Məktub yetişmədi?

Məktub yetişmədi? Ötən ayın 22-dən 23-nə keçən gecə Xaçmaz rayon polis şöbəsinin rəis müavini Amil Tahirli, cinayət-axtarış bölməsinin rəisi Səxavət Abbasov və daha bir mülki geyimli şəxs tərəfindən işgəncələrə məruz qaldığını bildirən Qusarçay kənd sakini Zaman Orucovun işi lap əngələ düşüb. Bu kişi barəsində Xaçmaz rayon məhkəmə-tibb ekspertizasının rəyinin yeri bilinmir. Yaxşı ki, Zaman böyük yazıçımız Mirzə Cəlilin “Poçt qutusu”ndakı Novruzəli kişi kimi məhkəmə tibb ekspertizasının yerləşdiyi mərkəzi rayon xəstəxanasının qarşısında oturub rəyin nə vaxt prokurorluğa aparılacağını gözləməyib. Yoxsa, başqa sənəd aparan şəxsin yaxasından yapışardı və yəqin ki, yenidən döyülərdi. Amma nə faydası? Gözlədi-gözləmədi rəy ortalıqda yoxdur. Təxminən bir həftə öncə Zaman qardaşı Şaiq Orucovla birlikdə üz tutublar Xaçmaz rayon prokurorluğuna. Bu işi araşdıran müstəntiq İsfəndiyar İsgəndərovla görüşüblər. O da deyib ki, ekspertizanın rəyi gəlib çıxmayıb. Qardaşlar kor-peşman qayıdıblar evə.

Hadisədən 24 gün keçir. Bu günədək işgəncəyə məruz qaldığını iddia edən Zamanın işindən ciddi bir xəbər yoxdur. Başladıq araşdırmağa. Əməkdaşımız Xaçmaz rayon məhkəmə tibb eksperti Gündüz Tarverdiyevlə əlaqə saxladı. Cənab Tarverdiyev Zaman Orucovu xatırlamadı, “yadımda yoxdur” dedi. Sonra da məsələnin nə ilə bağlı olduğunu soruşdu. İzah etdikdən sonra cavabı belə oldu: “Əgər mənə gəlibsə-bura, deməli yazılıb və verilib. Prokurorluq aparır da hələ işləri.” Telefon açdıq Xaçmaz rayon prokurorluğunun müstəntiqi İsfəndiyar İsgəndərova(cavablarını olduğu kimi veririk). Müstəntiq Orucov qardaşlarının yanında olduğunu təsdiqlədi: “Araşdırma aparılır. Ekspert rəyi gəlməyib hələ”. “Bəs bildirilir ki, sizə rəy gəlib axı” sualını isə belə cavablandırdı: “Dəftərxanadadır yəqin. O gəlir dəftərxanaya, orada qeydiyyat məsələləri var, ondan sonra mənə təqdim olunur. Cinayət işi açılmayıb, material formasındadır hələ.”

Bu da rəsmilərin fikirləri. Hər şey var, rəy yoxdur. Bəs bu sənəd haradadır? Zaman Orucovun dediyinə görə, halı ağırlaşa-ağırlaşa gedir, iynə-dərman almağa belə pulu yoxdur. Rayon prokurorluğunda isə iş hələ ki, material halındadır... Maraqlıdır, bəlkə rəy itib... Bir istədik poçtalyondan da müsahibə alaq. Sonra fikirləşdik ki, bəlkə bu rəy poçtla yox, birbaşa təqdim olunur? Bunun da cavabını verən tapılmadı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət məmurlarına dəfələrlə deyir ki, vətəndaşların ərizə və şikayətlərinə vaxtında və həssaslıqla yanaşın. Yəqin ki, bunu yerlərdə də yaxşı bilirlər. Əməl etmək də hamının borcudur. Çünki insan taleyinə biganə yanaşmaq yolverilməz haldır. Zaman Orucovun işgəncələrə məruz qaldığı barədə iddialara da qanun çərçivəsində baxılmalıdır. Təbii ki, bu məsələ haqqında biz qərar vermirik. Araşdırmalar qanunun aliliyini təmin edən bir orqanda aparılır.

Mənsə bir şeyi bilmirəm ki, rəy neçə gün ekspertdə və dəftərxanada qalmalıdır, nə vaxt müstəntiqə təqdim edilməlidir. Bunu özləri yaxşı bilirlər. Amma bir məsələ məndə ciddi sual doğurur: Doğrudan məktub yetişmədi?

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri” qəzetinin baş redaktoru
Tarix: 15-02-2017, 23:14
Xəbəri paylaş





Xəbər lenti