MƏDƏNİYYƏTİMİZƏ UZANAN “ÇİRKLİ ƏLLƏR” - Kimlər musiqi məktəblərinin bağlanılmasına çalışırlar?



Bu yazını qələmə almazdan öncə internetdə “mədəniyyət” sözünün etimologiyasını araşdırdım. Məlum oldu ki, "mədəniyyət" sözü latın mənşəlidir, tərcüməsi "julture", yəni "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu anlayış ilkin olaraq torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi mənasını daşıyıb.
Tədricən daha geniş müstəviyə çıxaraq, maarifçilik, savad, tərbiyə anlamını özündə əks etdirib. Günümüzdə də bu cür qəbul olunmaqdadır. “Mədəniyyət” sözünün tərifi isə, “insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər”, - kimi qəbul olunur.
Əlbəttə, bu sözün qaynağını, yaxud tərifini axtarmağımız heç də səbəbsiz deyildi. Söhbət ondan gedir ki, son vaxtlar Azərbaycan xalqının mədəniyyətinə qarşı çirkin hücumlar həyata keçirilməkdədir. Məsələn, biriləri çıxıb deyir ki, ölkədə musiqi məktəbləri bağlanılmalıdır. Niyə, nə üçün? Əlbəttə, bu haqda gerçəyi deməkdən çəkinirlər. Lakin onların niyyəti bəlldir. Əslində, bu adamlar Azərbaycan mədəniyyətinə qarşı savaş açıblar. Yeniyetmə və gənclərimizin maariflənməsini, savadlı, tərbiyəli olmasını qəbul etmək istəmirlər. Təhsilimizi qara günə qoyublar, indi də mədəniyyətimizə girişiblər. Yaxşı bilirlər ki, savadsız bir toplumu idarə etmək daha asandır.

O da sirr deyil ki, gecə-gündüz Azərbaycan mədəniyyətinə qarşı hücumların arxasında daha böyük hədəflər dayanır. Bəlli olduğu kimi, Azərbaycan çoxmədəniyyətli bir ölkədir. Multikulturalizm dövlət siyasətimizin önəmli bir parçasıdır. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev də dəfələrlə multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bəyan edib. Yəni çoxmədəniyyətlilik artıq ölkəmizdə gedən demokratik proseslərin ayrılmaz parçasına çevirlib. Deməli, bu gün mədəniyyətimizə qarşı hücumlar həm də dövlət siyasətini hədəfə alıb. Heç şübhəsiz, bunun da arxasında Azərbaycana qarşı hər zaman düşmən mövqedə dayanan xarici güclər durur. Sadəcə, hər zaman olduğu kimi, onlar yenə də “sapı özümüzdən olan baltalar”dan istifadə edirlər.

Maraqlıdır, Mədəniyyət Nazirliyinin rəhbərliyində bir nəfər vicdanlı məmur yoxdur ki, çıxıb onların cavabını versin? Hamı öz kreslosunu qoruyur. Bircə nəfər çıxıb demir ki, axı, bu xalqın keçmişindən, ənənəsindən, milli-mənəvi dəyərlərindən, mədəniyyətindən, incəsənətindən nə istəyirsiniz?!
İlk baxışdan sadə bir məsələ kimi görünsə də, musiqi məktəblərinin bağlanılması təklifi çox hiyləgərcəsinə düşünülmüş bir plandır. Bəllidir ki, musiqi məktəblərinin bağlanılması bilavasitə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, eləcə də digər ali təhsil ocaqlarının bağlanılması üçün zəmin hazırlamaqdır. Çünki musiqi məktəbləri abituriyent yetişdirməsə, sözügedən ali təhsil ocaqları tələbə kontingentini necə formalaşdıra bilərlər? Deməli, burada məqsəd savadlı kadrların yetişməsinin qarşısını almaqdır. Hamıya bəllidir ki, bu gün musiqi təhsili, savadı, tərbiyəsi olmayan insanların müxtəlif yollarla televiziyalara ayaq açması cəmiyyətimiz üçün çox ciddi problemə çevrilib. Belə demək olarsa, əxlaqsızlar topluma “əxlaq dərsi” keçir. Nəzərə alsaq ki, musiqi məktəbləri həm də təlim-tərbiyə ocaqlarıdır, deməli, onların bağlanmasına çalışan güclər cəmiyyətimizi indikindən daha ağır vəziyyətə salmaq istəyirlər.
Üstəlik, onu da diqqətdən qaçırmamalıyıq ki, təhsilsiz gənclərin sayının az olması hər bir ölkədə narkomaniyanın genişlənməsi, nəticədə isə cinayətkarlığın inkişafı üçün münbit zəmin yaradır. Bir anlıq düşünsək ki, ölkəmizdə musiqi məktəbləri bağlanılır, bu sahəyə maraq göstərən, musiqi qabiliyyəti olan yüzlərlə, minlərlə gənc təhsildən kənarda qalır, deməli, bu halda Azərbaycanda narkomaniya daha böyük sürətlə inkişaf edəcək, yeniyetmə və gənclərimiz “ağ ölüm”ün cənginə düşəcək. Belə olduğu halda, kim inkar edə bilər ki, mədəniyyətimizə qarşı hücumların arxasında həm də narkotik mafiyası dayanmır?!

Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycanda musiqi məktəblərinin bağlanılması təklifi çoxtərəfli məkrli plandır. Görünən odur ki, bu xain planın müəllifləri dövlət siyasətimizi, mədəniyyətimizi hədəfə almaqla yanaşı, ölkəmizdə narkomaniya və cinayətkarlığın genişləndirilməsi fonunda yeniyetmə və gənclərimizi tədricən məhv etməyə çalışır. Bu baxımdan, sözügedən planın müəlliflərinə ən yüksək səviyyədə “dur!” deməyin vaxtıdır. Hesab edirik ki, əks halda cəmiyyətimizi daha böyük faciələrlə üz-üzə qala bilər.
Stopnarkotik.az

Tarix: 26-08-2024, 23:18
Xəbəri paylaş





Xəbər lenti