İş adamı-vəkil qalmaqalı növbəti raundda – İsmayılov məhkəməyə niyə getmir?

İş adamı-vəkil qalmaqalı növbəti raundda – İsmayılov məhkəməyə niyə getmir? Xəbər verdiyimiz kimi, iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli vəkil Aslan İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Buna səbəb A.İsmayılovun sosial şəbəkələrdə və KİV-lərdə M.Həsənliyə qarşı ağır ittihamlar irəli sürməsidir.
Cumhuriyyet.az xəbər verir ki, Mürvət Həsənli Aslan İsmayılov haqda həm işgüzar nüfuza vurulan zərbəyə görə maddi təzminat, həm də xüsusi ittiham qaydasında həbs tələbi ilə Səbail Rayon Məhkəməsinə iddia ərizələri ilə müraciət edib. Amma Aslan İsmayılov məhkəməyə gəlmədiyi üçün indiyə kimi 3 proses təxirə salınıb.

Aslan İsmayılovun hansı səbəbdən məhkəməyə getmədiyini öyrənmək üçün onunla əlaqə saxladıq. O, BakıPost.az-a açıqlamasında bildirdi ki, onun boş şeylərə itirməyə vaxtı yoxdur.
Növbəti dəfə keçiriləcək prosesə gedib-getməyəcəyinə gəlincə, vəkil bundan sonrada keçiriləcək heç bir prosesə getməyəcəyini vurğuladı.
Xatırladaq ki, İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Hazırlıq iclasları yanvarın 27-si, 30-u və fevralın 10-da keçirilib. Növbəti proses fevral ayının 22-sinə təyin edilib.
Məsələ ilə bağlı Mürvət Həsənli bildirib ki, fevralın 22-də keçiriləcək növbəti prosesdə Aslan İsmayılovun iştirakı məcburi qaydada təmin olunmasa, hakimdən yuxarı instansiyalara şikayət edəcək.
Qeyd edək ki, Aslan İsmayılov iş adamını vaxtilə MTN generalı Akif Çovdarovla işbirliyində olmaqda ittiham edib: “Mürvət-Çovdarov işbirliyindən 3 nəfər zərərçəkmiş şəxsi tanıyıram. Bu 3 nəfər indi üzə çıxmaq istəmir, çünki qorxurlar. Əgər maraqlıdırsa qoy xüsusi xidmət orqanları araşdırsınlar”.
Buna cavab olaraq Mürvət Həsənli vəkili böhtan atmaqda ittiham edərək bu iddiasını məhkəmədə sübut etməyə çağırıb:
“Aslan İsmayılov kişidirsə dediklərini sübut etsin! Həmin 3 nəfəri ortaya çıxarsın. Öz “Facebook” səhifəsi vasitəsilə insanları hədəfə alır, saxta profillərlə söydürür və bu metotdan məqsədinə çatmaq üçün təzyiq üsulu kimi yararlanır. Mən 400-500 adamı işlə təmin edən, dövlət büdcəsinə külli miqdarda vergi ödəyən sahibkaram. Hazırda Aslan İsmayılovun şantaj maşını ilə üz-üzə qalmışam. Ola bilər ki, bu adamın işi bundan ibarət olsun və belə üsulla mübarizədən zövq alsın. Amma mənim belə intriqalara nə vaxtım nə də həvəsim var. Lakin bu, heç də o anlama gəlmir ki, Aslanın böhtanlarını cavabsız qoyacam. Tezliklə hüquqi müstəvidə bu məsələyə aydınlıq gətiriləcək”.
Sevinc
Tarix: 11-02-2017, 16:40
Xəbəri paylaş





Xəbər lenti