Güləli Bağırov Polad Bülbüloğlunu Baydenə bənzətdi - “Milli Məclis müğənni yeri deyil, gedib nəvələrini oynatsın”


Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Deputatlığa namizədlər arasında iddialı şəxslərdən biri də Bağırov Güləli Qəhrəman oğludur. 124 saylı seçki dairəsindən namizəd olan Bağırovun əsas rəqibləri namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmüş Leyla Babaşova, Akif Nağı və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğludur.
Güləli Bağırov KONKRET.az-a açıqlamasında seçki platforması haqda məlumat verib:
“Platformamızda əsasən şəhid və qazi ailələrinin sosial problemlərinin həllini özündə ehtiva edən məqamlar yer alıb. Qeyd etmək istəyirəm ki, Milli Məclisə seçilsəm, Azərbaycanda ilk dəfə olaraq cavabdeh olduğum ərazilərdə deputat ofisləri təşkil ediləcək. Bu ofislər müasir avadanlıqlarla təchiz olunacaq. Vətəndaşlar şikayətlərini rahatlıqla həmin ofislərə yaxınlaşaraq bildirəcəklər və mərkəzi ofisimizə məlumat çatdıqdan sonra müvafiq qurumlarla məsələni həll etməyə çalışacağıq”.
G.Bağırov təbliğat-təşviqat prosesi barədə də danışıb:
“124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi digərlərindən fərqlənir. Burada 93 məntəqə yerləşir ki, bu da 45 rayonu əhatə edir. Bizə sözügedən prosesə görə 20 gün vaxt veriblər. Hər gün 2 rayona səfər etsək belə, fiziki olaraq bütün bölgələrdə insanlarla görüşə bilməyəcəyik. Ancaq yenə də Bakı, Sumqayıt, Şuşa, Ağdam, Neftçala və digər rayonlarda seçicilərlə görüşməyə çalışırıq. Həmçinin sosial media və şəbəkələr üzərindən də aktiv fəaliyyətdəyik. Keçirilən onlayn sorğularda da ilk pillədə qərarlaşmışam. 2015-ci ildə də namizəd idim, “exit poll”un nəticələrinə görə də ilk pillədə qərarlaşmışdım. Seçkilər şəffaf və ədalətli olarsa, bu dəfə də qalib gələcəyimə şübhə yoxdur”.
Müsahibim əsas rəqiblərindən birinin Polad Bülbüloğlu olduğunu deyib:
“Əsas rəqiblərim Polad Bülbüloğlu, YAP tərəfindən namizədliyi irəli sürülmüş Leyla Babışova, həmçinin Qarabağ qazisi Hamlet Gülməmmədov və Akif Nağıdır. Hamlet bəy də aktiv şəkildə seçicilərlə görüşür. Lakin ciddi rəqibim Polad Bülbüloğludur. O, Azərbaycanda yetərincə tanınan, məşhur şəxsdir.
Lakin bir məsələ var. İstəyirəm onun üzərində xüsusi dayanaq. Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də anadan olub. Təsəvvür edin, həmin ildə Yalta konfransı keçirilib. Stalin, Ruzvelt və Çörçil Yaponiyaya qarşı danışıqlar aparıb. Bunu ona görə xüsusi vurğulayıram ki, Polad Bülbüloğlunun yaşlı olduğunu diqqətə çatdırım. Yaşlı bir insan kimi onun hansı enerjisi ola bilər ki, seçiciləri ilə müntəzəm görüşlər keçirsin, onların problemlərinin həlli istiqamətində gərgin işləri görsün. Təbii ki, onun fiziki imkanları buna mane olacaq. İstərdim ki, Polad Bülbüloğlu insanların yaddaşında bir sənətçi və bəstəkar kimi qalsın. Milli Məclis müğənnilərin yeri deyil. Orada iqtisadçılar, hüquqşünaslar təmsil olunmalıdır. ABŞ Senatına nəzər saldıqda görürük ki, oradakıların 72 %-i hüquqşünasdır. Mən də Türkiyədə və Avropada təhsil almışam. Dediyim kimi, 79 yaşlı insanın siyasətdə yeri yoxdur. O, az qala ABŞ prezidenti Baydenlə eyni yaşdadır. Yaxşı olardı ki, gedib nəvələri ilə oynayıb, kitab yazsın”.
O, Polad Bülbüloğlunun vaxtilə ciddi siyasi səhvlər etdiyini bildirdi:
“Baxın, Polad bəyə hörmətim sonsuzdur. Amma o, II Qarabağ müharibəsi zamanı ciddi siyasi səhvlər edib. Belə ki, Polad Bülbüloğlu ermənilərə mədəni muxtariyyət verilməsinin tərədarı idi. Mənə isə jurnalistlər sual verəndə birmənalı olaraq demişdim ki, yalnız və yalnız müharibə etməliyik. Onun atasının heykəlini Şuşada gülləbaran ediblər, lakin o, ermənilərə muxtariyyətdən danışırdı. Təbii ki, bu, doğru deyildi.
Digər rəqibim Leyla Babışova haqqında isə onu deyə bilərəm ki, gənc kadrdır, Azərbaycan xanımıdır. YAP-ın Şuşa Rayon təşkilatının sədr müavinidir. Şəxsən onu tanımıram. Haqqında da heç nə deyə bilmərəm. Akif Nağıya böyük hörmətim var. Şəxsən mən onu bir dəfə Şuşa-Qarabağ futbol klubunun tədbirinə dəvət etmişəm və o da məmnuniyyətlə iştirak edib. Ona görə də aramızda hörmət yaranıb.
Natiq Səlim
Tarix: 14-08-2024, 18:33
Xəbəri paylaş





Xəbər lenti