Polis işdən çıxarıldı, anası isə həbs edildi- dələduzluğa görə

 Polis işdən çıxarıldı, anası isə həbs edildi- dələduzluğa görə Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən ana və oğlu hakim qarşısına çıxarılıb. Onlar qızıl alverçilərinə qarşı dələduzluq etməkdə, onların külli miqdarda qızıl-zinət əşyalarını ələ keçirməkdə təqsirləndirilirlər. Ana həbs edilib, polisdə işləyən oğlu isə vəzifəsindən uzaqlaşdırılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən Qurbanova Almaz Sevindik qızı və oğlu Qurbanov Şaiqin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Məhkəmədə zərərçəkmiş şəxslər ifadə verib. Ana və oğlunun əməllərindən zərərçəkən şəxslərin sayı 9 nəfərdir. Onların bir çoxu qızıl alveri ilə məşğul olub. Almaz Qurbanova həmin şəxslərin etibarını qazanaraq onlardan qızıl alıb və satmağa başlayıb. Lakin bir müddət sonra Qurbanova aldığı qızılların pulunu geri ödəməyib. Və o, zərərçəkmişlərin şikayətləri əsasında həbs edilib.

Ana həbs edilib, oğlu işdən çıxarılıb

Qurbanovanın oğlu Şaiq də anası ilə əlbir olmaqda təqsirləndirilir. Lakin onun barəsində həbs qətimkan tədbiri yox, başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

İttihama görə, 1969-cu il təvəllüdlü Almaz Qurbanova və onun oğlunun əməllərindən vətəndaşlar Gülbəniz Səttərova 22.820 manat, Səidə Yusifova 11.300 manat, Rəhilə Rəsulova 33.787 manat, Əntiqə Əsədova 38.949 manat, Elyanə Məmmədova 1130 manat, Sevda Seyfəliyeva 3.500 manat, Minayə Rəhimova 5.500 manat, Gülər Rəhimova isə 13.500 manat dəyərində zərər çəkib.

Məhkəmədə zərəçəkmiş şəxslər vəsatət verərək Almaz Qurbanovanın oğlunun da həbs edilməsini istəyiblər. Məhkəmə Şaiq Qurbanov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Qeyd edək ki, Almaz Qurbanovun oğlu Şaiq Qurbanov Suraxanı rayon Mühafizə Polisinin əməkdaşı olub. Anasının və özünün əməllərindən sonra daxili işlər orqanlarından xaric edilib.
Məhkəmə prosesində zərərçəkmişlərdən Əntiqə Əsədova ifadə verib.

Nizami rayonunda yerləşən “Lotos” ticarət mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Əntiqə Əsədova dələduzluqda təqsirləndirilən Almaz Qurbanova ilə iş yoldaşlarından birinin vasitəsi ilə tanış olduğunu deyib. Almaz Qurbanovaya bir neçə dəfə qızıl-zinət əşyaları satan Əntiqə Əsədova axırda bu əməlinə görə peşman olub.



“Almaz məndən əvvəlcə iki dəst qızıl aldı. Pulunu da nağd ödədi. Bir müddət alver elədi. Sonra gəlib nisyə mal istədi. Mən tanımadığım adama nisyə mal vermədiyimi dedim. Mağazadan əl çəkmirdi. Hər gün gəlirdi, nisyə mal istəyirdi. Çoxlu müştərilərinin olduğunu, malı satan kimi pulunu verəcəyini deyirdi. Almazdam ailəsinin olub-olmadığını soruşdum. Dedim heç olmasa mal verəcəmsə, kim olduğunu, harada yaşadığını öyrənim. Dedi ki, əri hərbçidir, oğlu isə polis işləyir. Heç olmasa oğlunu gətirməsini istədim. Bir gün məni ticarət mərkəzinin qabağına çağırdı. Bir maşına oturduq. Şövqi gəlmişdi. Polisdə işlədiyini dedi. Şövqiyə anası ilə belə bir iş görəcəyimizi, ona mal verəcəyimi dedim. Bu söhbətdən sonra şəxsiyyət vəsiqəsi ilə Almaza nisyə mal verdim. Qızılı satdı gətirib pulunu verirdi. Bir gün dedi ki, rayona gedir, Moskavadan çoxlu qohumları gələcək. Onlara satmaq üçün məndən çoxlu qızıl istədi. Əvvəlcə razılaşmadım. Sonra dedi ki, bu qədər müştərini əldən vermək olmaz. Razılaşdıq, amma qızılların pulunu rayondan gələn kimi verəcəkdi. Rayondan qayıdanda mağazaya gəldi. Pulu istəyəndə dedi ki, qohumları Moskavaya gedəndən sonra pulu göndərəcəklər. Əvvəl narazılığımı bildirsəm də, sonradan məcbur razılaşdım. Çünki artıq malları vermişdim. Məndən aldığı qızıllara görə 16 min 500 manat borcu var idi”- deyə zərərçəkmiş ifadəsində göstərib.

Verdiyi qızılların pulunu ala bilməyən Ə.Əsədova rayona gedərkən mağazada olan qızı da Almaz Qurbanovanın toruna düşüb.

Ə.Əsədova deyir ki, mağazada olmadığı vaxt A.Qurbanova onun qızından da nisyə mal götürüb: “Almaz pulu verməmişdi. Mən rayonda olanda mağazaya gəlib, qızımdan nisyə mal istəyib. Qızım da bunu tanıyırdı. Əvvəl mal vermək istəməyib. Ancaq əl çəkməyib. Deyib ki, “anan gələnə qədər satıb pulunu gətirəcəm”. Mən rayonda olanda birdən ağlıma gəldi ki, qızıma zəng edib tapşırım ki, Almaz gəlsə, ona nisyə mal verməsin. Sən demə artıq gec imiş. Bakıya qayıdanda qızım ağladı ki, Almaz götürdüyü qızılların pulun vermir. Əsəbləşdim. Almaza zəng edib qışqırdım, dedim sən mənlə şəriksən ki, bu qədər malı niyə götürmüsən? Dedi gətirib pulunu verəcəm”.

Qızıl alverçisi bunlar azmış kimi Əntiqə Əsədovaya əlavə olaraq da qızıl verib.

“Almaz yenə gəldi ki, bəs bankdan pul götürür. Bunun üçün də məndən qızıl istədi. Götürdüyü qızılları bankda göstərib, alverçi olduğunu deyəcəkdi, buna görə də ona kredit ayrılacaqdı. Razılaşmadım. Sonra oğlu Şaiq gəldi ki, 200 qram qızıl verim ki, bankdan 65 min manat götürüb, mənim borcumu qaytarsınlar. Çox israr etdi, şəxsiyyət vəsiqsəini, xidməti vəsiqəsini mağazada qoydu. Ona 200 qrama qədər qızıl verdim. Amma nə bankdan pul götürdülər, nə də qızıllarımı qaytardılar. Başıma açmadıqları oyun qalmayıb. Xəstəlik tapmışam. Əsəblərim pozulub. İşdə hər kəs, rəhbərlik belə mənim başıma açılan oyunlardan xəbərdardır. Dəfələrlə əsəbləşib telefonumu yerə çırpmışam. Məni neçə dəfə aldadıb ki, metronun çıxışına gəlim pulumu verəcək. Elə vaxt olub ki, 5 saat metronun çıxışında onu gözləmişəm”- Almaz Qurbanova ifadəsində bildirib.

Qeyd edək ki, Almaz Qurbanova və oğlu Şaiq onlara qarşı irəli sürülən ittihamlarla özlərini təqsirli bilmədiklərini deyirlər.

Məhkəmənin növbəti iclası digər zərərçəkmişlərin ifadələri ilə davam edəcək.

İlkin Muradov
Tarix: 27-01-2017, 22:14
Xəbəri paylaş





Xəbər lenti