50 qəpiklik spirt içib 70 yaşlı qadını qana boyadılar: “İsti qan axmağa başladı”

50 qəpiklik spirt içib 70 yaşlı qadını qana boyadılar: “İsti qan axmağa başladı” Bakıda 70 yaşlı qadına qarşı quldurluq edərək ona xəsarət yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Hadisə paytaxtda Səməd Vurğun bağının yaxınlığında baş verib.


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İsgəndərov Zaur Rəhim oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş yaşlı qadın və şahid ifadə verib.Zərərçəkmiş 70 yaşlı Leyla Bədəlovadır. Quldurluqda təqsirləndirilən şəxs Zaur İsgəndərov hadisəni törədən zaman içkili olduğunu deyir. Məhkəmədə ifadə verən şahid Zaur İsgəndərovun tanışı Sərdar Mirzəyev də hadisə baş verən zaman sərxoş olub.

Məhkəməyə polislər tərəfindən məcburi gətirilən Sərdar Mirzəyevin tüfeyli həyat tərzi sürdüyü məlum olub. O, məhkəmədə ifadə verərkən deyib ki, içki içərək Səməd Vurğun bağında oturacaqlarda yatmaqla günün keçirirmiş. Elə Zaur İsgəndərovu da bu zaman tanıyıb.

“Mən parklarda yatan adamam. İçib, günümü orada keçirirəm. Zaur da parkda olurdu. Orada tanış olub, birlikdə içki içmişik. İçdiyimiz də spirt idi. 95 faizlik təbii spirti 50 qəpiyə aptekdən alıb içirdik”- deyə S.Mirzəyev ifadəsində deyib.

Hadisənin necə baş verməsi haqda danışan Mirzəyev həmin vaxt yatdığını, ancaq oyanan zaman tanışı Zaurun yaşlı qadının çantasını oğurladığından xəbər tutduğunu bildirib: “Polislərə də belə demişəm. İçkili idim. Yatmışam. Olanlardan da sonradan xəbər tutdum”.
Zərərçəkmiş Leyla Bədəlova şahidin yalan danışdığını və onların əlbir olduqlarını deyib: “Bu yalandan deyir ki, yatmışam. Mən Səməd Vuruğun bağından keçib evə gedirdim. Bunun yanından keçəndə gördüm. Maşınların yanında oturmuşdu. Amma həmin vaxt da içkili deyildi. Özünü sərxoş kimi aparırdı. Arxamca “babulya, babulya” deyə qışqırdı. Dönüb baxdım, amma yoluma davam elədim. Birdən hiss elədim ki, arxamca kimsə sürətlə gəlir. Əlini çantama atıb dartmağa başladı. Buraxmadım. Məni də sürüməyə başladı. Əlimdən qan axmağa başladı. Əlimi nəsə kəsdi. Bildim ki, bunlar əlbirdilər”.

Hakim zərərşəkmişdən soruşub ki, əlinin Zaur İbrahimov tərəfindən kəsilməsini, nə iləsə ona xəsarət yetirməsindən əmindirmi. Yaşlı qadın deyib ki, əlinin çanta kəsmədiyinə əmindir: “Əlimi çanta kəsə bilməz. Amma hiss elədim ki, əlim kəsildi. İsti qan axmağa başladı. Sonra çantanı buraxdım. Məhlənin cavan uşaqları səsə gəldi. Mən yalandan “yatmışdım” deyən bu Sərdarın yanına getdim. Soruşdum ki, çantamı oğurlayan dostun hara gedib? Cavab vermədi. Uşaqlar bunu döyməyə başladı. Bu da qaçdı. Sonra polislər gəldi, bölməyə getdik. Polislər də Zauru tutub gətirdilər”.

Dəmir barmaqlıqlar arxasında olan Zaur İbrahimov birlikdə çörək yediyi adamın onu satmasına qəzəbləndib: “Sən necə kişisən? Mənim çörəyimi yemisən. İndi də mənim üzümə durursan. Adam kişi olar. Onsuz da mən tutulmuşam, içəri gedəcəm”.

Bir zamanlar birlikdə içib, parkda gecələdiyi tanışı Zaurun bu sözləri Sərdarı da qəzəbləndirib və o cavab verib: “Danışığına fikir ver. Sən kimsən ki, mən sənin çörəyini yeyim? Nə çörəyini yemişəm, nə vaxt?”.

Hakim hər iki şəxsə xəbərdarlıq edib. Daha sonra Zaur İbrahimov şahidə sual vermək istədiyini deyib.

“Bu deyir ki, həmin vaxt yatıb. Bəs çantanı mənim apardığımı hardan bilib?”- deyə Zaur sualında soruşub.

Şahid Sərdar Mirzəyev: “Sən özün mənə dedin ki. çantanı oğurlamısan”.

Təqsirləndirilən Zaur İbrahimov: “Kişi ol. Onsuz da nə olubsa, mənim boynuma yükləmisən. Amma çantanı kimin apardığını bilirsən”.
Məhkəmədə məlum olub ki, quldurluq hadisəsindən sonra Sərdar Mirzəyev Sabirabada qaçıb. Məhkəmə çağırışlarına məhəl qoymayan Mirzəyevi polis əməkdaşları məcburi qaydada iclasa gətirib.

Məhkəmənin davamında zərərçəkmiş Leyla Bədəlova çantasını və içərisində olan əşyalarını tələb edib. Yaşlı qadın 100 manata qədər maddi zərər gördüyünü də söyləyib.

Qeyd edək ki, Zaur İsgəndərov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirli bilinir.


İ.Muradov
Tarix: 18-02-2017, 15:59
Xəbəri paylaş





Xəbər lenti