“O, evə sərxoş gəlib, məni döydü” – Ərini öldürən qadın

“O, evə sərxoş gəlib, məni döydü” – Ərini öldürən qadın Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, həyat yoldaşı Vüqar Kərimovla tez-tez dalaşdığını deyib. N.Kərimova ərinin hər gün evə sərxoş gəldiyini bildirib: “Evdə mübahisə etdik. O, məni itələyib, divara çırpdı və sonra stolu götürüb başıma vurmaq istədi. Bu zaman bıçağı əlimə aldım və onu qorxutmaq istədim. Amma qəfildən bıçaq onun sinə nahiyəsinə dəydi. Hadisə vaxtı özümdə olmamışam”.
Hakim Ə.Hacıyev təqsirləndirilən şəxsin ibtidai istintaqa verfiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər olduğunu söyləyib. Hakim bildirib ki, N.Kərimova istintaqdakı ifadəsində V.Kərimovu bıçaqla affekt vəziyyətində olarkən vurduğunu etiraf edib.
Prosesdə məhkəyə gəlməyən şahidlər haqqında məcburi gətirilmə qərarı çıxarılıb.
Məhkəmənin növbəti iclası fevralın 9-na təyin edilb.

Qeyd edək ki, ötən ilin iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən həyat yoldaşı Nuridə Kərimova tutulub.
Məlum olub ki, V.Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn V.Kərimov N.Kərimova ilə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.
Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub. Cütlüyün 4 yaşlı qızı qalıb. Hadisə vaxtı azyaşlı ana babasının evində olub.
Tarix: 7-02-2017, 13:19
Xəbəri paylaş





Xəbər lenti