Polislər Orduxan Teymurxanın qohumunun yas məclisində evə basqın edib

Polislər Orduxan Teymurxanın qohumunun yas məclisində evə basqın edib Vəkil Aqil Layıcov bloggerin qohumlarının həbs qərarından apellyasiya şikayəti verib

Hollandiyada yaşayan azərbaycanlı blogger Orduxan Teymurxanın həbsdə olan yaxınları – qardaşı Xanlar Dadaşov (Teymurxan) və bacısı oğlu Səbuhi Zeynalovun hüquqlarının müdafiəsi üçün yaxınları vəkil Aqil Layıcovla müqavilə bağlayıb.

“Azadlıq”a açıqlamasında məlumatı təsdiqləyən vəkil bildirib ki, bloggerin yaxınlarının 30 sutka inzibati həbsi haqda məhkəmə qərarından bu gün apellyasiya şikayəti verib.

Aqil Layıcov deyir ki, bloggerin qohumlarından biri bu yaxınlarda vəfat edib, yas məclisinə hazırlıqla əlaqədar qohumlar Orduxanın bacısı Sədaqət xanımın evinə toplaşıblar. Həmin vaxt polislər evə basqın edib və bloggerin qohumlarını polis idarəsinə aparıblar.

Bloggerin Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən 64 yaşlı qardaşı Xanlar Dadaşov baş verənlərdən xəbərsiz olub. O, işə gedərkən yolda saxlanılıb.

“Məhkəmə qərarlarından birini hakim Elçin Ağayev, digərini isə Gülsarə İmanova çıxarıb. Hər idi qərarda iddia olunur ki, Səbuhi Zeynalov və Xanlar Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əçəkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Guya, polislər “pasport rejimi” keçirib, yoxlama aparırmış, bu zaman onlar polislərə müqavimət göstəriblər. Halbuki, fevralın 18-dən onlar polis idarəsində saxlanılıblar. Belə olan halda, fevralın 19-da onlar evlərinin yaxınlığında polisə necə müqavimət göstərə bilərdilər? Tamamilə absurddur”, – Aqil Layıcov bildirib.

Xatırladaq ki, fevralın 18-dən başlayaraq, Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında bloggerin bacıları, hətta iki yaşlı uşağın da olduğu bildirilir.

O da məlum olub ki, Səbuhi Zeynalovun martın 12-nə toyu təyin edilmişdi. Məhkəmənin 30 sutkalıq qərarı dəyişməsə, o, həmin gün həbsdə olacaq.
Tarix: 21-02-2017, 22:58
Xəbəri paylaş





Xəbər lenti