«Sələmçi 1.5 milyonluq əmlakımı ələ keçirib»

«Sələmçi 1.5 milyonluq əmlakımı ələ keçirib» İş adamı Südey Məcidov girov müqaviləsi ilə aldadıldığını, şərlənərək həbs olunduğunu deyir
1,5 milyon manat dəyərində olan obyektinin Fatma Yolçiyeva adlı qadın tərəfindən fırıldaq nəticəsində ələ keçirildiyini iddia edən Sudef Məcidov dünən məbuat konfransı keçirdi.
Onun sözlərinə görə 200 min manat sələm üçün “girov müqaviləsi” adı ilə aldadılıb. «1,5 milyon manat dəyərində əmlakımı ələ keçirən Fatma Yolçiyeva mənim bundan əvvəl mətbuata etdiyim müraciətlərə görə də, müəyyən hüquq mühafizə orqanlarına pul verdiyini, özümü isə tezliklə “tutduracağını” deyir.


Mən yaxın illərə qədər Hüseynbala Əliyev 15 ünvanında qanuni sahibkarlıqla məşğul olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma Məhəmməd qızı girov adı ilə aldadaraq ələ keçirdi”,-deyə Sudef Məcidov bildirib.

Onun sözlərinə görə, F.Yolçiyeva ona verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı alıb və bunu 2 ayın faizinə hesabladığını deyib: “Qeyd edim ki, F.Yolçiyevanı mənimlə əlaqələndirən və sələm işlərində davamlı olaraq vasitəçilik edən İradə Vəliyeva da etiraf edib ki, o pulun yarısı “komisyon haqqı” olaraq ona, “Göygöz Vasif” dediyi oğlana və Sima adlı xanıma çatıb. İstər Fatma Yolçiyevanın, istərsə də İradə Vəliyevanın etirafları ilə bağlı videoçəkilişlər də var. Sələmçi F.Yolçiyevanın şifahi surətdə qarşımda qoyduğu şərtə görə, 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydim. Fatma Yolçiyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min manat pul vermişəm”.

Sudef Məcidov bildirib ki, o, 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olunub: “Sonradan öyrəndiyimə görə, bu işdə Fatma Yolçiyevanın da əli olub və çox güman ki, mənim həbsimlə, əmlakımı mənimsəmək məqsədi güdüb. Həbsdə olduğum vaxta Fatmaya pul ödəməyə imkanım çatmadı”.

S.Məcidovun sözlərinə görə, onun yaxınları F.Yolçiyeva ilə danışmağa və razılaşmağa cəhd etsələr də, Fatma Yolçiyeva amansız şəkildə hər ay faizini tələb edib və bir müddət sonra tamamilə obyekti ələ keçirərək, özü başqalarına icarəyə verib: “Artıq 4 ilə yaxındır F.Yolçiyeva mənim obyektimi tam ələ keçirərək, başqalarına icarəyə verir və hər ay 14 min manata yaxın pul qazanır. Mənim mağazamın iki milyon beş yüz min manat qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən ona 200 min manat faizə borc verilməklə ələ keçirilib. 2016-cı il martın 28-də həbsdən azad olundum. Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətimi geri qaytarmaq istəsəm də, bu, baş tutmadı.

Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb. Fatma Yolçiyeva ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir. Mən soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olanda obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min manat, Nəsimi Rayon Məhkəməsinə 50 min manat, Konstitusiya Məhkəməsinə 50 min manat, Plenuma 50 min manat və digər instansiyalara rüşvət verdiyini dedi. Artıq 3 aydır ki, Fatma Yolçiyeva ilə məsələni həll edərək, obyektimi geri qaytarmağa çalışıram. O isə məndən sələm faizləri hesablamaqla 850 min manat pul tələb edir. Eyni zamanda, iddia edir ki, bu əmlak “qanuni yolla” ondadır və mən hara getsəm də, heç nə edə bilmərəm. Hətta, Fatma Yolçiyeva “arxasında kimlərinsə durduğunu” və sələmə verdiyi pulların başqa imkanlı şəxslərə aid olduğunu deyir. Təəssüf lər olsun ki, bu sələmçilər şəbəkəsinin əməlləri ictimaiyyətdə ifşa olunmasına baxmayaraq, hüquq mühafizə orqanları Fatma Yolçiyeva barəsində ölçü götürmür. Fatma Yolçiyeva mənim və başqa vətəndaşların əmlaklarını mənimsəyib, eyni zamanda bir neçə instansiyaya rüşvət verdiyini etiraf edib. Mətbuatda yayılan videoyazılar da bunu sübut edir.
Mən öz hüquqlarımın müdafiəsi məqsədi ilə onun bu əməllərini ifşa edən materialları ictimailəşdirmişəm və müstəqil mətbuat nümayəndələri də mövzunu araşdırıb. Fatma Yolçiyeva və onun kimi sələmçilər vətəndaşların pula ehtiyacından və sadəlövhlüyündən sui-istifadə edir, onlara alqı-satqı müqaviləsi imzalatdıraraq, əmlaklarını mənimsəyirlər. Mənimlə yanaşı, Nadir Zeynalov adlı vətəndaş da Fatma Yolçiyevanın əməllərindən Qafqaz Xəbər Agentliyinə şikayət edib və bu məsələ faktlarla ictimailəşdirilib. Bundan başqa, Fatma Yolçiyevaya daim vasitəçilik edən İradə Vəliyeva özü etiraf edib ki, F.Yolçiyevanın sələmə salıb əmlakını mənimsədiyi şəxslər arasında sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərov da olub”.

Düşünürəm ki, Fatma Yolçiyeva mənə verdiyi sələmi artıqlaması ilə geri qaytarıb və mağazamı əlində saxlamaqla isə sadəcə əlavə gəlir yerini qorumağa çalışır”.

Rami İBRAHİMOV
Tarix: 18-02-2017, 07:49
Xəbəri paylaş





Xəbər lenti