Bankir iki qardaşı öldürməsininsəbəbini gizlədənləri ifşa etdi

Bankir iki qardaşı öldürməsininsəbəbini gizlədənləri ifşa etdi Zaur Tərlanov: “Onlar cinayətkar dəstədirlər, aralarındakı əlaqəni gizlətmək üçün telefonla danışdıqlarını inkar edirlər”


Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə “Bank Standart”ın işçisi, ömürlük həbs cəzası almış Zaur Tərlanovun apelyasiya şikayətinə baxılır. Z.Tərlanov 2015-ci il yanvarın 8-də axşam saatlarında Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 1985-ci il təvəllüdlü Cahid və 1980-ci il təvəllüdlü Cavid Rəhimovlarla uzun çəkişmədən sonra onlara odlu silahdan atəş açmışdı. Qardaşlar hadisə yerində dünyalarını dəyişmişdi.


İndi aydın olur ki, baş vermiş olaydan əvvəl Rəhimov qardaşları Zaur Tərlanova, onun ailə üzvlərinə qarşı son dərəcə qanunsuz addımlar atıblar. Z.Tərlanov təqib və təzyiqlərdən yayınmaq üçün yaşadığı ünvanı aylarla tərk etməli olub. Hətta Cavid Rəhimov 2014-cü ilin avqust ayında, gecə radələrində Z.Tərlanovun evdə olmamağından istifadə edərək evə soxulub, onun xanımını silahla hədələyərək ona təcavüz edib. Bu da bəs deyilmiş kimi, evdən 34 min manat pul götürüb. Hadisə baş verən gündən 1 gün əvvəl evinə qayıdıb. 1 gün sonra isə belə bir ağır cinayət baş verib.


Son prosesdə Z.Tərlanov çıxış edib. Deyib ki, iş üzrə ibtidai istintaqa 29 şahid cəlb olunub. Həmin şahidlərin heç biri onun əleyhinə ifadə verməyib. Z.Tərlanov baş vermiş olayın ibtidai istintaqda gizlədilən özünümüdafiə xarakteri daşıyan faktları məhkəmənin nəzərinə çatdırıb: “Məhkəmədə həmin şahidlərin dediklərinə qərəzli şəkildə heç bir qiymət verilmədi. Amma hökmdə yazırlar ki, guya ekspertiza rəyinə və şahid ifadələrinə əsaslanırlar. Əgər ekspert rəyindən söhbət gedirsə, ekspert rəyi də mənim lehimədir. Hökmün son hissəsində 4 şahidin - hansılar ki, mənimlə dostluq münasibətində olublar, onların adlarını qeyd ediblər. Yazıblar ki, dostluq münasibətində olduğumuz üçün onlar mənim xeyrimə ifadə veriblər. Qalan şahidlərin heç birinin ifadələrinə istinad etməyiblər. Etsəydilər, bilinəcəkdi ki, həmin şahidlər qarşı tərəfdəndir və mənim xeyrimə ifadə veriblər. Onun öz dostlarının ifadələrinə isə hökmdə qiymət verilməyib. Belə çıxır ki, ilkin məhkəmə instansiyasında şahidlərsiz hökm çıxarılıb. Fonoskopik ekspertiza rəyləri də mənim xeyrimədir.

”Azercell"dən onların telefon nömrələri və həmin nömrələr vasitəsilə aparılan danışıqların çıxarışı alınıb. Lakin cinayət işinə bir çox hissələr salınmayıb. Həmin danışıqlarla mən tanış olmuşdum. 31 və 32-ci səhifələrdə onların mənim dostlarıma təzyiq göstərmələri birbaşa göstərilir. İstintaqda 30-dan 50-yə qədər səhifələr yoxa çıxarılıb.

“Azercell”in məktubunda isə həmin çıxarışların istintaqa təqdim edildiyi görünür. 770-35-60 nömrəsindən giriş-çıxış zəngləri həmin məktubda var. Buna ekspert baxış da keçirmişdi, lakin həmin zənglərin 9-dan 36-cı səhifəsinə qədəri yoxdur. İşə 8 səhifə SMS siyahısı əlavə ediblər. Həmin SMS-lər hadisə baş verən günü əhatə etməyib".


Z.Tərlanov hakimlərin diqqətinə çatdırıb ki, qarşı tərəfin istifadəsində olan digər telefon nömrələrindən çıxan zənglərin onun hədələnməsini təsdiqləyən hissələr çıxarılıb. Məhkəmədə Zamiq, Niyar Rəhimova Cavidlə həmin gün telefon danışıqlarının olduğunu gizlədiblər. Cinayət işinin materiallarına da bu haqda “Azercell”dən alınan çıxarışlar əlavə olunmayıb. Ona görə əlavə edilməyib ki, onların cinayətkar dəstə olmaları gizlədilsin: “Niyar Rəhimova deyib ki, mən Cavidlə həmin gün səhər danışmışdım. Sonra zəng elədim, telefonu bağlı idi. Halbuki həmin gün 5 dəfə danışıblar. Zamiq Əliyev deyir ki, həmin gün Cavidlə 1 dəfə danışmışam, sonra telefonu söndürmüşəm. Həmin gün onların 5 dəfə telefon danışığı olub. Digərləri də həmçinin. Onlar cinayətkar dəstədirlər. Aralarındakı əlaqəni gizlətmək üçün onlar telefonla danışdıqlarını inkar edirlər. Mənim bu hadisəni özünümüdafiə məqsədilə törətməyimi qərəzli şəkildə gizlədiblər, bununla mənim vəziyyətimi ağırlaşdırmağa nail olublar. Həmin nömrələrin sahiblərinin heç biri istintaqa cəlb edilməyib. Onların cəlb edilməsi üçün istintaqa vəsatətlər təqdim etmişəm. Hadisə yanvarın 8-də baş verib, onların ”Lexsus" markalı maşınına martın 29-da baxış keçirilib. Prosessual qanunvericiliyə görə, maşına 1 ay müddətində baxış keçirilməli idi. 3 ay sonra silahın trassoloji-ballistik ekspertizası keçirilib. Hökm qüvvəsinə minməmiş maddi sübutlar dərhal yiyəsinə qaytarılıb. Burada məqsəd odur ki, ortadan silahı çıxarıblar, böyük qardaşı Rəhimov Cavidə məxsus telefon ortadan çıxıb. Cavid Rəhimova məxsus telefon ümumiyyətlə siyahılara salınmayıb. Halbuki ekspert rəyində Cavidin üstündən “İphone” markalı telefonun çıxdığı gizlədilib. İbtidai istintaq dövründə əsas ifadələr təhrif olunub, 90 faizi ittiham aktına salınmayıb. Burada 2 nəfər adam ölüb. Mən də ömürlük həbsə məhkum edilmişəm. Maşınlarımızın yerləşməsi ilə bağlı ifadələr isə ümumiyyətlə bir-birini təkzib edir. Biri deyir ki, maşınlar paralel dayanmışdı, biri deyir ki, maşının biri çəpəki dayanmışdı, o biri Bakı istiqamətinə idi. Bütün bunlar dəqiqləşdirilməli, aydınlaşdırılmalı idi. Bizi sonuncu dəfə kafedə görən şahidlərin ifadələri də yerində yoxlanılmayıb".


Z.Tərlanov onun baş vermiş olaydan əvvəl izlənməsini təsdiqləyən videoların da qərəzli şəkildə əldə edilmədiyini məhkəmənin diqqətinə çatdırıb: “İbtidai istintaq dövründə həmin ərazidə yerləşən kameralardan çıxarışların həyata keçirilməsi haqda vəsatət verdik. 8 ay sonra Yusif Novruzov cavab yazır ki, təhlükəsizlik kameralarından çıxarış etmək, texniki məhdudiyyətlər səbəbindən sizi izləyən maşınları müəyyən etmək mümkün olmadı. Amma cinayət işinin materiallarında ərazidəki kameralardan çıxarış etmək üçün DİN-ə sorğu verilməsi haqda məlumat yoxdur. Heç belə sorğunu verməyiblər də”.


Z.Tərlanov deyib ki, qardaşları onu aylarla təqib edib, təhqir edib, şərəf və ləyaqətini alçaldıblar. Nəhayətdə isə zorla dəniz kənarına aparıb orada öldürmək istəyiblər. Nəticədə isə belə bir olay meydana çıxıb.


Z.Tərlanovun çıxışından sonra proses fevralın 17-nə qədər təxirə salınıb.


E.HÜSEYNOV
Tarix: 14-02-2017, 20:18
Xəbəri paylaş





Xəbər lenti