Arvadını namus üstündə öldürdüyünü dedi, uşaqları ondan imtina etdi: - "Qumar oynayırdı"

Arvadını namus üstündə öldürdüyünü dedi, uşaqları ondan imtina etdi: - "Qumar oynayırdı" Namus üstündə arvadını küçədə bıçaqlayaraq qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Ə.Quliyev özünü qismən təqsirli bildirib.


Əməlindən peşman olmadığını deyən Ə.Quliyev arvadını namus üstündə öldürdüyünü söyləyib: "Biz Firuzə ilə 25 ildir ki, evli idik. Onu namus üstündə qətlə yetirdim. Əvvəlcə ondan şübhələndim, sonra sübuta yetirdim. Buna görə də qətlə yetirdim".

Məhkəmədə təqsirləndirilən şəxsin və mərhumun qızı Aytac Əhmədova və oğlu Taleh Quliyev də dindirilib. Onlar atalarının yalan danışdığını, analarına şərt atdığını deyiblər.

Taleh Quliyev atasının həmişə qumar oynadığını deyib: "Atam yalan danışır, anama böhtan atır. Onu bağışlamıram. Atama ağır cəza verilməsini tələb edirəm. Mənim elə atam yoxdur".

Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il mart ayının 24-də Bakının Yasamal rayonu ''Qanlıgöl'' ətrafında baş verib. Həmin ərazidə kirayədə yaşayan 43 yaşlı Ə.Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib. Qeyd edək ki, Əkbər Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla) maddəsi ilə ittiham olunur.
Tarix: 29-06-2017, 20:57
Xəbəri paylaş





Xəbər lenti