Arvadını baltaladı: “Beynimdə kimsə dedi ki, “vur öldür”” - dəhşətli qətlin təfərrüatları

Arvadını baltaladı: “Beynimdə kimsə dedi ki, “vur öldür”” - dəhşətli qətlin təfərrüatları Arvadını qətlə yetirən şəxs bu əməlini qısqanclıq zəminində törətdiyini deyir; mərhumun qardaşı isə deyilənlərlə razılaşmır

Bakı Ağır Cinayəltər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə arvadı Xalidə Günəşovanı qətlə yetirməkdə təqsirləndirilən Famil Abduləzimovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, iclasda ilk olaraq Xalidə Günəşovanın qardaşı Tural Günəşov ifadə verib. Mərhumun hüquqi varisi olaraq tanınan Tural Günəşov bacısının ölümü və hadisənin təfərrüatları ilə bağlı danışarkən təqsirləndirilən şəxsə qarşı qəzəbini və kinini gizlədə bilməyib.

Tural Günəşovun Famil Abduləzimovu və onun məhkəmədə olan qohumlarını təhqir etməsi zalda gərginlik yaradıb. Hakimin müdaxiləsindən sonra tərəflər sakitləşib.
Aliment vermədiyi üçün həbs edilib

Tural Günəşov deyib ki, bacısı Famil Abduləzimova qoşulub qaçıb. Ailələr əvvəlcə narazı olsa da, sonradan bu evliliyə razılıq veriblər.


Ailədəki söz-söhbət Famil Abduləzimovun daha əvvəl də evli olmasının üzə çıxması ilə başlayıb. Tural Günəşov deyir ki, bacısı da Familin əvvəl evli olmasını bilməyib: “Heç kim bilmirdi. Biz də sonradan öyrəndik. Buna görə soyuqluq yarandı. Ancaq yenə də tərəflər barışıq əldə etdi. Bacım onu bağışladı, qəbul elədi. Bundan sonra da uzun müddət mehriban yaşadılar”.

Məhkəmədə qətli törətməkdə təqsirləndirilən Famil Abduləzimovun bir neçə aylıq məhkumluq həyatı yaşadığı da məlum olub. Onun həbs edilməsinə səbəb isə birinci ailəsinə aliment ödəməməsi olub. Famil Abduləzimovun birinci ailəsindən 2 azyaşlı övladı var.
Bu haqda da qətlə yetirilən qadının qardaşı Tural Günəşov danışıb: “Famili 1500 manata görə tutdular. Birinci ailəsinə aliment vermirdi. Ailəsi qohumlarına, tanışlarına dedi. Ancaq heç kim vermədi, yaxın duran olmadı. İndi baxıram məhkəməsinə xeyli qohumu gəlib. Mən bacım üçün, onun ailəsi üçün bu pulu borc tapıb verdim. İstəmirdim ki, bacımın ailəsi dağılsın. Guya Famil də həbsdən çıxıb, işləyib pulu qaytaracaqdı. Amma çıxandan sonra da pulu ödəmədi. Pulu ödəməməsi bir yana, bacımı öldürdü”.

“İkincini, üçüncünü vuranda da bilən olmayıb?

Tural Günəşov bacısının vəhşicəsinə qətlə yetirilməsinə Famil Abduləzimovun ailsəinin vaxtında müdaxilə etməməsindən narazılığını bildirib: “Bacımı evdə baltalayaraq öldürüb. Necə olub ki, heç kim bilməyib. Adamın bir barmağına tikan batanda səsi aləmi götürür, ağrısını hiss edir. Bacıma bir balta vurub. Yəqin ki, o qışqırıb, kömək istəyib. Niyə heç kim köməyə gəlməyib? İkincini, üçüncünü vuranda da bilən olmayıb?”.

Arvadını öldürməkdə təqsirləndirilən Famil Abduləzimov ilk evliliyinin 2009-cu ildə olduğunu və 2012-ci ildə boşandığını bildirib. İkinci ailəsindən ilk evliliyini gizlətməsinin səbəbini isə izah edə bilməyib.

“Bir anın içində necə oldu, bilmədim”
O, məhkəmədə arvadını öldürməsinin səbəbi haqda danışıb. Deyib ki, arvadı onun əvvəlki evliliyini biləndən sonra münasibətlərində soyuqluq yaranıb: “Mənim bir dəfə də evləndiyimi öyrənədən sonra münasibəti dəyişdi. Çox suyuq davranırdı. Məni birinci ailəmə aliment ödəmədiyim üçün həbs elədilər. 4 ay Şüvəlanda həbsdə yatdım. Çıxanda isə münasibətlərimiz çox pisləşdi. Bir gün evdə olanda mənə dedi ki, “onsuz da səni yenə tutacaqlar. Mən də gedib öz həyatımı yaşayacam”. Dəhşət əsəbləşdim. Elə bilin ki, bu sözlərdən sonra kimsə beynimin içində mənə dedi ki, “bunu vur öldür”. Mən də səsəbləşdim, bir anın içində necə oldu, bilmədim”.

Famil Abduləzimov xə Xalidə Günəşovanın nikahlarından iki azyaşlı övladlarının da olduğu məlum olub.

Proses zamanı Famil Abduləzimovun arvadını öldürdükdən sonra intihara cəhd etməsi də məlum olub. Arvadını baltalayaraq qətlə yetirən Famil Abduləzimov bıçaqla boğazına və bədəninə xəsarətlər yetirib. Ailə üzvləri onu xəstəxanaya vaxtında çatdırdığından F.Abduləzimovun həyatını xilas etmək mümkün olub.

Xəstə olduğunu, özünü idarə edə bilmədiyini deyən F.Abduləzimov bu problemlərinin səbəbi kimi həbsxanada qaldığı 4 ayı göstərib. O, deyib ki, 4 aylıq həbsxana həyatı onu xəstə edib. Bundan sonra özünü idarə etmək qabiliyyətini itirib.
“Əlində balta ilə gəlib dedi ki, Xalidəni öldürmüşəm”

Məhkəmədə Familin anası Sübiyar Abduləzimova da ifadə verib. O, oğlunun tutduğu əmələ görə peşmançılıq keçirdiyini deyib: “Heç bir ana belə bir hadisənin olmasını istəməzdi. Təəssüf ki, belə oldu. Oğlum həbsdən çıxandan sonra xəstə oldu. Nə oldusa, ona həbsxanada oldu. Bəzən özünü idarə edə bilmirdi. Əvvəl isə belə xəstəliyi olmayıb. 18 ay hərbi xidmətdə olub. Sağ-salamat gedib, vətənə xidmətini edib. Hadisə baş verən gün evdə oturmuşduq. Əlində balta ilə gəlib dedi ki, “Xalidəni öldürmüşəm””.

Məhkəmədə qətlə yetirilən Xalidə Günəşovanın anası Şirinbacı Günəşova da ifadə verib:
“Qızımın ölüm xəbərini zəng edib deyəndə inanmadım. Sonra rayondan Bakıya gəldik. Hələ də olanlara inana bilmirəm”- deyə Ş.Günəşova ifadəsində bildirib.

Qeyd edək ki, cinayət hadisəsi Sumqayıt şəhərində törədilib. Dəmiryol yaşayış massivində 30 yaşlı Famil özündən 3 yaş böyük olan həyat yoldaşı Xalidə Günəşovanı qətlə yetirib.
F.Adıgözəlov Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə”) maddəsi ilə ittiham olunur.

Criminal.az
Tarix: 25-01-2017, 23:49
Xəbəri paylaş





Xəbər lenti