İçdi, Laçını yadına saldı, özünü güllələdi və... – DİN

İçdi, Laçını yadına saldı, özünü güllələdi və... – DİN Yanvarın 4-də və 5-də az tanınan bir neçə xəbər saytında guya polis əməkdaşı tərəfindən güllələndiyi və bununla əlaqədar şikayətinə baxılmamasına etiraz əlaməti olaraq Nicad İbrahim adlı vətəndaşın ağzını tikməsi səhnəsini əks etdirən görüntülər yayımlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Axar.az-a açıqlamasında bildirib ki, ilk baxışdan ağır və ciddi ittihamlar olduğunu nəzərə alıb, dərhal araşdırmalar aparıblar: “Bu zaman DİN-in istintaq orqanlarından bizə təqdim olunan rəsmi arayışlar Nicad İbrahimin səsləndirdiyi iddiaların şər və böhtandan başqa bir şey olmadığını üzə çıxardı. Məlum oldu ki, Nicadın bəhs etdiyi hadisə düz 9 il bundan əvvəl olub. O vaxtdan da bu günə kimi onun bütün şikayətləri həm Daxili İşlər Nazirliyinin aidiyyəti idarələrində, həm də prokurorluq orqanlarında dəfələrlə araşdırılıb və nəticələri barədə şikayətçiyə rəsmi bildirişlər də göndərilib”.


Polis polkovniki Ehsan Zahidov hadisənin təfərrüatını da açıqlayıb: “2008-ci ilin may ayının 6-da Xırdalan şəhərində yerləşən “Təşəbbüs” restoranında Bakı şəhərində məskunlaşmış Laçın rayon sakini İbrahim Nicad İbad oğlunun qərəzli xuliqanlıq hərəkətləri etməsi faktı üzrə Abşeron RPŞ-də CM-nin 221.3. maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, Nicad İbrahim 6 may 2008-ci ildə saat 22:00 radələrində qeyd olunan restoranda sərxoş vəziyyətdə heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək özü ilə gətirdiyi “SAYQA” markalı ov tüvəngindən iki dəfə döşəməyə, bir dəfə ayağına atəş açaraq özünə ağır bədən xəsarəti yetirib.

Dərhal hadisə yerinə gələn RPİ əməkdaşları tərəfindən şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-ballistik ekspertizalar təyin edilərək rəylər alınıb və digər zəruri əməliyyat və istintaq hərəkətləri yerinə yetirilib. Nicadın avtomobilinə baxış zamanı oradan “MP-654” model, təlim-məşq təyinatlı pnevmatik tapança, 62 ədəd həmin tapançanın kürəciyi və hadisə zamanı istifadə etdiyi “SAYQA 410K” markalı ov karabini aşkar edilərək götürülüb.

Nicad İbrahim istintaqa verdiyi ifadəsində həmin gün saat 18 radələrində “Təşəbbüs” restoranında həmyerliləri Vüqar Musayev, Qurban Əhmədov, Nicat İsmayılov və sonuncunun azyaşlı oğlu Rəhimlə birlikdə yemək yediklərini, saat 21 radələrində Q.Əhmədov, N.İsmayılov və oğlu Rüstəmin çıxıb getdiklərini, onun Vüqar Musayevlə spirtli içki sifariş verib məclisi davam etdirmələrini, saat 22 radələrində V.Musayevin özünü pis hiss edib zalı tərk etdiyini, onun zalda əyləşən musiqiçilərə “Laçınım” mahnısını sifariş verdiyini, musiqini eşidib Laçın rayonun işğalının yadına düşdüyünü, restoranın həyətində saxladığı “Mersedes” markalı avtomobildən ov silahını götürüb silahla rəqs etmək qərarına gəldiyini, silah əlində zala daxil olanda qışqırıq səslərin eşidib özünü itirdiyini, barmağı tətiyə toxunub bir neçə dəfə atəş açıldığını və güllənin birinin öz ayağına dəyib xəsarət aldığını göstərib.

Məhkəmə-tibb ekspertinin rəyində İbrahim Nicad İbad oğlunun bədəni üzərində odlu silahdan açılmış atəşin təsirindən əmələ gəlmiş xəsarətlərin sağlamlığa ağır zərər vurmaya aid olması göstərilib.

Nicad İbrahim təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib, 8 avqust 2008-ci ildə istintaq tamamlanaraq cinayət işi ittiham aktı ilə Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən İbrahim Nicad İbad oğlu sınaq müddəti ilə şərti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, “SAYQA 410K” modelli ov tüfənginin DİN-ə təhvil verilməsi, “MP-654” modelli, təlim məşq təyinatlı pnevmatik tapançanın isə Nicat İbrahimə qaytarılması barədə hökm çıxarılıb.

Nicadın guya müstəntiqin hədə-qorxu ilə ondan 10.800 ABŞ dolları pul alması, ondan götürülmüş 5.600 ABŞ dollarını qaytarmaması və digər qanunsuz hərəkətləri barədə müraciəti əsasında Abşeron Rayon Prokurorluğunda araşdırma aparılıb, ərizədə göstərilmiş xüsusatlar təsdiqini tapmadığından 22 sentyabr 2014-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. O da müəyyən edilib ki, 8 may 2008-ci ildə Nicadın həmyerlisi və restoranda onunla birlikdə olmuş Vüqar Musayevin üzərinə baxış keçirilərkən götürülmüş 5.400 ABŞ dolları və 85 manat pulun Nicad İbrahimə məxsus olması müəyyən edildiyindən, qəbzlə ona qaytarılıb və həmin qəbz də cinayət işinə əlavə edilib.

Abşeron və Nəsimi RPİ-nin sabiq əməkdaşı Anar Əliyevin 2008-ci ildə ondan torpaq sahəsinin alqı-satqısını həyata keçirmək adı ilə aldığı 32.000 dollardan 27.390 dolları qaytarmaması barədə Nicad İbrahimin müraciəti əsasında Abşeron RPİ-nin İstintaq şöbəsi tərəfindən araşdırma aparılaraq 15 avqust 2014-cü ildə CPM-nin 39.1.1. maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Məsələnin mahiyyəti yalnız bundan ibarətdir. Əgər vətəndaşın istintaqdan və ya məhkəmənin hökmündən yenə də şikayəti varsa, ağzını tikməsin, buyurub məhkəmə orqanlarının daha yuxarı instansiyalarına müraciət edə bilər”.
Tarix: 7-01-2017, 20:52
Xəbəri paylaş





Xəbər lenti