar və beləcə atalarından miras qalan bu mandatı şəxsi sərvət kimi saxlayacaqlar. Xalq isə qocalır və seçki sisteminə olan inamı nəinki zəifləyir, artıq taqətdən düşüb və tam dəfn olub...

Siam-az.com
Tarix: 19-07-2024, 14:07
Xəbəri paylaş





Xəbər lenti