Azərbaycanda “narkotikdən xəbərsiz” rayonlar... – Onlar niyə aylarla mübarizədən kənarda qalırlar?



Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə davam edir. Daxili İşlər Nazirliyinin rəsmi statistikasına əsasən deyə bilərik ki, DİN-in müvafiq idarələri və digər müvafiq qurumlarla yanaşı, ay ərzində təxminən 20-30 rayonun polis əməkdaşları bu kampaniyada iştirak edir. Bu isə o deməkdir ki, ölkə üzrə 67 rayondan ən azı yarısı bu prosesdən kənarda qalır.
Əlbəttə, işğaldan azad olunan rayonlarda hələ tam yaşayış olmadığından, onları bu siyahıya daxil etmək düzgün olmaz. Lakin yenə də, hər ay təxminən 15-20 rayonun narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən kənarda qalması normal hal deyil. Hətta 50-100 min nəfər əhalisi olan elə rayonlar var ki, orada ay ərzində bir dəfə də olsun narkotik aşkar olunmayıb. Həmçinin, Bakının 11 rayonu arasında da elələri var ki, ardıcıl olaraq 2-3 ay müddətində bu mübarizəyə töhfə verə bilməyiblər...
Üstəlik, adı statistik göstəricilərdə qeyd olunan elə rayonlar da var ki, onların fəaliyyəti yalnız yabanı halda bitən çətənə bitkisini aşkarlayaraq məhv etməkdən, yəni yandırmaqdan ibarət olub. Böyük əksəriyyəti isə ay ərzində cəmi bir dəfə hansısa narkomanı yaxalayaraq, üzərində şəxsi istifadəsi üçün saxladığı az miqdarda narkotik maddə, əsasən də marixuana aşkarlayıblar.
Bütün bunlarla yanaşı, bir sıra rayonlar da var ki, onlar bu mübarizədə ardıcıl olaraq fəallıq nümayiş etdirirlər. Belə demək olar ki, mübarizənin bütün yükü də məhz bu rayonların üzərinə düşür...

Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, biz DİN-ın açıqladığı rəsmi statistikaya əsasən bu qanaətə gəlmişik. Odur ki, 2024-cü ilin birinci yarısında, daha doğrusu son 7 ay ərzində ölkə üzrə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə iştirak edən rayonların aylıq statistikası ilə dəyərli oxucularımızı tanış edək:
Yanvarda Bakının 8 rayonu - Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Sabunçu, Suraxanı və Yasamal bu mübarizədə fəal iştirak ediblər. Hesabat dövründə ölkənin ən böyük şəhərləri olan Gəncə və Sumqayıt da prosesdən kənarda qalmayıb. Rayonlara gəldikdə isə, yanvarda aşağıda adlarını sadaladığımız 28 rayon daha aktiv olub: Abşeron, Ağcabədi, Ağdaş, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Qazax, Qəbələ, Quba, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Sabirabad, Salyan, Samux, Şabran, Yevlax və Zaqatala.
Fevralda Bakının 10 rayonu - Binəqədi, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamalla yanaşı, yenə Gəncə və Sumqayıt seçilib. Həmin ay digərlərindən fərqlənən 20 rayonun siyahısı isə belədir: Abşeron, Ağsu, Astara, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Goranboy, Xaçmaz, Kürdəmir, Qax, Qəbələ, Quba, Lerik, Masallı, Sabirabad, Şirvan, Yardımlı və Zaqatala.
Mart ayında Bakının 9 rayonu - Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Sabunçu, Səbail, Suraxanı, Yasamalla yanaşı, Gəncənin adı da siyahıda yer alır. Bu ay ərzində isə 22 rayon seçilib: Abşeron, Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Hacıqabul, İmişli, Qazax, Qusar, Lənkəran, Saatlı, Salyan, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Yardımlı və Yevlax.
Apreldə Bakı rayonları arasında passivlik yaşanıb. Belə ki, cəmi 6 rayon - Binəqədi, Xəzər, Nərimanov, Nəsimi, Yasamal, Sabunçu ilə yanaşı, Sumqayıtın adı da siyahıda yer alır. Rayonların sayı isə yenə 22 olub: Abşeron, Ağdaş, Ağsu, Balakən, Beyləqan, Hacıqabul, Xızı, İsmayıllı, Kürdəmir, Qazax, Qobustan, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Samux, Yevlax və Zərdab.
Mayda 8 rayon - Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal mübarizəyə töhfə verib. Bu dəfə Gəncə və Sumqayıt da siyahıdan kənarda qalmayıb. May ayında rayonların sayı 20 olub: Ağcabədi, Ağsu, Balakən, Beyləqan, Biləsuvar, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qobustan, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Şirvan, Tovuz, Ucar və Yardımlı.
İyunda Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli zəifləyib. Belə ki, siyahıda cəmi 4 rayonun – Xətai, Sabunçu, Səbail və Suraxanının adı yer alır. Ölkənin ikinci böyük şəhəri olan Gəncə də bu dəfə siyahıdan kənarda qalmayıb. Rayonların sayı 26 olub: Abşeron, Ağdam, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Goranboy, Xaçmaz, Xankəndi, Xudat, Qax, Quba, Qusar, Lənkəran, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Samux, Şəki, Şəmkir, Şirvan, Yevlax, Zaqatala və Zərdab.
İyulda Bakının 7 rayonu – Binəqədi, Qaradağ, Nəsimi, Nizami, Sabunçu, Səbail və Suraxanı ilə yanaşı, Sumqayıt da prosesə təkan verib. Ötən ay rayonların sayı isə 27 olub: Abşeron, Ağcabədi, Ağdam, Astara, Balakən, Biləsuvar, Göyçay, Hacıqabul, Xızı, İsmayıllı, Qax, Qazax, Qəbələ, Lerik, Lənkəran, Masallı, Naftalan, Oğuz, Sabirabad, Salyan, Siyəzən, Şamaxı, Şirvan, Tovuz, Ucar və Yevlax.

Əlbəttə, biz rayonları aşkarladıqları narkotik vasitələrin həcminə görə müqayisələndirmək istəmədik. Ən azı ona görə ki, hər bir rayon öz imkanı və mövcud şərtlər daxilində bu prosesə təkan verməyə çalışır. Üstəlik, ölkəmizə narkotik əsasən İrandan daxil olduğundan, digər rayonlara nisbətən cənub bölgəmizdə daha çox narkotik maddə aşkarlanması normal haldır.
Lakin bu mübarizədən tamamilə kənarda qalan rayonlar da var ki, onların aylarla bu sahədə tam fəaliyyətsiz olmaları anlaşılan deyil. O mənada ki, sanki bu rayonlarda bir nəfər də olsun narkoman yoxdur və bu səbəbdən də narkotacirlərin buraya “yolu düşmür”. Lakin əldə etdiyimiz bir sıra faktlar məsələyə bu qədər nikbin yanaşmağa imkan vermir. Odur ki, növbəti yazıda həmin rayonlarla bağlı ayrıca araşdırma aparıb, nəticəsini dəyərli oxucularımıza təqdim etməyə çalışacağıq.
Stopnarkotik.az

Tarix: 14-08-2024, 08:18
Xəbəri paylaş





Xəbər lenti